- Dil, Manşet

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin rüblük hesabatı

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi rüblük (oktyabr, noyabr, dekabr) hesabatını açıqlayıb. Hesabatda deyilir:

“Mərkəz, əsasən, Bakının əcnəbi dillərin “işğalından” azad edilməsi, reklam vasitələrində ədəbi dil normalarının kobud şəkildə pozulması, dilimizin fonetik, leksik və qrammatik normalarına lazımınca əməl edilməməsi hallarını aşkar etmək üzrə monitorinqlərini oktyabr – dekabr aylarında da davam etdirib. Bununla yanaşı, oktyabr-dekabr ayları ərzində FADMM-in iyun ayında başladığı layihəni – xaricdə yaşayan azərbaycanlıların ədəbi dil problemləri, ana dilinin xaricdə tədrisi və təbliği, bu sahədəki nöqsan və çatışmazlıqları işıqlandırmağı davam etdirib. Rüb ərzində FADMM əməkdaşları xaricdə yaşayan azərbaycanlıların assimilasiya riskinin get-gedə daha sürətlə artması təhlükəsindən doğan narahatlılarını araşdırıb, ictimaiyyətə çatdırıb, xaricdə yaşayan soydaşlarımızın ana dilini öyrənmək üçün açdıqları həftəsonu kurslarının vəziyyəti ilə maraqlanıb, həm diaspora nümayəndələri, həm də kurs rəhbərlərindən müsahibələr alıblar.

Mərkəzin əməkdaşı Gülyaz Əliyeva Şərifə Cəfəridən (İran) “Belə şərt qoydular: mətnin 60 faizi farsca olsa, qalanı azərbaycanca ola bilər”, Yaroslav Pilipçukdən (Ukrayna) “Ukraynada yüzlərlə türk toponimi var”,

Pərvanə Qədirsoy Aygün Həsənoğludan (Türkiyə) “Azərbaycanda haqları ən çox tapdanmış yazıçıyam”, Sima Cəfərova Ağa Ağayevdən (Almaniya) – “Ana” sözünü kicik hərflə yaza bilmirəm” başlıqlı müsahibələr alıblar.

Bundan əlavə, Mərkəzin sədri Vasif Sadıqlı “Postsovet məkanının toponimik landşaftı barədə bir neçə kəlmə”, “Kim BİLİR. Sual işarəsinin mənşəyi barədə”, Gülyaz Əliyeva “Əlacsızlıqmı, ya biganəlikmi?”, “Vallah, billah, bura Bakıdır..”, Dürdanə Rəhimzadə “Yeni sözlərin böyük bir hissəsini nəinki izahlı lüğətdə, heç orfoqrafiya lüğətində də görmürük”, Fizzə Heydərova “Əgər soyadınız Dəmirçi və ya Dəmirçizadədirsə…” “Düşünmək özü ilə danışmaq deməkdir” adlı məqalələr yazıb təqdim ediblər.

Məqalələr və müsahibələr elektron mətbuatda dərc edilib və və sosial şəbəkələrdə yayılıb.