Deyirsiniz, ölənin arxasınca danışmazlar, sağlığında susurdunuz, ölüb deyə danışırsınız.
Baxın, əzizlərim, dostluğunuzda bu qədər adam var, niyə durub birini qəfildən pisləmir, yaxud da tərifləmirsiniz? Səbəbi sadədir, çünki ölməyib. Qəfildən kimsə ölsə hay-həşir qoparacaqsınız — Vay! Çox təəssüf… filankəs elə gözəl adam idi… yaxud “Allah günahlarını bağışlasın, çox pis adam idi-filan”. Görürsünüz, adam öləndə yada düşür, öləndə diqqət çəkir. Təriflənmək və ya pislənmək üçün ölməkdən başqa səbəb yoxdur. Yaxşı iş görəndə adamı tərifləyən olmur, pisin pis əməlindən də qorxumuzdan gözünün içinə danışmırıq.
Adətən, öləni tərifləyirlər, əgər kimisə kütləvi şəkildə pisləyir, hətta lənətləyirlərsə, demək, rəhmətlik rəhmətlik olmayıb.
“Ölənin dalınca danışmazlar” tövsiyəsinə əməl edənlər də var. Onlar bəzi diriləri ölü kimi qəbul edirlər; haqlarında heç nə danışmırlar.
Bəzi ölənlərinsə daima yaşadığını zənn edib, barəsində nə gəldi danışırlar.
Ədəbi mühitin bu mövzuda öz “ənənəsi” var — istedadlı gəncin yaradıcılığından danışmaq üçün onun ölməyini gözləyirlər. Sağlığında dinmirlər, stimul olsun deyə xoş söz söyləməyə xəsislik edirlər. Elə ki, gənc dünyasını dəyişir, şeiri, hekayəsi şedevrə çevrilir.
Ölünün dalınca danışarlar, amma böhtan atmazlar. Ədalətli olub özünün də ona etdiyin pisliyi gizlətməzlər. Ölü diri vaxtında mərdimazar olubsa, bunu hamı bilirsə niyə müzakirə olunmasın?
Əgər iki nəfər arasında nəsə olubsa, biri dünyasını dəyişibsə, sağ qalan susmalıdır, çünki şahid yoxdur, dediyini də ölən şəxs nə təsdiqləyə, nə də inkar edə biləcək.
Uzun sözün qısası, elə adam var, Dövlət bəy kimi ölüsü də gözəldir, xatirəsini daima ehtiramla anırsan, adam da var diri ikən öldürüb qəlbinin dərinliyində dəfn edirsən.
Fikir eləməyin, mən öləndən sonra arxamca nə qədər istəsəniz danışarsınız.









