kamilinfo.net-in bugünkü qonağı Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Bioloji, humanitar və ictimai elmlər şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Dürdanə RƏHİMZADƏdir.
– Dürdanə xanım, son illər reklam vasitələrində, televiziya və mətbuatda ədəbi dilimizin normalarının pozulması adi hal alıb. Sizcə, problemin qaynağı nədədir? Savadsızlıqda, ya…?
– İlk növbədə bir vətəndaş və bir dilçi kimi bizi narahat edən məsələləri müzakirə etmək imkanı yaratdığınız üçün təşəkkür edirəm.
Reklam vasitələri məsələsi geniş müzakirələrə səbəb olan bir məsələdir, lakin uzun illərdir ki, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Məsələ müzakirə olunur, tənqid olunur, deyilir, təkrar-təkrar deyilir, vəziyyət isə düzəlməkdənsə, daha da pisləşir. Biz bunula bağlı müxtəlif fərmanlar, sərəncamlar verilməsini gördük, qurumlar yaradılmasını gördük, amma nəticə yoxdur ki, yoxdur. Sözsüz ki, bu, səbəbsiz deyil. Səbəb yəqin ki, daha çox obyektiv faktorlarla bağlı olduğu qədər də ayrı-ayrı subyektlərə dayanır. Yəni reklam lövhələrinin sahiblərinin “gücü” , nəzarət qurumunun onu üstələyə bilib-bilməməsi, o lövhəni dəyişdirmək üçün məkan sahibinə müraciətin nə ilə nəticələnməsi (məkanların əksəriyyətinin arxasının yuxarılara bağlı olmasını nəzərə alsaq…) və s… Bu səbəbdən məsələyə toxunsaq da, konstruktiv bir təklif verə bilməyəcəyimizə görə, icazənizlə, buna geniş şəkildə toxunmamaq istərdim.
Televiziya və mətbuat məsələsinə gəlincə, burada da vəziyyət ürəkaçan deyil. Gəlin əvvəlcə vəziyyətin yaranma səbəblərinə baxaq. Hazırda dil istifadəçilərimizi cavan və yaşlı olmaqla iki yaş qrupuna bölə bilərik. Cavan nəsil orta məktəbdə daha çox abituriyent olmaq istiqamətində çalışır, yəni ancaq və ancaq testlər və onların ən asan yolla həlli əsas məqsədə çevrilir. Nəticədə universitetlərdən məzun olduqda dildən istifadənin qaydalarını ancaq testlərin həlli məqsədilə öyrəndikləri üçün qısa zamanda da unudurlar. Digər tərəfdən cavan nəsil sosial şəbəkədən aktiv istifadə edir. Sosial şəbəkə yazışmalarının dili insanı dəhşətə gətirir, sanki norma məfhumu heç icad edilməyib. Yaşlı nəsil isə leksik normaya daha çox riayət etsə də, qrammatik, orfoqrafik qaydaların müəyyən hissəsini unutmuş ola bilər (orfoqrafiya qaydalarında edilən dəyişikliklərdən əksəriyyətin xəbərsiz olması da öz təsirini göstərir). Burada, əlbəttə, dil təbliğatının zəif olması əsas faktordur. Biz, adətən, tənqid etməyə çox meyilli oluruq, amma nə etmək lazım olduğunu diqqətdən kənarda tuturuq. Bəli, normalar pozulur, bəli, buna nəzarət zəifdir. Belə halda nə edilməlidir? Düşünürəm ki, ən çox yol verilən yanlışlıqlar və səhvlər təsbit edilməli, onlara aid qaydalar anlaşılan, əlçatan bir şəkildə hazırlanmalı və bütün müəssisələrdə (başda mətbuat orqanları və televiziyalar olmaqla) mütəmadiən mühazirələr, seminarlar təşkil olunmalıdır. Əslində məni yutub kanalı açmağa sövq edən də məhz bu məqsəd oldu.
– Sizcə, Azərbaycanda dövlət dilinin təbliğatı yetərincə aparılırmı? Ölkəyə oxumaq və ya işləmək üçün gələn əcnəbilərə dilimizin öyrədilməsinin meyarları necədir və onlara əməl olunurmu?
