- Köşə, Xəbərlər

İmarət CƏLİLQIZI. Simurq quşu

 

Tıxaca düşəcəyindən ehtiyat edib evdən xeyli tez çıxmışdı. Sifariş etdiyi taksi artıq onu gözləyirdi. Əşyalarını yük yerinə yerləşdirib yola çıxdılar. Avtobusun yola düşmə vaxtına hələ xeyli vardı. Avtovağzala lap yaxınlaşanda çantasını açdı ki, telefonu götürsün və gecikməyib vaxtında çata bildiyini evdə nigaran qalmış xalasına xəbər versin. Çantasında yanaşı iki kiçik gözün birinə həmişə telefonunu, o birinə isə açarları qoyurdu. Telefonu götürdüyü anda nəzərləri o biri gözdə açar dəstəsinin üstündəki “çip”ə sataşdı. Gözlərinə inanmadı. Cəld açar dəstəsini çıxarıb bir daha baxdı və dilxorçuluqdan əl-qolu yanına düşdü: çantasındakı  xalasının mənzilinin açarları idi. Yeddi-səkkiz gün əvvəl hal-əhval tutmaq üçün şəhərdə yaşayan xalasına zəng etmişdi, xalası ona bərk xəstələndiyini  söyləmiş, o da işdən bir neçə günlük icazə alıb onu yoluxmağa gəlmişdi. Amma xalasının xəstəliyi xeyli uzanmışdı və qulluq etməyə yaxınlıqda kimsəsinin olmadığına və onu bu vəziyyətdə köməksiz qoymağa ürək eləmədiyinə  görə bir az babatlaşana qədər onun yanında qalmışdı.

Arada dükan-bazara çıxanda mənzilin açarlarını özü ilə götürürdü ki, qayıdanbaş qapını açmaq üçün “domofon”un və qapının zəngini çalıb xəstəni narahat etməsin. Öz açarlarını da çıxarıb dəhlizdəki dolabın üstünə qoymuşdu. Bu səhər xalası ilə qapının ağzında kövrək salamatlaşma zamanı o qədər mütəəssir olmuşdu ki, açar-filanı da tamam unutmuşdu. İndi əlindəki açarlara baxa-baxa nə edəcəyini düşündü, geri qayıtmaqdan başqa bir yol tapa bilmədi. Bu, xeyli vaxt aparacaqdı, amma daha iş işdən keçmişdi.

…Açarları dəyişib yenidən avtovağzala qayıdanda bir-iki dəfə yüngül tıxaca düşdülər və o, ixtiyarsız olaraq gülümsədi: səhər xalasıgildən lap tez çıxmışdı ki, birdən tıxaca düşüb ən tez yola düşən avtobusa gecikər, indi isə heç tələsmirdi, hansına çatsaydı, ona minib gedəcəkdi, onsuz da günü itmişdi – belə düşünürdü.

Yerində oturub pəncərədən çölə baxır, avtobusun yola düşməsini gözləyirdi ki, kimsə yavaş səslə salam verdi. Çevrilib baxdı, salamını aldı. Orta yaşlarında bir qadın idi. Qadın “mənim yerim bura deyil əslində, o cavan oğlan ( arxa sırada oturmuş bir oğlanı göstərdi) xahiş etdi ki, yerlərimizi dəyişək, mən də razılaşdım. Etirazınız yoxdur ki?” Qadının, necə deyərlər, hökumətin maşınında kiminsə yanında oturmaq üçün bu tərzdə izin istəməsi ona çox maraqlı göründü, üstəlik qadın bu sözləri necə söylədisə, onu səhərdən bəri sıxıb incidən gərginlik bir anda yox olub getdi. Qəribə bir ruh yüksəkliyi ilə bir az da kənara çəkilib “buyurun, nə etiraz, əksinə, çox xoşdur!” dedi. Qadın təşəkkür edib oturdu.

