- Köşə

Qumdan yapılan qalaların ömrü az olur, balaca…

 

Gülyaz ƏLİYEVA

Uşaqlarla birlikdə hər səhər dəniz kənarına çıxırıq. Səhərlər dənizi çox sevirəm. Sakit olur səhərlər dəniz, dalğaları qırçınlı, qumu xırçınlı olur… Həm də tünlüyi, səs-küyü olmur bu vaxtlar dənizin. Qıpqırmızı günəşin şəfəqləri dənizin düz ortasından əvvəlcə dənizi nura boyayır. Dənizin üzəri zərrin şəfəqlərlə par-par parıldayır. Sonra o nazlı göylər qızı ahəstə-ahəstə dənizin üzərindən ürkək-ürlək bu dünyaya – yer üzərinə boylanmağa başlayır. Bu zaman o hər kəsə ona baxmağa, doya-doya baxmağa icazə verir. Heç kəsi yandırb yaxmır. Səhərlər dünya müqəddəs olur, yuxulu olur, hələ pislik, yalan, xəyanət oyanmamış olur… Günəş də elə buna görə bu gözəl, təmiz dünyaya gülümsəyir. Hamı oyananda isə o artıq sərt olur, ona baxmaq istəyənlərin gözünü deşir, qəzəbli olur pislikləri gördükcə…

Səhərlər hər yer – dəniz də sakit olur… Adamların qaynaşdığı səs-küylü məkanları elə də çox sevmirəm. Axşamlar dəniz basdırıq olur, iynə atsan, yerə düşməz…

Səhərlər isə yalnız körpə uşaqları olanlar, yaşlılar və bir də xəstələr olur, adətən, dəniz kənarında və bu adamlar hər il gəldiyindən hamı burada bir-birini tanıyır, təxminən…”Günəş sarayı”nda olduğu kimi… Məsələn, dörd-beş il olar, üç-dörd təqaüdçü kişi gəlir, elə gözəl, səmimi söhbət edə-edə gəzirlər ki, həsəd aparıram onlara… Özü də söhbətləri çox intellektual, maraqlı mövzulardan olur, hərlənib keçdikcə hərdən qulağım alır söhbətlərin… Bir dəstə müəllimələr var, hər il kollektiv şəkildə gəlib otururlar bir kənarda, səmimi sakit söhbət aparırlar öz aralarında, imtahanlardan, banka bağlamaqdan, mürəbbə bişirməkdən və s…(bəlkə də qonşudurlar )

Uşaqlar ya dənizdə çimir, ya qumla oynayır, mən də onları seyr edirəm kənardan təkcə, sakitcə… Bəzən kitab oxuyuram, bəzən də onlara qoşulub qumda mənzərələr düzəldir, qalalar yapırıq… Hərdən də köhnə tanışlardan çıxır, söhbət edirik, havadan, sudan…

Amma dəniz kənarında adam, nədənsə, özü-özü ilə söhbət edir daha çox…

Doğrudan da, “fikri uzaqlara aparır dəniz, adamı özünə qaytarır dəniz …”

…Yadıma, nədənsə, S Vurğunun uşaqkən F Köçərliyə verdiyi cavab düşdü: “Sənin bu cılız sinənin altındakı ürəkdən xəbərin varmı?!” Özüm-özümlə söhbət edirəm.

Həyatım bir “sinema pərdəsi” kimi gəlib gözlərimin önündən keçir. Haradan-hara… Qarabağda doğulmuşam, ağlıma da gəlməzdi ki, ömrümün 18 ilini Ağdamda, 2 ilini Xankəndində, 1 ilini Şuşada, 3 ilini Gəncədə, 1 ilini Ağcabədidə, 4 ilini Göyçayda, 22 ilini Buzovnada dənizin sahilində keçirəcəm. Mən uşaqlıqdan dəniz görməmişəm, geniş düzlər, uca dağlar qoynunda doğulmuşam. Dəniz mənə o qədər doğma və məhrəm deyil. Uşaqlarsa dənizin sahilində göz açıblar dünyaya, dənizi görüblər… Dənuz onlara doğmadır, əzizdir, məhrəmdir… Dənizə baxıram. Dalğalar gah irəli gəlir, gah da geri çəkilir. Ömrün illəri kimi… dənizin hər dalğası ömrümün bir anını, gününü, ilini qabardıb irəli gətirir, biri isə geri çəkib, yenisi ilə əvəz edir sanki…

30 il… 30 illik köçkünlük həyatı…

“1418 “deyə bir şeiri var R. Rzanın, müharibənin günlərinin sayını göstərirdi bu şeir… 22 iyun  – 9 may arasındakı 1418 gün!