– Bu, dlimizin ən ağrılı məsələlərindən biridir. Elə yuxarıda normaların pozulması haqqında söhbətin məntiqi davamı olaraq qeyd edim ki, əslində, dilin təbliğatı iki istiqaməti nəzərdə tutur: 1) Dil istifadəçiləri arasında ana dilinin təbliği; 2) Dilimizin əcnəbilər arasında, yəni dünya miqyasında təbliği. Birinci istiqamət bir az əvvəl haqqında danışdığımız istiqamətdir. Əcnəbilərin dilimizi mənimsəməsi ilə bağlı ilk növbədə onu qeyd etmək istərdim ki, bu məsələyə yalnız dilin tədrisi kimi deyil, ölkənin, millətin, xalqın, dövlətin təbliği kimi yanaşılmalıdır. Əcnəbilərə dilin öyrədilməsinin tərkibində ölkə və xalqla bağlı, onun tarixi ilə bağlı geniş məlumat ötürülür. Yeri gəlmişkən, əksər dövlətlər bundan güclü təbliğat vasitəsi kimi çox geniş istifadə edirlər. Gəlin müqayisə eləmək imkanımız olsun deyə, əvvəlcə “necə olmalıdır?” o haqda danışaq, sonra isə bizdəki vəziyyəti təsvir edək. Elə ondan başlayaq ki, ingilisdilli ölkələrdə oraya işləmək və ya oxumaq məqsədi ilə gedənlərin ingilis dilini nə dərəcədə bilmələri imtahanla yoxlanılır, dili mənimsəmə səviyyəsi müəyyənləşdirilir və yalnız ondan sonra səviyyəyə uyğun olaraq oxumaq və ya işləmək icazəsi verirlər. Yəqin, artıq bildiniz ki, söhbət İELTS-dən (ingilis dili biliklərinin beynəlxalq qiymətləndirmə sistemi) gedir. Bu sistem daha çox Avropa məkanı üçün keçərlidir. Ümumiyyətlə, belə imtahan sistemləri müxtəlifdir və bunların hamısında bizi maraqlandıran vacib bir məqam var: Dilin təbliği! Gəlin bu məsələnin bizə daha yaxın olan ölkələrdə – Türkiyə və Rusiyada durumuna baxaq. Türkiyədə TÖMER (Türkçe Öyretim Merkezi), Rusiyada РКИ (Русский как Иностранный) məhz bu məsələ ilə məşğuldur. Bu proqramlarla və dərsliklərlə tanış olduqda görürük ki, burada təkcə dilin öyrədilməsi deyil, ölkənin, xalqın mədəniyyətinin, tarixinin, ədəbiyyatının və s. geniş bir şəkildə öyrədilməsi də ön plandadır. Nəzərə alsaq ki, saatların miqdarı da kifayət qədər çoxdur, nəticəmiz: Bir xalqı, bir dövləti bundan yaxşı daha necə təbliğ etmək olar ki?!
Türkiyədə dövlət dilinin təbliği, tədrisi, tədqiqi və s. məsələlərlə bir neçə qurum məşğuldur. Yuxarıda adı çəkilən TÖMER-dən başqa Türkiyədə TİKA (Türk İşbirliği ve Koordinasyon Ajansı), Yunus Emre İnstitutu dünya üzrə türk dili kursları açaraq dilin tədrisi yolu ilə təbliğini həyata keçirilər. Məncə bu, özünütəbliğin ən mükəmməl vasitəsidir və bundan örnək götürülməlidir.
– Bu istiqamətdə tədrisin təşkili və proqramların tərtibindəki nöqsanlar haqda nə deyə bilərsiniz?
