- Manşet, Müsahibə

Əşrəf Heybətov: “Yaradıcılığımın əsas mövzusu Vətənim, Azərbaycanımdır”

Azərbaycanın xalq rəssamı, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, “Sülh səfiri” beynəlxalq diplomunun sahibi, “Dünya xalqları incəsənəti” Beynəlxalq Assosiasiyasının mükafatı laureatı, “Azərbaycan-Almaniya” Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Almaniya Rəssamlar İttifaqının üzvü Əşrəf Heybətovun “Report”a müsahibəsi:

– Bilirəm ki, uzun müddət Almaniyada yaşamağınıza baxmayaraq, Azərbaycana tez-tez gəlirsiniz. Bilmək istərdim, vətəninizə indiki səfəriniz nə ilə bağlıdır və səfər hansı maraqlı məqamlarla yadda qalıb?

– Bakıya mütəmadi olaraq ildə bir və ya iki dəfə gəlməyə çalışıram. Gəlişlərim, bir qayda olaraq, dəvət aldığım tədbirlərlə bağlı olur və ya məhz Bakıda həll edilməli olan yaradıcılıq işləri toplanır. Məsələn, rəsm silsiləsi dərc etmək, sərgi və ya təqdimat təşkil etmək. Budəfəki səfərim “Qarabağda Qələbə bayramı” adlı pannonun təqdimatı ilə bağlıdır. Bir monumentalist kimi irimiqyaslı əsərlər yaradıram. Bunlar pannolar, divar rəsmləri, mozaikalardır.

Haqlı olaraq Vətən müharibəsi adlandırılan ikinci Qarabağ savaşı başlayan kimi, hündürlüyü 1,5 metr, uzunluğu 3 metr olan triptix üzərində işləməyə başladım, qalib gələcəyimizə tam əmin idim. Kompozisiya üzərində işə başlamazdan, rəng həlli seçməzdən əvvəl pannoma “Qarabağda Qələbə bayramı” adını verdim. Onu Bakıya gətirib Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində təqdim etdim. Təqdimata hərbi məktəbin kursantları, ziyalılar gəlmişdilər və orada əsərimi Müdafiə Nazirliyinə verdim, o, nazirliyin Hərbi Muzeyində saxlanılacaq. Mənə Müdafiə Nazirliyinin Fəxri Fərmanı təqdim olundu.

Əsəri məndən şəxsi kolleksiya üçün almaq istəyirdilər, amma dedim ki, bu satılmır. Belə şeylər satılmır. Mən bu pannonu Azərbaycan rəssamı və vətəndaşı kimi Vətən qarşısında borcumu yerinə yetirmək üçün edirəm.

İndiki gəlişim mənim üçün daha bir mühüm hadisə – Azərbaycan vətəndaşlığını almağım ilə bağlıdır. Bu il mənim 70 yaşım tamam oldu və mənə Azərbaycan vətəndaşlığı verilməsi xahişi ilə ölkə Prezidenti cənab İlham Əliyevə müraciət etdim. Bakıda universiteti bitirdikdən sonra Moskvaya köçmüş, orada Zurab Tseretelinin komandasında işləmişdim və bu səbəbdən Rusiya vətəndaşlığına sahib idim.

Onu da əlavə edim ki, Bakıya gələndə mütləq rayonlara səfər etməyə, sakinlərlə görüşməyə, ekspress sərgilər keçirməyə, yaradıcılığımdan, Avropadakı vəziyyətdən danışmağa, insanları maraqlandıran suallara cavab verməyə çalışıram. Bu dəfə Şamaxıda, Saatlıda oldum, Diasporla İş üzrə Dövlət Komitəsinin köməyi ilə Şuşaya getmək qismət oldu.

– Dediniz ki, müharibənin lap əvvəlində qələbəyə həsr olunmuş panno üzərində işə başlamısınız. Əminliyiniz nəyə əsaslanırdı? Axı 30 ilə yaxın davam edən işğal çoxlarını nikbinlikdən məhrum etmişdi…

– Bu nəticəyə əminliyimin təməlində ədalətə, Qarabağın bizim torpağımız olduğuna və gec-tez bizə qayıdacağına inam dayanırdı. Bir çoxları kimi mən də bunu sağ ikən görəcəyimə inanmırdım – sülh danışıqlarının imitasiyası o qədər uzanmışdı ki, sanki sonsuz olacaqdı. Qələbə mənim üçün böyük nağıl sürprizi oldu. Ordumuz hücuma keçəndə mən də əlimə fırçalar və boyalar alaraq kətan üzərinə hücuma keçdim.

– Azərbaycan torpaqlarının işğalı sizin üçün də, bizim hər birimiz üçün də bitməyən ağrı idi. Erməni işğalı nəticəsində xalqımızın başına gətirilən müsibətləri canlı emosional formada dünyaya çatdırdığınız Xocalı faciəsinə, dağıdılmış Ağdama həsr olunmuş və başqa əsərləriniz buna sübutdur. Bu sənət əsərləri – özü də vətəndən uzaqda – necə yaranırdı?

