- Mədəniyyət

Azərbaycanlı deputatın erməni işğalçılarının torpaqlarımızda törətdiyi ekoloji terrorla bağlı çıxışının mətni AŞPA-da yayılıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız yarım-sessiyasının üçüncü günü “Ətraf mühit və insan haqları: təhlükəsiz, sağlam və davamlı inkişaf” adlı məruzənin yüksək səviyyəli panel iclası ilə davam edib.

İclasda AŞPA-nın prezidenti Roma Papasının məktubunu oxuduqdan sonra BMT-nin Baş katibi Antonio Quterreş, Macarıstan Prezidenti Yanoş Ader, Avropa Şurasının Baş katibi Mariya Pesçinoviç, İtaliya parlamentinin sədri Roberto Fiko, Portuqaliyanın ətraf mühit və iqlim məsələləri üzrə naziri Joao Pedro Matos Fernandes, Avropa İnsan Haqları məhkəməsinin hakimi Tim Eike çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, panel iclasından sonra ətraf mühitlə bağlı məsələlər üzrə çıxışlar davam edib. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun erməni işğalçılarının torpaqlarımızda törətdiyi ekoloji terrorla bağlı çıxışı dərc edilərək parlamentarilərə paylanıb.

Qarabağda erməni işğalından sonra yaranmış ağır ekoloji vəziyyətdən bəhs edən mətndə bildirilir ki, sağlam ətraf mühitdə yaşamaq hər insanın həm arzusu, həm haqqıdır. Bu mövzu həmişə aktual olub, amma ətraf mühitin yüz cür mənfi təsirlərə məruz qaldığı müasir dövrdə bəlkə də hər zaman olduğundan daha artıq diqqət tələb edir.

Nümayəndə heyətinin üzvü erməni işğalından azad edilmiş Azərbaycanın Mədəniyyət Mərkəzi Şuşaya səfərindən söz açaraq, yolboyu gördüyü dəhşətli mənzərələrdən, erməni işğalçılarının xarabalığa çevirdiyi kənd və şəhərlərdən danışıb. Bildirib ki, həmin ərazidən keçən çaylara işğal dövründə illərcə müxtəlif zəhərli tullantılar axıdılıb, torpağa həyat üçün təhlükəli kimyəvi və nüvə tullantılar basdırılıb. Hərbi təcavüz bitib, tədricən quruculuq başlanır. Amma ekoloji işğalın fəsadları hələ çox davam edəcək. Meşəsiz, ağacsız, susuz qalmış bu ərazilərdə ekoloji tarazlıq pozulub, bitki örtüyü, quşlar və vəhşi heyvanlar yoxa çıxıb. Ermənilər işğal altındakı torpaqlarımızı talan etməklə, yandıraraq yararsız hala salmaqla bərabər bu ərazilərdəki flora və faunanı tamamilə məhv ediblər.

Qeyd olunub ki, dağıntıları aradan qaldırmaq mümkün ola bilər, ancaq ekologiyaya vurulmuş son dərəcə ağır zərbələrin nəticələrinin bərpası uzun müddət tələb edir. İşğalın yaratdığı ekoloji fəsadlar uzun müddət davam edəcək.

“Müxtəlif insanları birləşdirən hədəflər, məqsədlər içərisində ən ümdəsi ətraf mühitin sağlamlığı məsələsidir. Çünki bu, bizim hər birimizin bu günü, sabahı, gələcəyi deməkdir. Gələcəyimiz naminə sağlam ətraf mühit mübarizəsində eyni istiqamətdə çalışaq. Sağlam ətraf mühit uğrunda mübarizə bu gün istisnasız olaraq bütün dünya insanlarını birləşdirə biləcək yeganə ortaq məqsəddir”, – deyə Rafael Hüseynov vurğulayıb.

Sonda azərbaycanlı deputat Avropa Şurasındakı islahatlar dalğası çərçivəsində ətraf mühit məsələləri həvalə edilmiş Komitənin ləğv edildiyini xatırladaraq, son illər sessiyada ətraf mühit məsələləri ilə bağlı getdikcə daha çox məsələlər qaldırıldığından əvvəlki Komitənin yenidən bərpa edilməsi təklifini irəli sürüb.