- Dil, Köşə

Fizzə HEYDƏROVA. Emosiyaları ana dilindən ayırmaq olmur və ya bir eksperiment haqqında

İnsan idrakının iki mərhələsi var: duyğu qavrayışı və rasional qavrayış. İnsan təfəkkürü nitqdə dilin köməyi ilə reallaşaraq insanların fəaliyyəti kimi təfəkkürün nəticələrini bilavasitə əks etdirə bilir. Nitq prosesi, bir tərəfdən, dil vasitələri ilə fikirlərin formalaşmasını, digər tərəfdən isə dil strukturlarının qavranılmasını və onların dərk edilməsini əhatə edir. Beləliklə, biz təfəkkür və nitq arasında sıx əlaqə görürük.

Çikaqo Universitetinin alimləri uzun tədqiqatlardan sonra belə bir nəticəyə gəlib: əgər insan xarici dildə düşünürsə, qəbul etdiyi qərarlar daha rasional olur. “Xarici dilin effekti: xarici dildə düşünmək qərar qəbulunda qeyri-obyektivliyin payını azaldır” adlı araşdırma “Psixologiya elmi” (Psychological Science) adlı jurnalda dərc edilib. Tədqiqat müəlliflərinin fikrincə, xarici dildə düşünənlərin “qərar qəbulunda obyektivli” ana dilində düşünənlərin emosiyaları ana dilindən ayıra bilməməsindən irəli gəlir. Yəni ana dilində düşünənlər bu dilə hopmuş mentalitet kimi möhkəmlənmiş mənəviyyatdan asılıdır, bu isə məntiqi təfəkkürü çaşdırır. Əksinə, emosiyaların xarici dillə zəif əlaqəsi olduğu üçün bu daha rasional düşünməyə imkan verir.

Məsələ əxlaqi seçimə gəldikdə də, insanlar öz ana dilindən çox xarici dildə daha rasional qərarlar qəbul edirlər. Belə bir vəziyyəti təsəvvür edin. Binada qəza olub, kanal sistemindən içəri zəhərli qaz dolur, yanınızda isə idarəetmə pultu var. Pultdan istifadə edib qazı bir nəfərin və ya beş nəfərin olduğu otağa yönəldə bilərsiniz. Bu insanların hamısı sizə tamamilə yad adamlardır. Hansı variantı seçəcəksiniz?

İnsanların 90 faizi beş nəfəri xilas etmək üçün birini öldürmək kimi utilitar seçim edirlər.

İndi başqa bir vəziyyəti təsəvvür edək. İçində beş nəfər olar vaqon sürətlə gəlir. Əgər vaqon dayandırılmasa, divara çırpılacaq və içindəki beş nəfərin hamısı öləcək. Bunun qarşısını almağın yeganə yolu bir nəfəri relslərin üzərinə itələməkdir. Necə edərdiniz?

Belə bir vəziyyətdə, demək olar ki, heç kim ikinci variantı seçmir, yəni kimisə relslərin üzərinə itələmir. Çünki dil vasitəsilə ötürülən əxlaq bunu qadağan edir.

Ancaq hər hansı bir insana kimisə relslərin üzərinə itələmək barədə xarici dildə təklif verilirsə, o zaman o, utilitar qərar verməyə başlayır və bir nəfəri itələyib beş nəfəri xilas etməyi seçir.

Yazı internet materialı əsasında hazırlanıb