- Mədəniyyət

“Bəxtiyar” musiqili komediyası növbəti dəfə səhnədə

Ötən ay Azərbaycan Dövlət Akademik Musiqili Teatrında premyerası uğurla təqdim olunan “Bəxtiyar” musiqili komediyası növbəti dəfə iyunun 26-da nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulan bu tamaşa teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib.

Tofiq Quliyevin 105 illik yubileyinə həsr olunan səhnə əsəri füsunkar və əvəzolunmaz səsi ilə milyonların yaddaşında silinməz izlər qoyan SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.