Noyabrın 6-da Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Orkestrə dirijor, Prezident mükafatçısı Mustafa Aşurov rəhbərlik edib. Konsert proqramında vətənpərvərlik ruhunu tərənnüm edən musiqi əsərləri təqdim olunub. İfa edilən nümunələrdə Vətənə məhəbbət, xalqımızın qəhrəmanlığı, milli qürur və tarixi Qələbəmizin sevinci öz əksini tapıb.
Tədbir həm də milli musiqi sənətimizin yaşadılması, zəngin ifaçılıq ənənələrinin gələcək nəsillərə ötürülməsi baxımından əlamətdar olub.
Qeyd edək ki, bu il Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 95 ili tamam olur. 1931-ci ildə yaradılan kollektiv Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayıb. Orkestr bu gün də milli musiqi irsimizin təbliği, xalq və bəstəkar əsərlərinin yeni ifa yozumlarında təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Yubiley münasibətilə il ərzində kollektivin fəaliyyətinə həsr olunan silsilə tədbirlərin və konsert proqramlarının təşkili nəzərdə tutulub.