– Soruşursunuzsa ki, bu məsələ ilə bağlı bizdə vəziyyət necədir? Cavabım – bərbad! Bizdə əcnəbilərin dilimizi mənimsəməsi və ona uyğun olaraq təhsil və ya iş hüququ qazanması söhbəti ümumiyyətlə, yoxdur. Mövcud vəziyyət isə dilin əcnəbilərə tədrisinin primitiv bir səviyyədə olmasını göstərir. Hal-hazırda ölkəmizə gələn əcnəbi tələbələr həm ingilis, həm də Azərbaycan bölməsində təhsil almaq imkanına malikdirlər. Azərbaycan bölməsinin milli tərkibinə baxsaq, iranlırar (azərbaycanlı və fars), türkiyəli tələbələr və az bir hissə ərəblərdən (Kərkük türkmanları) ibarətdir. Tərkibin üzərində ona görə dayanıram ki, həm türkiyəli, həm də iranlı tələbələr dilimizi anlayırlar və özlərinə uyğun bir şəkildə də (türkcə və ya farsca ilə qarışıq) danışırlar. Proqramların vəziyyətinə gəlincə, hər universitet öz bildiyi kimi proqram tərtib edir. Saat miqdarından başqa ümumi bir meyar olmadığına görə böyük bir hərc-mərclik və pərakəndəlik var. Digər tərəfdən isə hazırlıqdakı saatlar dərs yükünə daxil olmadığına görə müəllimləri saathesabı ödənişlə dəvət edirlər. Müəllimlərin seçilmə meyarı da, əksərən “o ödənişə kim razılaşsa” meyarıdır. Belə olan halda təbliğat məsələləri bir tərəfə qalsın, keyfiyyətli təhsildən danışmağına belə dəymir. Yəqin, sual yaranır ki, bəs bu şəkildə dil öyrədilirsə, daha dəqiq desək, öyrədilmirsə, bunlar yuxarı kurslarda necə oxuyurlar? Elə gəldikləri şəkildə də davam edirlər. Yəni, türklər türkcə, İran azərbaycanlıları da öz azərbaycancaları ilə axıra qədər “yola verirlər”, sözün əsl mənasında.
Gələk ingilis bölməsinə. Bu tələbələrin milli tərkibi, əsasən, ərəblər və farslardır. Bunların da ingilis dilini bilmə səviyyəsi yüksək olmadığı üçün ingilis dilindən hazırlıq kursu keçirlər. Hazırlıq dönəmində onlara Azərbaycan dilindən bir saat olsun belə dərs keçilmir. Təsəvvür edin, bu adam yolda, mağazada və s. danışa bilmək üçün ünsiyyət dilini küçədə öyrənməli olur. Hazırlığı bitirdikdən sonra keçir birinci kursa, bir semestr 60 saatlıq Azərbaycan dili dərsi alır. Məlumdur ki, bu saat miqdarı ilə təbliğat bir tərəfə qalsın, elementar ifadələr öyrədilsə, böyük işdir.
– Uzun illər bu sahədə çalışmısınız. Vəziyyətin düzəldilməsi üçün təklifləriniz olmayıbmı?
– Mən bununla bağlı böyük bir layihə hazırladım, müəlliflik hüququ da aldım. Mahiyyət etibarilə layihə bir az əvvəl haqqında söhbət etdiyimiz dil öyrətmənin beynəlxalq stnadarlarının Azərbaycan dilinin xarici dil olaraq tədrisinə tətbiqini ehtiva edir. Yəni, dövlət dilimizə qayğının bu qədər önəmli olduğu bir dövrdə, bu layihə dilimizin, millətçiliyimizin, tariximizin, mədəniyyətimizin təbliği üçün çox lazımlıdır. Bugünkü siyasi vəziyyəti nəzərə alsaq, məsələ daha da aktuallaşır. Təəssüf ki, reallaşması məsələsini pandemiya şəraiti bir qədər ləngidir. Amma mən əminəm ki, bu məsələ tezliklə öz həllini tapacaq.
-Dilimizin bügünkü durumu son zamanlar çox müzakirə olunur. Sizcə, dilimizin tədqiqi məsələsində biz örnək ola bilərikmi, yoxsa bizə örnək olunmalıdır?
