- Cəmiyyət, Manşet

Fətəli Xan Xoyskinin məzarı ziyarət olunub

Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıcılarından biri, o cümlədən Azərbaycanın ilk baş naziri kimi tarixə düşən Fətəli Xan Xoyskinin xatirəsi anılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görkəmli dövlət və siyasi xadimin Nəbatat bağındakı görkəmli azərbaycanlıların panteonundakı məzarı qətlinin 102-ci ildönümü günündə ziyarət olunub.

Ziyarətdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları iştirak ediblər. F.Xoyski ilə yanaşı, AXC parlamentinin sədr müavini olmuş Həsən bəy Ağayev, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə və onun ailə üzvlərinin də məzarları önünə gül dəstələri düzülüb.

Xatırladaq ki, F.Xoyski 1918-1920-ci illərdə AXC-nin ədliyyə, daxili işlər naziri, Nazirlər Şurasının sədri və xarici işlər naziri olub. O, AXC-nin süqutu və sovet hakimiyyətinin qurulmasından sonra Tbilisiyə mühacirət edib. 1920-ci ilin iyunun 19-da Tbilisinin Qolovin prospektində (indiki Şota Rustaveli prospekti) “Daşnaksütyun” partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan tərəfindən arxadan güllə ilə vurularaq qətlə yetirilib.

H.Ağayev isə bir ay sonra – həmin ilin iyulun 19-da Tbilisidə muzdlu erməni terrorçu tərəfindən qətlə yetirilib.