Avtobus tərpəndi. Bir xeyli getdilər. Yolda söhbət eləməyə meyli olmayan birisi idi. Amma indi nə olmuşdusa, yanındakı qadınla danışmaq istəyirdi. Arabir gözucu ona baxır, danışmaq üçün bəhanə axtarırıdı. Qadın düşüncəli halda pəncərədən yola baxırdı. Onu dindirməyə cəsarət etmədi. Bu dəmdə sürücü maqnitofonu işə saldı. Tanımadığı bir müğənni indiyəcən eşitmədiyi bir mahnı oxuyurdu. Bir az dinlədi, sonra yol yoldaşına tərəf çevrilib soruşdu:

-Musiqi dinləməyi xoşlayırsızmı?

Qadın yola baxmaqda davam edərək:

-Xoşlayıram,- dedi. Sonra gülümsəyib əlavə elədi,- amma beləsini yox.

O, qadınla danışmağa mövzu tapdığına sevinib:

-İstəyirsiz, sürücüdən xahiş edim, mahnını dəyişsin, ya da maqnitofonu tamam söndürsün?-dedi.

-Yox, narahat olmayın. Ona xoş gəlir, qoy oxutsun.

-Bizə xoş gəlmir axı.

Qadın gülümsədi:

-Eybi yoxdur, biz dözərik. Müvəqqətidir, bir neçə saatdan sonra çatacağıq, qulaqlarımız da dincələcək.

O,  söhbətin bitməsini istəmədiyindən bir az bəzəkli danışmağa çalışdı:

-Bizim qulaqlarımız dincələcək, amma başqaları minəcəklər avtobusa, onda da onlar dözməli olacaqlar axı buna. Elə belə olur, adamların musiqi zövqü korlanır da.

Qadın gözlərini qıyıb şən-şən onun üzüə baxdı  və zarafatla:

-İndi nə deyirsiniz, durub sürücü ilə dava eləyəkmi?-dedi.

-Dava edək demirəm ki. Amma dözməli də deyilik.

Qadın bir neçə saniyə diqqətlə onun üzünə baxdı və sakitcə söylədi:

-Dözümlü olmağı öyrənmək üçün bəzi şeylərə dözmək lazımdır.

-Bəzi şeylər deyəndə, məsələn, nəyə?

-Məsələn siz – cavan bir xanım nələrə qarşı dözümsüzsünüz, deyə bilərsinizmi mənə, – deyə qadın soruşdu, səsi mehriban, baxışları xoş və aydın idi. Bir neçə an qadının gülümsər çöhrəsinə baxdı, qəfildən özündə ona qarşı nəsə bir doğmalıq hissi duydu, içərisinə qəribə bir yüngüllük doldu, hiss etdi ki, onunla əməlli-başlı  söhbətləşmək keçir könlündən. Qadın isə üzündə təbəssüm verdiyi sualın cavabını gözləyirdi. O, bir az düşünüb dedi:

-Çox şeylərə qarşı – yaltaqlığa, lovğalığa, ədalətsizliyə…

Söhbət beləcə başlandı.

…Xeyli vaxt idi ki, yavaş səslə söhbət edirdilər. Bu, sanki söhbət yox, uzun bir dərs idi. O, cürbəcür mətləblərlə bağlı düşündüklərini, gümanlarını, fərziyyələrini söyləyir, qədərincə anlaya bilmədiyi məqamlardan söz salır, qadın da öz fikrini aramla, səbirlə izah edirdi. Həm də ona mücərrəd, anlamsız görünən mətləbləri elə sadə, elə anlaşıqlı izah edirdi ki, doğruluğuna inanmamaq mümkün olmurdu. O, həvəslə danışır, sual verir, dinləyir, hərdən özünə təəccüblənib susur, diqqətlə qadının üzünə baxır, ona niyə bu qısa zaman ərzində bunca güvənməsinin və onun söylədiklərinə nədən bu qədər inanmasının səbəbini axtarır, tapa bilməyib söhbətə davam edirdi. Qadın onun bu məəttəl halını sezsə də, heç nə soruşmurdu.

O, yol yoldaşına növbəti sualını verməzdən əvvəl bir az düşündü, sonra dedi:

-Deyirsiniz ki, adamların başına gələn əhvalatların heç birisi təsadüfi deyil, hə?

-Mən belə düşünürəm. Düşünürəm ki, ətrafımızda baş verən irili-xırdalı hər bir hadisənin bir-biri ilə nə cürsə əlaqəsi var.

