Ey nameyi-xoşbu, səbadənmi gəlirsən?
Ey ahuyi-dilcu, rəhadənmi gəlirsən?
Bir ləhzə aman vermədin, ey peykəri-dilduz,
Yardın sinəmi, yayi-qəzadənmi gəlirsən?
Ey məh, nəzər et ayinəyə, gör ki yüzündən,
Pərtöv saçılır, dari-ziyadənmi gəlirsən?
Ey xacə, nədən aşiqi-müştaqə şəqavət,
Sən məcmə`yi-qalu bəladənmi gəlirsən?
Səhraları almış yenə nəğməyi-dilaviz,
Ey badi-səba, dəşti-Xətadənmi gəlirsən?
Ey gül, sənə qurban ola canım, nəfəsindən
Ənbər saçılır, zülfi-dütadanmı gəlirsən?
Hər bir nəfəsindən alır əshabi-səfa kam,
Çakər gəda, ali-əbadənmi gəlirsən?
Damənü giribanını çak etmə sən, ey gül,
Matəmzədə, sən kərbü bəladənmi gəlirsən?
Dil lərzədə, can cəzbədə, ey Mir Nigari,
Meyxaneyi-əzkari-Xudadanmı gəlirsən?