- Mədəniyyət

Bakı memarlığının Niderland üslubuna həsr olunan tədbir keçirilib

Sentyabrın 29-da Azərbaycan Milli İncəsənət Muzeyində niderlandlı memarların Bakıdakı əsərlərinə həsr olunmuş tədbir keçirilib.

“Report” xəbər verir ki, Niderlandın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş tədbiri səfir Paulin Eyzema açıb. Daha sonra tanınmış yerli və avropalı memarlara söz verilib.

Natiqlərdən biri, Qərb Universitetinin professoru, memarlıq elmləri doktoru Elçin Əliyev iki ölkə sənətkarları arasındakı tarixi əlaqələrdən söhbət açaraq hazırda Baş Prokurorluğun yerləşdiyi binanın vaxtilə “Royal Dutch Shell” şirkətinə məxsus olduğunu, 1930-cu ilərədək binada Niderland konsulluğunun fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Tikintisi 1952-ci ildə başa çatdırılmış Hökumət Evinin isə müəlliflərindən Vladimir Munz Niderlandın baş konsulunun nəvəsi olub. Bakıda Füzuli küçəsi, 39 ünvanında yerləşən Musa Nağıyevin mülkü 2013-cü ilin aprel ayında Niderlandın “Bresser Eurasia” şirkəti tərəfindən 10,6 metr arxaya çəkilib. 18 tonluq bu tikili nə vaxtsa insan tərəfindən daşınmış ən ağır binadır.

Tədbirin keçirildiyi Milli İncəsənət Muzeyinin binası niderlandlı dənizçilər ailəsinin övladı Leo Martin de Burun mülkü olub, 1889-1891-ci illərdə Nikolay Avqust Ernst fon der Nonne və Anton Kandinovun layihəsi əsasında inşa olunub.

Daha sonra UNStudio memarlıq bürosunun nümayəndəsi Bakıdakı infrastruktur layihələr haqqında danışıb. Mürəkkəb texniki qurğular istehsal edən dünya şöhrətli “Dutc Wheels” şirkətinin nümayəndəsinə də söz verilib. Həmin şirkətin layihəsi əsasında Bakı bulvarının yeni hissəsində 2013-cü ilin sentyabr ayında başlayan və 2014-ci il 12 mart tarixində istifadəyə təhvil verilmiş tamaşa çarxı hərəsi 8 yerlik olmaqla 30 kabindən ibarətdir.

Tədbirin sonunda Azərbaycan və Avropa bəstəkarlarının klassik əsərləri ifa olunub. Konsertdə ölkə və beynəlxalq müsabiqələrin qalibi olmuş piano ustalarımız Gülşən Mehdiyeva və Oksana Gül ifaları ilə qonaqlara xoş dəqiqələr yaşadıblar.