2020-ci il noyabrın 6-da, Vətən müharibəsinin 41-ci günündə Azərbaycan Ordusu Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatlarını davam etdirirdi. Ağdam və Ağdərədə Ermənistan ordusunun hərbi kolonu və artilleriya batareyası məhv edilmiş, Qubadlı istiqamətində isə qarşı tərəfin bölmələri mövqelərini tərk etmişdi. Şuşanın azad olunduğunun elan edilməsinə iki gün qalırdı.
Modern.az xatırladır ki, 6 noyabr 2020-ci il – Vətən müharibəsinin 41-ci günü idi.
Ağdam və Ağdərədə hərbi kolon və sursat anbarı məhv edildi
Azərbaycan Ordusu Ağdam və Ağdərə istiqamətlərində Ermənistan silahlı qüvvələrinin hərbi kolonunu, artilleriya batareyasını və silah-sursat anbarını məhv edib. Müdafiə Nazirliyinin həmin gün yaydığı məlumata görə, qarşı tərəf komandir heyəti də daxil olmaqla canlı qüvvə itkisi verib. Bir rabitə avtomobili, sursatla dolu iki “KamAZ”, qoşqusunda top olan üç “Ural” maşını və digər artilleriya vasitələri də məhv edilib.
Qubadlıda Ermənistan bölmələri mövqelərini tərk etdi
Döyüşlər əsasən Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində müxtəlif intensivliklə davam edib. Müdafiə Nazirliyi bildirib ki, Ermənistan ordusunun bölmələri cəbhənin bəzi sahələrində şəxsi heyət və texnika itirərək geri çəkilib. Qubadlı istiqamətində isə qarşı tərəfin bölmələri tutduqları mövqeləri tərk ediblər.
Göyarxda minaatan mövqeləri vuruldu
Azərbaycan Ordusu Göyarxda Ermənistan qüvvələrinin minaatan atış nöqtələrinə zərbələr endirib. Müdafiə Nazirliyi həmin əməliyyatın, eləcə də qarşı tərəfin döyüş mövqelərinə endirilən zərbələrin videogörüntülərini yayıb.
Azad edilmiş Füzuli kəndlərinin görüntüləri yayıldı
Cəbhədə döyüşlər davam edərkən Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş kəndlərindən videogörüntülər yayıb. Həmin gün Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri də işğaldan azad edilmiş ərazidə ilk yanğınsöndürmə əməliyyatını həyata keçirib.
Baş Prokurorluq mülki itkilərin sayını açıqladı
Baş Prokurorluğun noyabrın 6-da yaydığı məlumata görə, müharibənin başladığı sentyabrın 27-dən həmin günədək Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 92 mülki şəxs həlak olmuş, 404 nəfər xəsarət almışdı. Həmin tarixədək 3 064 ev, 100 yaşayış binası və 504 mülki obyekt yararsız vəziyyətə düşmüşdü.
İki gün sonra, noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad olunduğunu xalqa müraciətində elan etdi. Həmin tarix Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.









