Gülnarə Rəfiq
Elə yaşayırsız ki, sanki irəlidə daha 500 il zamanınız var.
Bil Geyts
Yaz növbəti dəfə başımızın üstünü kəsdirib. Ölkədəki, dünyadakı iqtisadi, siyasi, ictimai problemləri, maneələri vecinə almadan gəlib durub kandarda. Evcanlı xanımlar növbəti dəfə təşvişdədi. Axı ev-eşiyi əsaslı surətdə yığışdırmaq, künc-bucağı töküb araşdırmaq, köhnələri atıb yenilər üçün yer düzəltmək lazımdı. Hələ bayram süfrəsi, biş-düş, bayramlaşmaq üçün hədiyyələr… Müasir tələbləri bir yana qoyaq, minilliklərdir ki, biz yazı məhz bu modellə qarşılayırıq.
Müasir həyatsa öz tələblərini diqtə edir. Evimizi yığışdırmağa təzə açılan kontorlar hər cür xidmət növü təklif edir. Şəkərbura, paxlavanı hər tinbaşı şirniyyat dükanından almaq olar. Amma bircə işi özümüzdən başqa kimsə görə bilməz. Həyatının vacib məqamlarına dəyər verib iç dünyanda səliqə-səhman yaratmağa yad adam çağırmazlar. Əlbəttə, qərar verib bir gün ərzində həyatını dəyişdirə bilməzsən. Amma bir gün həyatını kökündən dəyişməkçün lazımi fikirləri düşünməyə yetərincə bəs edər.
Psixoloqlar bizi daima imtahana çəkir və soruşur: Bax gör stəkan yarıya qədər doludur, yoxsa yarıya qədər boşdur? Əslində, stəkan ağzına qədər doludur, özü də Allah bilir nələrlə. Ağzınacan dolu stəkana su tökmək mümkün deyil. Həyatına yeniliklər gəlmir, çünki onlar üçün yer yoxdur. Sənin həyat pazlın gah yığılı, gah da quraşdırılmış şəkildə ola bilər. Amma onu dəyişdirməsən hər dəfə eyni şəkil yığılacaq. Olayları nə qədər silkələyirsənsə, nəticəsi bir olur.
Özündən soruşa bilərsən, həyatımın mənası nədir? Yaxud gələcək 5 ilin planlarını muncuq kimi ipə düzərsən. Onu da bilirsən ki, bunu dəfələrlə eləsən də, həyatın keyfiyyətcə dəyişməyib. Deməli, lazımsız məqamları tapıb tullamaq lazımdı. Həm fiziki, həm energetik, həm də mental planda. Keçmişi də toplayanda sonunda iy verməyə başlayır. Keçmiş isə sırıqlı yorğan deyil ki, günə verib güvələrini qaçırdasan. Keçmişin kolleksiyaçıları bu mərəzin əlamətlərini asanlıqla araşdırıb aşkarlaya bilər. Ən əvvəl həyatın sanki “dejavyu”ya bənzəyir. Hər səhər dünənkinə, srağagünkünə eynən oxşayır. “Mən bunu yaşamışam axı» deyib çığırmağın mənası yox, çünki sabah yeni günü yox, dünənkinin variasiyasını gətirəcək. Ətrafına baxıb heyrətlənirsən. Hamının həyatı ildırım sürətilə keçdiyi vaxt sən sanki yerində addımlayırsan. Sən bir addım atınca yanındakı üçünü atır, yeni nailiyyət qazanır. Zamanla ayaqlaşa bilmirsən.
Deməli belə, ən əvvəl keçmiş, indiki zaman və xüsusi cəhdlə gələcək yığışdırılmalıdır. Bəli, sizin hələ gəlməmiş gələcəyinizdə o qədər qalaqlanmış arzular, planlar iylənir ki… Keçmişi yığışdırmaq çətin deyil. “Oldu və keçdi!” deyib hamısını araşdırmadan zibil yeşiyinə göndərirsiz. Ağlamalı məqamlarda duruxub bir damcı göz yaşı axıtmaq istəyi arxadan zərbə vuracaq, biləsiz. Papağını qabağına qoyub fikirləşməyin əsl vaxtıdı. Yarımçıq işləri ya bitirmək lazımdı, ya da həyatından vızılladıb unutmaq. Açıq qalmış məsələlər siyahıdan silinməlidir. Onların həyata keçməsinə kifayət qədər zamanı vardı. Problemləri kağızdan bükülmüş gəmini suya endirdiyimiz kimi ehtiyatla buraxıb, ürəyiniz istəsə, ardıyca dəsmalı yelləyə də bilərsiz. Problemi başından aşanlar 12 vərəq yox, 100 vərəq dəftər alsın və probleminin adını verdiyi gəmicikləri ehmallıca hamısını həyatın axarına versin. Gəmilər uzaqlaşdıqca çox gözəl görünəcək.
Paralel olaraq evdə qalanmış lazımsız əşyaları da atmaq yaxşı effekt verir. Tullayırıq, paylayırıq, veririk, canımızı qurtarırıq, vəssalam! Rədd olsun geyil-məyən pal-paltar, evdə qalaqlanmış suvenirlər, yararsız qab-qaşıq, texnika! Hər bir əşya yaşanmış ömürdü, enerjinin bir parçasıdı. Gah yarıyacan boş, gah dolu olan stəkanın bir adəti də var: nə qədər boşaldırsan, əvəzinə bir o qədər də dolur.
Ev, ofis, bağ təmizlənəndən sonra keçirik kompüterin içindəki virtual məkana. Faylları da tullamaq lazımdı. Bütün ömrünü toplamağa heç bir sərt disk yetərli qədər yaddaşa malik ola bilməz. Sosial şəbəkədəki lazımsız dostları, xəbər lentində sizdə mənfi emosiya oyadanları, brauzerin yaddaşında ilişib qalmış saytları – hamısını “delete” düyməsinə qurban verirsiz. Daxil olan informasiya axını ilə xüsusilə ehtiyatlı olmaq lazımdı. İnformasiya intoksikasiyası adlı bir termin var, daxil olan informasiyadan zəhərlənmə hallarının artdığı zamanda tez-tez işlənir. Adamlar aldığı zəhərli informasiyanı paylaşaraq öz qəlbinin səsini eşitməyi yadırğayıb.
Zir-zibili atmaq işin yarısı idi. İndi yerdə qalan hər şeyi öz yerinə qoymaq lazımdı. Əgər sənin masanın üstündə açıq qalmış, oxunmamış, yarımçıq atılmış kitablar yallı gedirsə, onlar sənə rahat yaşamağa imkan verməyəcək. Yaradıcı xaos adlanmış səliqəsizlikdən şedevrlər yaransaydı, pintilər avtomatik olaraq dahi olardı.
Bütün səviyyələrdə təmizlik aparandan sonra yazqabağı içində inildəyən, züy tutan kədər bir qədər səsini kəsməlidir. Yalnız sakitlik çökəndən sonra özünə bir sual verə bilərsən: “Mən bu həyatdan nə istəyirəm axı?”. Cavabı mütləq eşidiləcək…