– Yaradıcılığımın əsas mövzusu, belə demək mümkünsə, vətənim, Azərbaycanımdır. Onun tarixi, qədim mədəniyyəti, sevimli muğamı, adət-ənənələri, bayramları, təbiəti, bir sözlə hər şeyi. Tələbəlik illərində rayonları gəzmək mənə qismət olub, iki dəfə Şuşada olmuşam. Orada qələmə alınmış etüdlər günümüzə qədər gəlib çatıb. Düzdür, onlar kiçik və kartonda idilər (necə də olmasa, kasıb tələbə idim). Amma onları görən bu yerləri dərhal tanıyır. Pafoslu səslənsə də, deməliyəm ki, dostum, möhtəşəm azərbaycanlı rəssam Səttar Bəhlulzadə kimi mən də Azərbaycanın səsiyəm. Ona görə də düşünürəm ki, bayramlarımızın, faciəli hadisələrin bir azərbaycanlı rəssam kimi mənə çox yaxından toxunması təəccüblü deyil. Xocalı faciəsi də, 20 Yanvar faciəsi də, dağıdılmış Ağdam da – hamısı məni dərindən təsirləndirir və mən bir rəssam kimi buna biganə qalmadım, sadəcə, qala bilməzdim.

Bundan öncəki səfərimdə Xarıbülbül festivalına getmədim, AzTV telekanalının çəkiliş qrupu ilə dağıdılmış, viran qalmış Ağdama səfər etmişdim. Mən bir növ kosmik apokalipsisə, bir xarici jurnalistin düzgün vurğuladığı kimi, müasir Hirosimaya bənzəyən mənzərə gördüm. Bu, mənə dərindən təsir etdi, göz yaşlarında boğuldum. Şəhər yoxdur, praktiki olaraq məhv edilib. Amma bura vaxtilə Azərbaycanın görməli yerləri, gözəl təbiəti və şərabçılığı ilə tanınan kifayət qədər böyük yaşayış məntəqələrindən biri idi. İndi isə o şəhərdən əsər-əlamət yoxdur. Təəssüf ki, 21-ci əsrdə törədilən bu barbarlıq haqqında məlumatlar Avropaya çox zəif çatır. Avropalılar bu həqiqəti bilmək istəmirlər, ya da bilirlər və bilə-bilə susurlar. Mən adətən qələmə aldığım kimi “Çiçəklənən Azərbaycan” prizmasından əsərlər yaratmağı yox, “İşğal olunmuş Ağdam” qrafikasının qara-ağ seriyasını yaratmağı özümə borc bildim. 12 vərəqdə rəsm çəkdim, onların fotolarını Bakıya gətirdim, işlərin orijinalını isə Berlində saxladım. Çünki onları Almaniyada nümayiş etdirmək daha aktualdır. Orada onları nümayiş etdirərək avropalı həmvətənlərimə erməni faşistlərinin törətdiyi vəhşilikləri göstərə, bu barədə danışa bilərəm. Bunu belə adlandırmaqdan qorxmuram. Amma eyni zamanda, mən bütün erməni xalqını da günahlandırmıram. Xalq daşnaklar, erməni diasporu, erməni faşistləri və torpağımıza bu qədər pislik edənlər tərəfindən aldadılıb.

– Azərbaycan xalqının qələbəsi, Ermənistanın işğal etdiyi şəhər və kəndlərin azad edilməsi, şəhidlərin şücaətləri, yəqin ki, yaradıcılıq üçün heç də az əhəmiyyətli impuls deyil.

– Şübhəsiz. Amma mən batalist deyiləm. “Qarabağda Qələbə bayramı” monumental triptixinin yaradarkən hər bir azərbaycanlı üçün dəyərli olan torpağın rəmzlərini – dahi bəstəkar Üzeyir Hacıbəylinin, gözəl şairə Xurşidbanu Natəvanın, yalnız burada bitən ecazkar Xarıbülbülün, “Yallı” rəqsinin və təbii ki, qəhrəmanlarımızın – doğma torpaqları azad edərək canlarını əsirgəməyən əsgər və zabitlərimizi təsvir etmişəm. Olduğu kimi deyəcəyəm: əlimdən gələni tam etmişəm. Mən orada hər şeyi demişəm. Düşünürəm ki, digər rəssamlar hələ daha çox şey edəcəklər.

İndi tarixi mövzu – Səfəvilər dövlətinin başçısı, orta əsrlərin ən böyük dövlət xadimi Şah İsmayıl Xətainin böyük kompozisiyalı portreti üzərində işə başlamışam.

– Gələcək planlarınızla bağlı nə deyə bilərsiniz?

– Bir çox möhtəşəm insanla tanış və dost olmaq mənə nəsib olub. Bunlar ilk növbədə üç görkəmli rəssamımız – Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov və Tahir Salahovdur. Mən sərgiləri BMT-nin Cenevrədəki sarayında, Rumıniyanın Prezident Sarayında, NATO-nun mənzil-qərargahında, İordaniya Kral Sarayında, Lüksemburq hersoqunun iqamətgahında, Vatikan ofisinin sarayında, eləcə də bir çox digər Avropa və dünya ölkələrində keçirilən Azərbaycan incəsənətinin ilk və yeganə nümayəndəsiyəm.

Görkəmli yazıçı Çingiz Aytmatov məni özünün mənəvi qardaşı hesab edirdi. Bu görüşlər mənə daha əvvəl Azərbaycanla bağlı heç bir sərginin keçirilmədiyi ölkələri Azərbaycanla tanış etmək imkanından əlavə, dünyamiqyaslı görkəmli insanları tanımaq, onlarla ünsiyyət qurmaq imkanı, belə əlaqələrin faydalı təsirlərini yaşamaq kimi qeyri-adi xoşbəxtlik bəxş etdi. Bunlar təkcə rəssamlar deyil, həm də alim Kapitsa, şəfaçı Cuna və başqalarıdır. Beləcə hazırda üzərində işlədiyim “Zaman və hal” kitabını yazmaq ideyası belə yarandı.

Eleonora Abasquliyeva