-Elə isə deyin görək, bu səhər mənim başıma gələn əhvalatın səbəbi nə imiş? Bu da mı  təsadüf deyil?

-Bu səhər nə baş vermişdi ki?-deyə qadın xəbər aldı.

O, səhərki açar məsələsini təfsilatı ilə danışdı və sonda dedi:

-Mən səhər lap erkəndən yola düşən avtobusa çatmaq istəyirdim ki, günüm yolda itməsin. Amma vəziyyət başqa cür oldu.

Qadın onun üzünə bir neçə an qəribə baxışlarla baxdı, sonra başını yüngülcə bulayıb dedi:

-Sənin gününün itməsinə səbəb olan hadisə, bəlkə də, sənin həyatının bitməsinə mane olubmuş.

-Anlamadım. Necə yəni?

Qadın təbəssümlə:

-Tələsmə, özün düşün görək bunu necə izah etmək olar. Təkcə bunu yox, səhərdən bəri, hətta dünəndən, lap bir həftədən, on gündən bəri qarşılaşdığın ən kiçik hadisələri belə xatırlayıb onların arasında əlaqə olub-olmadığını tapmağa çalış. O zaman bu dünyada hər şeyin necə güclü bir nizama tabe olduğunu özünçün aşkar edəcəksən, yəqin ki. İndi isə gəl salamatlaşaq. Bir azdan mən düşəcəyəm.

-Necə? Bəyəm biz eyni yerə getmirik ki?..   Heyiiif!…

Qadın  onun bu uşaqcasına həyəcanına xəfif gülüşlə cavab verdi:

-Yox, eyni yerə getmirik. Amma həm də eyni yerə gedirik – hara getsək də, harda olsaq da, ikimiz də  yenə bu Yer kürəsinin üstündəyik hələ ki.

Sonra zarafatla əlavə etdi:

-Haçan istəsən, Simurq quşunun lələklərini yandır, dərhal yanında hazır olum.

O da zarafata zarafatla cavab vermək istədi:

-Bəs hanı o lələklər, vermədiniz axı onları mənə.

-Verdim, sən hiss eləmədin,-qadın bu sözləri sanki sirli bir söz deyirmiş kimi, xəfif təbəssümlə söylədi.

O, qadınla bərabər avtobusdan düşdü. Yol yoldaşının əlindəki çantadan başqa heç bir yükü yox idi.

-Di hələlik! Allah amanında!- dedi qadın. Qucaqlaşdılar.

O, avtobusa qayıtdı, pəncərədən yolun kənarında dayanmış yol yoldaşına boylandı, bir-birinə əl elədilər.

