- Dil, Manşet

“Gürcüstandan Azərbaycana dialektoloji lüğət” Türkiyədə işıq üzü görüb

Türkiyədə Azərbaycan dialektologiyası ilə bağlı kitab nəşr edilib. Bu günlərdə çapdan çıxan “Gürcüstandan Azərbaycana dialektoloji lüğət” adlı kitabda Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir rayonlarının, Gəncə şəhərinin və Gürcüstanın cənub-şərqindəki Borçalı bölgəsinin dialekt sözləri ilk dəfə sistemli şəkildə tədqiqata cəlb edilib.

Kitabın əvvəlində Borçalı, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir və Gəncə rayonları haqqında ensiklopedik məlumatlar verilir. Lüğətdə adıçəkilən bölgələrə aid təxminən 6000 (altı min) dialekt sözünün izahı verilib. Onların bir hissəsi əvvəllər nəşr edilmiş ümumi dialektoloji lüğətlərdən seçilib. Lüğət tərtib edilərkən əvvəlki ümumi dialektoloji lüğətlərdə adıçəkilən bölgələrə aid verilən sözlərin mühüm hissəsinin indiyədək diqqətdən yayınan və lüğətlərdə əksini tapmayan mənaları açıqlanıb, eyni zamanda, ayrı-ayrı sözlərin yayılma coğrafiyası ilə bağlı düzəliş və əlavələr edilib. Lüğət müəlliflərinin bölgələrdə apardığı tədqiqatlar nəticəsində toplanmış 1000-dən çox söz ilk dəfə tərtib edilərək sözlüyə daxil edilib.

Dialekt sözləri Azərbaycan əlifbası ilə yazılıb, Türkiyə türkcəsində ətraflı izah edilib və leksik mənasının tam anlaşılması üçün nümunə cümlələr verilib.

Bundan başqa, kitabın sonuna hər bölgəyə xas folklor nümunələri əlavə edilib və bu mətnlər həmin dialektlərin tələffüz şəklinə uyğun olaraq verilib.

440 səhifəlik lüğət Azərbaycan dili tarixinin, tarixi leksikamızın, xalqımızın etnoqrafiyasının öyrənilməsində mühüm mənbə olmaq iddiasındadır. Lüğət Türkiyə türkcəsində nəşr edildiyindən, o, digər türkdilli xalqların tədqiqatçılarının dil tarixi, etimoloji və dialektoloji araşdırmalarında faydalı bir qaynaq ola bilər.

Kitabın müəllifləri Qars Qafqaz Universitetinin dosenti Afina Məmmədli-Barmanbay və Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı, redaktorları Əməkdar elm xadimi, professor Qəzənfər Kazımov və Ərdahan Universitetinin professoru Şurəddin Məmmədlidir. Lüğətə AMEA Nəsimi adına Dilçilik İnstitutunun dosenti Kifayət İmamquliyeva, Bakı Avrasiya Universiteti Kitabxana-İnformasiya Mərkəzinin direktoru Sima Cəfərova, Manisa Cəlal Bayar Universitetinin dosenti Ayvaz Morkoç və Qars Qafqaz Universitetinin dosenti İlkin Qulusoy rəy verib.

“Gürcüstandan Azərbaycana dialektoloji lüğət”in nəşri Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən maliyyələşdirilib və İstanbulun nüfuzlu “DBY Yayınları” nəşriyyatında həyata keçirilib.