- Dil, Xəbərlər

Hansıki, hansı ki, hansılar ki…?

Nəriman QASIMOĞLU

“…Dilimizi bilmirik və bilmədiyimiz üçün bədbəxt dilimizi daha da xarab edirik.” (Üzeyir Hacıbəyov)

Bir neçə müddət əvvəl facebook səhifəsində ali təhsil müəssisəsi professorlarından birinin belə bir ziyanlı çağırışına rast gəldim ki, “hansıki, hansı ki, hansılarki…”-ləri dilimizdə qanuniləşdirmək lazımdır.

Bu sözlər ədəbi dil savadsızlığının əlamətlərindən və ədəbi dilimizi korlayan süni “kalka”lardan biri kimi həmişə məndə qıcıq doğurub. Dilimizi korlamağa çağırış edən professorla bu barədə polemika aparmağa səy göstərib haqsız olduğunu nəzərinə çatdırdım, arqumentlərimə cavab verməyib polemikanı bitirdi…

Bu gün mənə dedilər ki, jurnalistlər üçün “Nitq mədəniyyətinin əsasları” kitabının müəllifi Nəsir Əhmədli də ictimai tv-dəki çıxışında həmin məsələyə toxunub, “hansıki”lərin mənasızlığı və ziyanından söz salıb, Üzeyir Hacıbəyova, Əli bəy Hüseynzadəyə istinad da edib.

Sözün açığı, heç bilmirdim vaxtilə Üzeyir Hacıbəyovun bu barədə təffərrüatlı bir yazısı var imiş. Mənim üçün yenilik oldu. Üzeyir bəy “Müəllim Əli cənablarına” başlıqlı məqaləsində yazırdı:

“…Biz müəllimlər isə öz türk dilimizi bilmirik və bilmədiyimiz üçün bədbəxt dilimizi daha da xarab edirik. Hələ yaxşı ki, siz ilə mən bir qədər savadlıyıq, amma yüzlərcə müəllim var ki, türk dili cəhətincə sırf bisavaddırlar; bədbəxtlik burasındadır ki, öz türk dilimizi öyrənmək həvəsi də biz müəllimlərdə yoxdur. Sizin həmin bu məqaləniz, əfəndim, (mən yazan məqalələr kimi) türkcən yazılmayıbdır, ruscadan tərcümə edilibdir, yəni siz (və mən) əvvəlcə rusca fikir edib sonra həmin fikrimizdəki rus sözlərinin tərcüməsini bura yazıbsınız; o səbəbdəidir ki, məqalənizin bir çox yerləri türk dilinin, hətta avamlarımız arasında istemal olunan dilin də ruhuna biganə olduğunu hətta mən də anlayıram. Məsələn, yazırsınız:

«Unutmamalı ki yoldaşımız… şu rusca hekayəni o şagirdlərə təlim edir, hansılar ki, hekayənin heç bir sözünün mənasını bilmir…»

Bu cümlə rusca yazılıbdır, ancaq rus sözlərinin əvəzinə onların türkcə tərcüməsi qoyulubdur. Bax ruscasını yazım, bir-birinə tutuşduraq:

«Ne nujno zabıvat, çto tovariş… etu skazku po russki prepodaet tem uçenikam, kotorıe ne znayut znaçenie ni odnoqo slova…»

Qafqazda türk dilini mükəmməl bilənlərdən Əli bəy Hüseynzadə cənabları dəfələrlə qəti surətdə elan etmişlər ki, türk dilində «hansı ki», «hansılar ki» sözü yoxdur. Mən də deyirəm ki, bu sözü tərcümə üsulilə dərs verən müəllimlər, rusun «kotorıy» kəlməsini tərcümə etmək üçün özlərindən çıxardıblar; onun istemalı lüzumsuz bir ağırlıqdır.

Haman mətləbi bu cürə demək olardı: diqqət yetirməli; Üzeyir cənabları şagirdlərə rusca bir hekayə təlim edir ki, şagirdlər o hekayədəki sözlərdən heç birinin mənasını bilmirlər…”