- Köşə, Manşet

Gülyaz ƏLİYEVA. Deyimmi, deməyimmi?!

Həəə, demək belə-belə işlər, a dilim. Dilim-dilim olasan, səni, – demirəm. Amma…sən demə, elə mövzular var ki, ondan danışmaq istəyirsən, dilin yanır, danışmaq istəmirsən için yanır… Deyir, bir molla məsciddə xütbə oxuyarkən deyib ki, insanın ən təhlükəli orqanı dildir. Ona görə də Allah-tala onu yaradarkən asudə buraxmayıb, açıq-aşkarda buraxmayıb, gizlində saxlayıb. Onu əvvəlcə yekə bir başın içinə salıb, ağzın qıfıllayıb. Sonra onu çənə ilə damağın arasında möhkəm-möhkəm bərkidib. Bununla da kifayətlənməyib üstündən və altdan dişlər kimi möhkəm sümüklərdən çəpər çəkib. Sonra dodaqlarla üstdən bir dənə də qıfıl vurub, müdafiəsini gücləndirib. Gücləndirib ki, bu dil deyilən ət parçası o boyda içində beyin olan başa bəla gətirməyə, amma çifayda. Bu dil bu qədər qala müdafiəsini yararaq yenə də bildiyin edir. Allah-tala bir çox orqanı qoşa yaratsa da, dili bir dənə yaradıb. Yaradan gözü iki edib, qulağı iki edib, burun özü bir olsa da, dəliklərin iki edib, insana iki ayaq, iki əl verib. Amma dili bir dənə yaradıb. Hələ bu azmış kimi də üstəlik  onu baş adlı qalanın içində diş və dodaqlar əhatəsində qıfıllı saxlayıb ki, hər fürsətdə özün ortalığa atmasın, çox oxusun, çox eşitsin, çox iş görsün, çox gəzsin, amma çox danışmasın…

Deyirəm, olmur, demirəm, yenə olmur. Elə bildim, ermənini əzəcəyik, torpaqları geri alacağıq, daha bütün dərd-sərimiz bitəcək. Ağrılı yaralarımızı sağaltmaq, dağılanları bərpa etmək olacaq tək dərdimiz. Amma qoca Palıd demiş, sapı özümüzdən olanlardan xəbərsizmişik, sən demə. O gün bir video gördüm. “Mir Şahinin vaxtı” verilişində məlumat verilirdi ki, DTX Bakıda erməni təxribatını ifşa edib. Düşmənə “işləyən” 15 yaşlı qız tutulub.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ermənistan Xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı xüsusi əməliyyatı ifşa ediblər.

Qeyd edilirdi ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlıqla ifşa etdiyi erməni xüsusi xidmətlərinin əməliyyatının mərkəzində azyaşlı, şərti adı Fidan kimi göstərilən azərbaycanlı qız durub. Belə ki, Fidan öz vaxtını internet resurslarında keçirərkən təhlükəli tora düşüb. Ermənistanın revanşist qüvvələri, anti-Azərbaycan, anti-türk qrupunun üzvləri ona fokuslanırlar və Fidan Ermənistan xüsusi xidmət orqanlarının tərtib etdiyi ssenariyə uyğun olaraq revanşist qüvvələrin, erməni faşistlərinin əlində oyuncağa, hətta Njde Qareginin təbliğatçısına çevrilib.

Yeniyetmə qızın aldığı ilk tapşırıq Qaregin Njdenin şəklini əlində tutaraq öz təsvirini çəkmək, özü də bunu Bakıda, insanların daha çox olduğu ünvanlarda etmək olub. Onlar bununla da kifayətlənməyiblər. Fidandan hər dəfə daha artıq təxribat xarakterli hərəkətlər etməsini istəyiblər. Bakıda mühüm, insanların çox toplaşdığı yerləri Fidanın köməkliyi ilə qeyd edirmişlər, sən demə. Fidankimilər az deyilmiş, bir neçə belə hal qeydə alınıb və düşmən ifşa edilib. Bunu görüb çox pis oldum. Aya, bu nə iş? Belə şeymi olar? Bəs bunların valideyni, məktəbdə müəllimi bunlara deməyibmi ki, ayıq-sayıq olmaq lazım. Bəs bunlarda vətənə məhəbbət, düşmənə nifrət hissi aşılamayıblarmı?! Əlbəttə, aşılayıblar! Elə olmasaydı 44 günlük müharibədə uşaqdan böyüyə hamının qəlbi Qarabağla bir vurmazdı,  hamı bir yumruq olub düşmənin başına enməzdi! Qarabağı görməyən gənclər onun uğruna bu cür inamla Vətən üçün candan keçməz, şəhid olmazdılar! Bəs indi bu nə demək?! Bu gənclərə nə olub?!   Elə bu suallar qarşısında aciz qalmışdım ki, təzəcə oxuduğum daha bir xəbər məni yenidən qəm dəryasına qərq elədi! Azərbaycan məktəblərinin birində bir müəllim uşaqlara İranın ali dini lideri Xameneyiyə həsr olunmuş mahnı ifa elətdirir, Xamneyini təbliğ edir! Yaxşı, deyək, bayaq söhbət açdıqlarım  gənc olub, qanmayıb, səhv edib. Bəs məktəb müəllimi də qanmaz uşaqdımı ki ya, o qanla qazandığımız gül bayrağımızı stolun üstünə tərs qoyub, Azərbaycanda şəhid şəkilləri asılmış sinifdə şagirdlərə İranın ali dini lideri Xameneyiyə həsr olunmuş mahnı ifa elətdirir, Xamneyini təbliğ edən mannılarla uşaqların beynini zəhərləyir?! Səhərdən ha düşünürəm, ha daşınıram bir yerə varammıram!  Deyimmi bütün bu olanları, ya deməyimmi?!….

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova