- Mədəniyyət

Qubada tatarların milli bayramı qeyd olunub

Quba rayonunda tatarların “Sabantuy” bayramı qeyd olunub.

“Report”un Şimal burosu xəbər verir ki, tədbir Ümumdünya Tatarlar Konqresi, Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və Bakıdakı Rus Evinin dəstəyi, “Yaşlek” Azərbaycan Tatar Gəncləri Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Tədbirdə iştirak edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Bakıda Rus Evinin rəhbəri İrek Zunnurov və Azərbaycandakı Tatar Gəncləri Mərkəzinin rəhbəri Diyaz Əhmədcanov bayramın tarixindən danışıb və tədbirə qatılan soydaşlarını, habelə bütün iştirakçıları təbrik ediblər.

Rayonun Qəçrəş kəndində təşkil olunan bayram tədbirində tatarların milli musiqi və rəqsləri, Azərbaycan və tatar milli mətbəxinin dadlı təamları, əyləncəli müsabiqələr təqdim edilib.

Bununla yanaşı, tatar estradasının tanınmış nümayəndələri populyar tatar mahnıları, özfəaliyyət kollektivləri isə milli folklor nümunələri ilə çıxış ediblər. Pəhləvanlar tatarların milli güləş növü olan kureşdə gücünü sınayıblar.

Qeyd edək ki, “Sabantuy” bayramı 15 ildir Azərbaycanda təntənəli şəkildə keçirilir.

Bayram pandemiya səbəbindən son 3 ildə keçirilməsə də, bu il bölgələr üzrə ilk dəfə 1 200-dən artıq tatarın iştirakı ilə Qubada təşkil olunub.