..Beynimdən belə bir sual keçir: Əcəba, mənim yaşadığım günlərin sayı neçədir, görəsən? Sayıb qurtara bilmirəm. Niyə saya bilmirəm, buna riyazi savadımmı çatmır? Ona görə saya bilmirəm ki, el-obasından didərgin düşəndən sonra vətən həsrətilə köçkünlük həyatı keçirənlərin ömrünün 5 ili 1418 gün etmir… Hər gün bir il hesablanmalıdı onlar üçün, bəlkə də…

Ona görə hesablaya bilmədim ki, oz doğma ev-eşiyindən, yurd-yuvasından, öyrəşdiyi mühitdən, qonum-qonşudan, el-obadan didərgin düşüb, əzab-əziyyətlərə qatlaşanların, sanki bunları özləri ediblərmiş kimi tənəli baxışları hiss edib də abrına qısılaraq cavab verə bilməyənlərin ömrünün bir ili 365 gün etmir!…

“Nəsimi” kinosundan bir epizod yadıma düşür …Dərvişin “Neçə yaşınız var, şair?” sualına neçə il Sultan Bəyazidin zindanında, neçə il Sultan Mahmudun zindanında yatdığı illəri 30 il hesablayan şairin cavabı düşür yadıma. Nəsimi ..135 yaşım var deyir …

Mən də bu hesabla yaşımı hesablayarkən yaşımın çox, lap çox olduğunun, onunçün ürəyimin sözə baxmayaraq tez-tez şıltaqlıq etdiyinin fərqinə vardım. Bilmək istəsəniz, elə mənim də 135 yaşım var. 30 illik köçkünlük həyatı zarafat deyil.

Bu fikirlərlə uşaqların çox həvəslə, səylə, ciddi-cəhdlə dəniz kənarında qumdan yapdıqları qalalara baxıram… Fikrimdən illərin sınağından mərdliklə çıxa bilsə də, qoruya bilmədiyimiz qalalar gəlir keçir… Uşaqlar qalanın hər bürcünü qurduqca, hər hasarını düzəltdikcə çox fərəhlənir və sevinirlər. İstər -istəməz mən də bu sevincə qoşuluram və…

…və qəflətən bir nataraz ayaq ehtiyatsızlıq edib bu qalanı uçurir…

Uşaqların məyusluğu… Balaca bir uşaq çox məyus olub, dodaqları büzülüb, kirpikləri fürsət gözləyən damlalardan ağırlaşıb, bir himə bənddir üzüaşağı yuvarlanmaqçün…

Məyus olma, balaca… Onsuz da, o qalalar möhkəm deyildi, gec-tez uçacaq, dağılacaqdı… Sərt küləklərə, qızmar günəşə dayanaqlı olmur qumdan yapılan qalalar… Davamsız olur, dözümsüz olur… Sən onu sabahın al şəfəqində badi- səbasında, günəşin ilıq nəfəsində yapırsan. Halbuki qalalar günəşin qızmarında yapılmalı… Günəşin cəhənnəm istisinin od-alovunda bərkiməli. Sən onu rahatlıqla dənizdən əsən sərin meh altında zövqlə qurursan. Halbuki ona alın təri qarışmalı, zəhmətdən, ağır əməkdən, can qoyularaq daşdan, çınqıldan yapılmalı qalalar. Palçığını qızmaq günəş bərkitməli, şəhid qanı ilə yoğrulmuş torpağa düşmən qanı da qarışmalı ki, qalalar daha möhkəm olsun, etibarlı olsun. Qalaları təbiətin təbii nemətləri, həqiqi vətən sevgisi ilə yaparlar. Əsrləri adlayıb, tufanlara, düşmənlərə sinə gərən qalaları adamlar yumurtanın ağını vətən torpağına qarışdıraraq, düşmən qanı ilə suvarılan, şəhid qanı ilə müqəddəsləşən torpaqdan yapıbrlar. Sən hələ bunları bilmirsən, balaca. Dədəmiz Qorqud deyib ki, kül təpəcik olmaz, qarı düşmən dost olmaz… Bizsə unutduq bunları, balaca, unutduq deyə müsibətlərə tuş gəldik… Mən də deyirəm, qum qalacıq olmaz, balaca… Günortanın od nəfəsinə tab gətirmədən, dərin bir inam və ümid bəsləmədən, alın təri axıtmadan, oddan-alovdan keçmədən, rahatlıqla qurduğun qumdan yapılan qala üçün çox da üzülmə …  onsuz da o dağılacaqdı, balaca, ucacaqdı, küləklə sovrulacaqdı…