Avtobus tərpənib yoluna davam etdi. O, arxaya söykənib gözlərini yumdu. Daxilində qəribə duyğular, başında fərqli düşüncələr var idi. Elə bil illər uzunu gözünün qabağında olan üçölçülü bir şəkil birdən-birə aydınlaşmış və o, nəhayət, bu şəkildə nələrin təsvir edildiyini görə bilmişdi. Yol yoldaşının sözləri hey başında dolanırdı: “…qarşılaşdığın irili-xırdalı bütün hadisələri xatırlayıb onların arasında əlaqə olub-olmadığını tapmağa çalış”. Bütün gün ərzində baş vermiş olayları bir-bir gözünün önünə gətirməyə başladı. Taksiyə minir, vağzala gedir, çatmağa az qalmış geri qayıtmalı olur, yenidən vağzala gəlir, günortadan sonra yola düşəsi avtobusa bilet alır, avtobusda bileti onun yanındakı yerə olan sərnişin bir qadınla yerini dəyişir, həmin qadın onun yanında əyləşir. Sonra nə olur? Sonra o-yolda söhbət etməyi xoşlamayan birisi  yanındakı qadını söhbətə tutmağa çalışır. Niyə?!..Və onlar bütün yol boyu, demək olar ki, fasiləsiz olaraq söhbət edirlər. O qadın yerini dəyişməsəydi, o, yanında oturmalı olan o cavan oğlanla heç kəlmə də kəsməyəcəkdi, bəlkə də. O qadın yerini dəyişməsəydi,…  O, birdən diksinib gözlərini açdı. O qadın yerini dəyişməsəydi… Stop! Bu andan hadisələrin lentini sürətlə geri fırlamağa başladı. Gəlib açarlarda dayandı: “Deməli, mən açarları səhv götürməsəydim, … Yox, bir az da geri getməliyəm. Xalamı yoluxmağa getməsəydim, … Elədir ki var! Hər şey bundan başlanır.  Niyə məhz bundan? ( O, bu sualın cavabını hələ xeyli sonra tapacaqdır. Anlayacaqdır ki, ehtiyacı olana kömək əli uzatmaq xeyirxah bir əməldir, Yaradan isə hər bir xeyirxah əməlin qarşılığını mütləq haçansa verir.) İndi lenti yenidən irəli fırlatmalıyam… Biz qadınla salamatlaşırıq, mən avtobusa qalxıram və düşünürəm, məndən bir az əvvəl ayrılmış yol yoldaşımı düşünürəm. Deməli, o qadın yerini dəyişməsəydi, mən onu heç tanımayacaqdım və heç vaxt onun haqqında düşünməyəcəkdim. Belə çıxır ki, bütün bunlar ona görə baş verdi ki, mən onunla tanış olub söhbət edim? Yaxşı, bəs nəyə görə? Və həm də niyə məhz onunla? Bunu onun özündən soruşmaq lazımdır, o, yəqin ki, bunun səbəbini bir tövrlə izah edə bilər mənə. İndi yazıb soruşum, bəlkə?” Fikri bura çatanda əlini alnına vurdu: telefon nömrəsini götürməmişdi axı. Söhbət zamanı nömrələri götürəcəklərini söyləsələr də, sonra yadlarından çıxmışdı.

Birdən yadına düşdü ki, bayaqdan heç xalasına da zəng eləməyib. Telefonu əlinə alanda küncdə WhatsApp işarəsi gördü. Açdı görək kimdir yazan. Səhifədə “Simurq quşu” sözlərini oxuyub təəccübləndi və dərhal da mətləbi anlayıb gülümsədi. Yadına salmağa çalışdı ki, görəsən, qadın onun telefonunu nə vaxt götürüb nömrəni yaza bilib. Yadına düşdü ki, telefonu özü ona vermişdi ki, yabanı şabalıd çiçəklərinin şəkillərinə baxsın. Birdən qadının Simurq quşunun lələkləri haqqında dediyi “Verdim, sən hiss eləmədin” sözləri düşdü yadına. Deməli, onu dinləyə-dinləyə hiss etdirmədən nömrəsini telefona yazmış, adını da “Simurq quşu” kimi qeyd etmişdi. Mesajı açdı, oxudu və heyrətləndi: yazıb soruşmaq istədiyi sualın cavabı yazılmışdı mesajda. Sözardında isə “telefonu üzərində icazəsiz əməliyyat apardığına görə” üzr istəyirdi…

…O, xalasına zəng edib halını xəbər aldı, özünün də tezliklə mənzil başına çatacağını söyləyib yenidən “Simurq quşu”nun mesajını açdı, oxudu, dönə-dönə, dəfələrlə oxudu:

“Yaratdığı bütün insanların könül dünyasından xəbərdar olan Uca Yaradan onlarının hər birinin daha çox nəyə ehtiyacı olduğunu bilir və ləyaqətli bəndələrinin ehtiyaclarını ödəyə bilmələri üçün onlara daim kömək edir.

  Sən özün bilməsən də, sənin üçün, səni hər cür şərdən, qəza, xəta və yanlışlardan qoruması üçün Allaha sidq-ürəkdən, usanmadan və davamlı olaraq dua edən birisinə çox ehtiyacın var. Buna görə də Allah səni “Simurq quşu” ilə qarşılaşdırdı. Qarşılaşdığınız zamandan etibarən o, Allaha hər dua etdiyində mütləq səni də anıb səndən və sənə əziz, dəyərli olan hər kəsdən ötrü gözəl nemətlər diləyəcəkdir!..

 Bu niyyətlə məni vəsilə seçdiyinə görə Yaradana sonsuz şükürlər olsun!..”