- Mədəniyyət

Odre Azulenin yenidən UNESCO-nun baş direktoru seçilməsi münasibətilə tədbir təşkil olunub

UNESCO Baş Konfransı çərçivəsində Odre Azulenin yenidən qurumun baş direktoru seçilməsi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, UNESCO II seçki qrupunun adından Azərbaycanın qurum yanındakı daimi nümayəndəsi, səfir Elman Abdullayev çıxış edib. Daimi nümayəndə Odre Azuleni UNESCO-nun yenidən baş direktoru seçilməsi münasibətilə təbrik edib və ikinci mandatı ərzində ona uğurlar arzulayıb. Üzv ölkələr tərəfindən tam dəstəklənən strateji transformasiyanın qurumun BMT –nin Dayanıqlı İnkişaf Məqsədlərinə ən yaxşı yanaşmanı təqdim etmək əzminin göstəricisi olduğunu bildirib.

UNESCO-nun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələrə toxunaraq, təhsilin insanlara nifrət və dözümsüzlükdən uzaq qlobal vətəndaşlar kimi yaşamağa kömək etdiyini, hər bir uşağın keyfiyyətli təhsilə bərabər çıxışının təminatında qurumun rolunu qeyd edib.

Üzv dövlətlərin mədəni irsin təşviqi, bütün mədəniyyətlərin bərabər qanunauyğunluğunun təmin edilməsi və genişlənmə və əməkdaşlıq platforması kimi elmi proqramların təşviq edilməsi yolu ilə millətlər arasında əlaqələrin gücləndirilməsi istiqamətində UNESCO-nun səylərini dəstəklədiklərini bildirib.

“UNESCO-nun təhsil, elm və mədəniyyət sahələrində beynəlxalq əməkdaşlıq vasitəsilə sülh axtarışında rolunu yüksək qiymətləndiririk.

II Qrupun sədri kimi onun üzvlərinin UNESCO-nun fəaliyyətinin bütün sahələrində böyük nailiyyətlər əldə etmələri, onun müxtəlif orqanlarında, o cümlədən İcraiyyə Şurası və yardımçı orqanlarda fəal iştirakı, habelə hökumətlərarası komissiyaların işinə verdiyi töhfə ilə fəxr edirəm.

“Bu qlobal UNESCO ailəsinin bir hissəsi olaraq təşkilatımızın mandatını tam şəkildə həyata keçirmək üçün dəstəkləmişik və həmişə dəstəkləyəcəyik”,-deyə E. Abdullayev vurğulayıb.

Tədbirdə UNESCO-nun digər seçki qruplarının sədrləri çıxış ediblər. Tədbir İraq Daimi Nümayəndəliyinin hazırladığı konsert proqramı ilə davam edib.