– Haqlısınız, təbliğ, tədris məsələləri ilə yanaşı, dil üçün ən önəmli olan tədqiq haqqında da danışmaq yerinə düşərdi. Mən burada da müqayisə aparmaq istərdim və yenə də qardaş Türkiyə ilə. Türk dilinin tədqiqi ilə də bir çox qurumlar məşğuldur, lakin mən birinin üzərində dayanmaq istərdim, çünki onun yaradılma tarixi məni çox təsirləndirdi. Söhbət Türk Dil Qurumundan gedir (TDK). Bu qurum vaxtilə dahi şəxsiyyət Atatürk tərəfindən yaradılıb, amma necə yaradılıb?! Atatürk həm bu qurumu, həm də Türk Tarix Qurumunu yaradır və (bu hissəni xüssusi olaraq vurğulamaq istəyirəm) sahibi olduğu “İş Bankası”-nın gəlirlərindən hər birinə 25 faiz olmaqla bu qurumlara vəsiyyət edir. Mahiyyət etibarilə isə xalqının tarixini və dilini yaşatmaq üçün inanılmaz bir addım atır (bu yerdə bizimkilərlə müqayisə yerinə düşərdi…). Bunu etmək üçün xalqını, millətini, dilini, tarixini nə qədər sevməlisən?! Hazırda qurum türk dilinin tədqiqi istiqamətində intensiv fəaliyyətdədir. İndi isə qayıdaq bizə. Əslində bu, üzərində uzun-uzun dayanıb, saatlarla müzakirə olunası məsələdir. Mən ancaq bir məqama toxunsam, bu sahədəki durum bəlli olacaq. Azərbaycan dilinin izahlı lüğətinin son nəşri 2011-ci ildə öncəki nəşrlərin təkmilləşdirilmiş variantıdır. Bu tarixin üstündən artıq 10 il keçir. Həmin müddətdə dilimizə nə qədər söz daxil olub, nə qədəri köhnəlib. Məlumdur ki, izahlı lüğətlər hazırlanarkən bədii əsərlərdən misallar toplanır. O dövr üçün bu çox normaldır. Amma bu gün yeni yaranan və artıq neologizm kimi deyil, işlək söz kimi fəaliyyətdə olan dil vahidlərinin əksəriyyətini biz sosial şəbəkələrdə görürük, bədii əsərlərdə o sözlərə rast gəlmirik. Bu da o deməkdir ki, artıq bədii əsərlərlə yanaşı, sosial şəbəkə dili tədqiq edilməli, orada işlənən yeni sözlər ya olduğu kimi, ya da qarşılıqları verilərək lüğətlərdə qeyd olunmalı, bunların izahı verilməlidir. Müxtəsəri, bu sahədə də açıq olan məsələlər çoxdur.
– “Dilimizi öyrənərək bilək, bilərək sevək. Gəlin dilimizə, sadəcə, ünsiyyət vasitəsi kimi deyil, qiymətli eksponatlardan ibarət bir tarix muzeyi kimi baxaq”. Sizin sözlərinizdir. Bunun üçün ən çox nələrə diqqət etmək lazımdır?
– Mən hər zaman tələbələrimə də söyləyirəm: dilimizi qorumaq bizim, yəni o dildə danışanların işidir. Dilimizin istifadəçisindən onun təəssübkeşinə çevrilməliyik. Bu, pafos üçün deyilən gəlişi gözəl sözlər deyil. Dilimizdə qarşılığı olduğu halda digər dillərə aid sözləri işlətməməyə biz özümüz diqqət yetirməliyik. Buna nəzarət sistemi yoxdur, bu, yalnız və yalnız dilə sevgi, onu qoruma istəyindən irəli gələ bilər. Hər hansı bir yazıda, nitqdə yanlış görən, eşidən kimi onu düzəltməkdən çəkinməməliyik. Əlbəttə, bunu etmək üçün düzgün yazılışı və nitqi əvvəlcə özün bilməlisən. Bəzən mənə elə gəlir ki, dilimiz əldən gedir. Bu məqamda atamın sözü yadıma düşür ki, dil canlı bir varlıqdır, nə qədər korlasalar da o, özü özünü təmizləyə bilir (dilçilikdə bu fikir alınmalar haqqında fərqli tendensiyalardan biridir). Bununla belə, alınmaların dilimizə qaydasız bir şəkildə, güclü hücumla daxil olması və tənzimlənməməsi çox narahat edir.
