- Köşə

Azərbaycan dilinin mühafizəçilərinin bayramı

Hər bir xalqın qeyri-maddi dəyərlərindən birincisi onun dilidir. Azərbaycan dili tarixin inkişaf mərhələlərindən keçərək cilalanmış, zənginləşərək günümüzə gəlib çatmışdır. Azərbaycan dili Həsənoğlu və Nəsimidən başlayaraq, Füzulidə bir qədər də təkmilləşərək, Şah İsmayıl Xətai, Vaqif, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundovda… almaz kimi yonularaq daha da gözəlləşdi, zənginləşdi. Xalq olaraq bizim əsas məqsədimiz həmişə dilin saflığını, gözəlliyini qorumaq, soyqırıma uğramasının qarşısını almaqdır. Bəli, düz eşitdiniz-soyqırım! Dil də soyqırıma uğrayır, son 10 ildə biz bunun daha çox şahidi oluruq: televiziyada, ədəbiyyatda, dərsliklərdə və küçələrdə.

Bakı küçələrində gəzəndə sanki başqa bir ölkədə, bütün dillərin qarışdığı mühit təsəvvürü yaranır. Bu mühitdə doğma dilə qarşı biganəlik, hörmətsizlik və hətta düşmən münasibəti açıq aydın hiss olunur. Hər şeyin niyə bu səviyyəyə gəlib çatmağını fikirləşəndə çoxlu suallar yaranır: Bəlkə, bütün bunlar müvafiq qanunvericilik aktlarının olmaması, ya da cəza tətbiq edilməməsinə görədir? Bəlkə, yetərincə nəzarət yoxdur? 2020-ci ildə Azərbaycanda dövlət dili normalarının pozulmasına görə qanun qəbul edilib və cərimə də təyin olunub. Amma bütün bunların ciddi nəticələri yoxdur.

Bütün bunları görüb susanlardan olmadıq. Hesab etdik ki, Azərbaycan dilini sevən hər kəs ana dilinin qayğısına qalmalı, onu kənar təsirlərdən qorumaq üçün əlindən gələni etməlidir. Ona görə də düz bir il bundan əvvəl mart ayının 11-də “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi yarandı. Yarandığı gündən aktiv şəkildə monitorinq apararaq Azərbaycan dilinin normalarının pozulduğu yerləri aşkar etməklə yanaşı, təkliflər yazıb Azərbaycan Yazıçılar Birliyinə, yüzə yaxın deputata, Bakı Şəhər İcra Hakimiyyətinə və Prezident Administrasiyasına müraciət etmişlər. Müraciətə reaksiya verilərək İctimai Birliyin sədri və üzvləri Bakı Şəhər İcra Hakimiyyətinə dəvət edilmiş, onları narahat edən məsələlər müzakirə olunmuşdur.

Bu günlərdə “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”-nin bir yaşı tamam olur. Bu müddət ərzində İctimai Birlikdə doğma dilin müdafiəsi üçün birləşən insanlar çox böyük işlər görmüşlər. Bilirəm, bayram günü təbriklər çox olacaq, ona görə indidən yazıram. Mən Mərkəzin üzvü olmağımla qürur duyur və bu təşkilatın hər bir üzvünə bu nəcib fəaliyyətlərində uğurlar arzulayır, bir neçə onilliklər qeyd etməyi arzu edirəm. 11 mart doğma dilimizə sahib çıxan, onu qoruyan hər kəsin bayramıdır. Bayramınız mübarək!