- Dil

Pərvanə BAYRAMQIZI. Ana dilimizi savadsızlardan yox, “ziyalılar”dan qorumalıyıq

 Doğru yanaşma olmasa da, çoxumuzda belə hallar olub: hansı müəllim mehriban, sevimli olubsa, onun tədris etdiyi fənni həvəslə oxumuşuq. Zəhmindən, hətta kobudluğundan zəhləmiz gedən müəllim nə özünü, nə də fənni sevdirə bilib. Həmin fənn vacib olduğu halda müəllimin onu pis çatdırdığına görə fənnə marağımız ölüb. Bilgiləri öyrənmək əvəzinə, fikrimizi müəllimin hirsli baxışlarına, acı sözlərinə yönəldib həyəcan keçirmişik. Nəticədə “filan fəndən zəhləm gedir” deyib kitabı kənara atmışıq. Müəllim tədrisi, öyrətdiyi fənni həm mənimsədə, həm də şagirdin həvəsini öldürüb elmdən  uzaqlaşdıra  bilər. Ana dili də belədir: ona dərindən bələd olub imkanlarından istifadə edib zənginliyini göstərmək də, bərbad hala salıb haqqında yanlış fikir formalaşdırmaq da mümkündür.

Yazılan bütün  əsərləri ona görə oxumuruq ki, dili, üslubu ürəyimizə yatmır. Hansı əsərin dili gözəl, zəngindirsə, onu rahat oxuyub, üstəlik zövq alırıq. Demək, günah dildə yox, onu çatdırandadır. Əsərlərinin dili bərbad olan yazıçıya görə onun mənsub olduğu xalqın dili haqqında fikir söyləmək yanlışdır. Mənim rabitəsiz söz yığımından ibarət hekayəmi oxusanız, “Azərbaycan dili nə gündədir” deyəcəksiniz? Yeri gəlmişkən, “nə gündədir” ifadəsini də daha əhatəli sözlərlə əvəz etmək olar, amma çoxu bu cür işlədir.

Bu yaxınlarda tərcümə edilmiş hansısa kitabda oxumuşdum: “Adam kəndə girəndə şok olur”. Sizcə, Azərbaycan dilində bu fikri daha gözəl çatdırası sözlər yoxdur?

Cavan tərcüməçilərin ana dilinə bələd olmaması tərcümə etdikləri kitablardan oxucunu qaçırırsa, Azərbaycan dilini  dəyişməliyik? Xalqı bilərəkdən elmdən uzaqlaşdırırlarsa, tədris vəsaitləri çap edilmirsə, millət işsizlikdən zülüm çəkib çörək arxasınca qaçıb kitab oxuya bilmirsə, Azərbaycan dili lazımsızdır? Yaxud cahillərin mütaliəyə marağı, söylənilən fikirləri dərk etmək qabiliyyəti yoxdursa, bunu Azərbaycan dilinin zəifliyinə yozmalıyıq? Bütün bunlara görə ana dilimizdən imtina etməliyik?

Məncə, Azərbaycan dilini məhv eləmək, ölü dillər sırasına qatılmağına çalışmaq, başqa dilə keçmək təklifi unutduğumuz bir çox dəyərlərimiz kimi məqsədli şəkildə aparılır.

Millətin nə dərəcədə diri qaldığnı yoxlamaq istəyi idisə də nəticədən narahat olacaqlar, ana dilini sevən beş-on ziyalı var. Ziyalıların hamısı ziyanlı deyil ki.

Siyasətlə məşğul olan deyiləm, beynim tərtəmiz, saf işlərə kökləndiyindən hiylə də bilmirəm. Çoxbilmişliyim də yoxdur. Yalan danışan deyiləm, səhvimə sahib çıxmağı bacarıram. İraq olsun, məcbur olub yalan danışsam, beş dəqiqə keçməmiş  üstünü özüm açaram. Özümü ona görə tərifləyirəm ki, məlumunuz olsun ki, siyasi məsələlərdə uduzasıyam, heç kəslə də ədavətim yoxdur, ana dilimizin qeyri dillə əvəzlənməsi mövzusunda yazdığım “Fasonlu ədabazlar” köşəsi yalnız dilə bağlılıqla əlaqədardır.

Zəlzələdə azərbaycanlıların türk qardaşlarına ürəkdən yanmaqları, sevgilərini əməldə göstərməkləri, deyəsən, uzaqlardakı “gözəgörünməzlərin” dincliyini pozub. Mənə elə gəlir, (yuxarıda qeyd etdim ki, siyasətlə məşğul deyiləm) Azərbaycan dilinin türk dili ilə əvəz edilməsi təklifinin qıcıqla, etirazla qarşılanacağı məlum idi, məhz belə bir məqamda, türklərlə qəlbən, cismən yaxınlaşdığımız vaxtda dil söhbətini ortaya atmaq məqsədsiz ola bilməz.

Tarix boyu türklərlə birliyimizə siyasi maneələr törədiblər. Müxtəlif cür süni siyasi bəhanələr uydurub, ağır siyasi şərait yaradıblar ki, öz-özünə ayrılaq. Dil söhbəti də köhnə “havaların” yeni “aranjimanıdır”. Milləti “siyasi baxışdan” keçirdilər. Bəli, Azərbaycan xalqı ana dilini sevir, onu başqa dilə dəyişmək istəmir.

Allah bizi növbəti zərərli təkliflərdən, onları həyata keçirə biləcək qüvvələrin “islahatlarından” uzaq eləsin.

Yadımdan çıxmayan (çıxmayacaq) bir məqamı da yazım.

Seyran Səxavət oxuduğu qəzeti kənara qoyub müəllifi nəzərdə tutaraq dedi:
– Ana dili mövzusunda məqalə yazıb, mətndə isə ana dilində söz yoxdur.

Təəssüf hissi ilə bildirirəm:
– Ana dilimizi savadsızlardan yox, ziyalılardan qorumalıyıq.