– Rus və ya xarici dilə önəm verənlərin arqumentlərindən biri ana dilində hər sahəyə aid elmi ədəbiyyatın olmamasıdır. Elmi ədəbiyyatın tərcümə işi nə yerdədir?
– Əlbəttə, mən bu sualı “bizim başqa dildə internet resurslarından, elmi ədəbiyyatdan istifadə etməyimizə heç bir ehtiyacımız yoxdur” kimi cavablandırmağı çox istərdim. Təəssüf ki, bu cavabı verə bilməyəcəyəm. Doğrudan da, elmi ədəbiyyat məsələsində də vəziyyət ürəkaçan deyil. Xüsusən dərsliklər haqqında bunu deyə bilərik. Bəzən dərsliklərin dilində tərcümə olunduğu o qədər primitiv bir şəkildə hiss olunur ki, tələbənin onun oradakı izahları anlaması belə mümkün olmur. Bu, tibbi ədəbiyyatda xüsusən hiss olunur. Tələbələr belə fənlərə hazırlaşmaq üçün rus dilini bilənlər rus, bilməyənlər türk dilində olan ədəbiyyata müraciət edirlər. Azərbaycan dilində yeni, keyfiyyətli dərsliklər də var əlbəttə, amma azdır. Yəqin ki, “Bunun üçün nə etmək lazımdır?” sualı keçir beyninizdən. Əslində, məsələnin həlli çox sadədir. Universitet ən yaxşı mütəxəssislərinə keyfiyyətli dərslik hazırlamağı tapşırır, sonra ya dərsliyin nəşrini öz üzərinə götürür (əlbəttə, müəllifin zehni əməyinin qarşılığı ödənməklə), ya da müəllif özü çap edir, universitet isə ondan satın alır. Və hər iki halda dərsliklər kitabxanalara yerləşdirilərək tələbələrin istifadəsinə verilməlidir. Təəssüf olsun ki, biz bu gün fərqli mənzərə ilə üz-üzəyik. Bir çox universitetlərin rektorları dərslik məsələsini kökündən həll etməyin yolu ola-ola bunu etmirlər, müəllimlərə müraciət edirlər ki, dərslik yazın, jest edin, kitabların pdf variantını verin tələbələr istifadə etsinlər. Bu, sözün əsl mənasında müəllifin haqqının yeyilməsidir. Belə yanaşma ilə keyfiyyətli dərslik məsələsi həll olunmayacaq. Çox sevinirəm ki, hazırda çalışdığım universitetdə bu məsələlər mükəmməl bir səviyyədədir. Bizim universitetdə tələbələrin dərslik edhtiyacları yalnız və yalnız kitabxanamızın hesabına ödənilir.
– Bilirik ki, bir neçə beynəlxalq konfranslarda məruzə ilə çıxışlar etmişsiniz. Bu sahədə digər, xüsusən türkdilli ölkələrdə vəziyyət necədir?
– İkl növbədə qeyd etməliyəm ki, elmi konfranslar elm camiəsi üçün inanılmaz dərəcədə xeyirli və lazımlı bir mühitdir. Təsəvvür edin, səninlə eyni işi görən insanlar, hərənin bir araşdırma üsulu, yanaşması, bunların müzakirəsi, sənin özünü ifadə etmə imkanların, anlaşıqlı bir dinləmə və s. Bu mühit xüsusi bir mühitdir. Təəssüf ki, pandemiya şəraiti bu imkanlarımızı daraldıb, onlayn konfranslar, əlbəttə ki, o effekti vermir. O ki qaldı türkdilli ölkələrdə dilə münasibət məsələsi, mən ancaq lüğətçiliyə toxunsam, kifayət edir. Mənim elmi işim sırf lüğətlərlə bağlı olduğuna görə deyə bilərəm ki, türkmən, türk, qazax dillərində bu sahədə böyük işlər görülüb. Ümid edirəm ki, bizdə də nə vaxtsa vəziyyət düzələcək. Amma o vaxt nə vaxtdır?…
Gülyaz ƏLİYEVA