- Ədəbiyyat

Pərvanə BAYRAMQIZI. Yeddi sual

Axşamlar işdən qayıdıb müsahiblərimin səslərini dinləyib mətn hazırlayanda bəzən içimdə gizli bir istək baş qaldırır – görkəmli şəxsiyyət olum, məndən müsahibə almaq üçün jurnalistlər sıraya düzülsünlər.  Bu şirin xəyala elə ehmalla dalıram ki, bilib ələ salan olmasın. Ən çox da anamın xəbər tutmasını istəmirəm. Küsdürmüşəm onu. Bilsə ki, məşhur adam olub hər gün intervü vermək istəyindəyəm, acıqlanacaq ki, nişanını buna görə pozmusan ki, biabır olaq? Amma vecimə də deyil. Desin də, şirin xəyalla yaşamaq sevmədən ailə qurmaqdan yaxşıdır. Üstəlik də dayın oğlu ilə.

Klaviaturanın çıqqıltısına ara verib başımı kresloya söykəyib anama acıq verirmiş kimi gülümsünürəm. Xəyalımda hər şey dəyişir:  məşhur jurnalistəm, karyerasına yenicə başlamış bir gənc də mənə suallar verir. Üzümə həsədlə baxdığını görüb məmnun halda suallarını cavablandırıram. Belə həvəslə müsahbə verərkən yadıma O düşür. O, mənə müsahibə verməmişdi. Şahidi olduğu hadisələrdən danışa bilərdi, mənim də bu gənc jurnalist kimi ağzım açala qalardı. O vaxt Xalidə xanım bu barədə qənaətini bölüşdü mənimlə. Əsl səbəbisə özü deyə bilərdi, amma acı bir söz deyib qəlbimi qıracağından qorxub bunu ondan soruşmadım. Ta ki … burası qalsın sonraya.

Jurnalist diqqətlə qulaq asır, telefonu yaxınlaşdırıb səsimi yazdırır. Mən də dərindən nəfəs alıb üzümə xatirələrə dalmış adamın mimikasını yayıb əda ilə danışıram:

– Jurnalistika fakültəsini bitirdiyim il saytlardan birində işə düzəldim. Əlbəttə, bu, qəfil baş vermədi. Hələ təcrübəyə gələn zaman saytın redaktoru iş təklif etmişdi. Təcrübə bitər-bitməz əlaqə saxlayıb təklifi qəbul etdiyimi bildirdim. İşə yeni başladığım günlər ürəyimdən olmayan bir çox məqamlar olsa da, yavaş-yavaş hər şeyə alışdım. Xüsusilə, manşetə çıxarılan xəbərlərə görə həmkarlarımla mübahisələrimiz olurdu. Mən onlara təhsil aldığım müddətdə öyrəndiklərimdən danışdıqca, onlar mənə izləyicinin diqqətini çəkə bilmək üçün maraqlı başlıq seçməyin vacibliyini bildirirdilər.

Bir müddət keçəndən sonra mənə məqalələrini sevə-sevə oxuduğum məşhur jurnalistdən müsahibə almağı tapşırdılar. Həvəslə getdim. Müsahibimin söhbətini dinləməyə, ondan nəsə öyrənməyə tələsirdim. Mənə gözəl tövsiyələr verəcəyini düşündükcə də ürəyim sevincdən elə bil mayallaq aşırdı.

İşlədiyi ofisi tapanda elə bildim xəzinə üstünə çıxmışam. Hansı otaqda olduğunu soruşa-soruşa gəlib 51-ci otağa çatanda qapıdan çıxdığını gördüm. Ona çatmaq üçün tez-tez yeriməyə başladım. Yanına çatınca sevincək:

– Vaxtınızı ala bilərəm? – deyə həyəcanla soruşdum. Geri çönüb üzümə bir neçə saniyə diqqətlə baxıb qətiyyətlə: – yox, – dedi, – gedəsi yerim var.

Çox pərt oldum. Bilmədim nə deyim. Kim olduğumu da soruşmadı. Getdi, arxasınca baxa-baxa qaldım. Doğrusu, illərdir yazdıqlarından tanıyıb sevdiyim bir insanın bu cür laqeyd ola biləcəyi ağlıma gəlməmişdi.

Sağ tərəfdəki otağın qapısı ağzında dayanan qadın uzaqdan başı ilə mənə “gəl” işarəsi verdi. Ürəyimdə “yəqin, pərtliyimi görüb ovundurmaq istəyir” dedim. Yanına çatar-çatmaz adımı soruşdu.

– Yenisu – deyə astadan dilləndim.

Heyrətlə üzümə baxıb:

– Aaaa! Necə maraqlı adın var! – dedi.

– Babam qoyub.

– Sevdiyi qızın adıymış, yəqin. Bizlərdə çoxu belə edir.

– Burda bir məntiq görə bilmirəm, –  dedim – nə vaxtsa qız sevəsən, sonra da adını övladına verəsən. Onda nə olur ki?

– İnsan özünü ovundurmağa mütləq bir şey tapmalıdır – dedi.

– Nənəmin adıdır.

Adım barəsində daha heç nə deməyib nə axtardığımı soruşdu.

– Müsahibə alacaqdım – dedim. – O da getdi.

– O, elə kobud adamdır ki. Sənin kimi gənc qız onunla bacarmaz. O yalnız tanınmış, ya da münasibəti olan jurnalistlərə müsahibə verir.

– İndi neynəyim ki, 1980-ci ildə doğulmuşam. Mən də yaşa dolacam də – incik halda dedim. Qadın gülüb:

– Sən də onda cavanlara o cür yanaşacaqsan. Özünü toxunulmaz hesab edəcəksən.

“Müsahibənin ən maraqlı yerində” anam otağa daxil olub stolun üstünə çay qoydu. Bir stəkan çay məni şirin xəyaldan ayırdı. Zəhmətini dəyərləndirmək məqsədilə:

– Yaman susamışdım. Çox sağ ol – dedim. Qayğısından sevindi. Bunu gözləyirmiş kimi gəlib çarpayıda oturdu. Bildim ki, nəsə demək istəyir. Çönüb üzünə baxdım.

– Qurban olaram, ana, o mövzuda danışmayaq. – dedim. – Gör necə həvəslə işləyirəm.

Yazıq qadın danışmağın yersiz olduğunu bilib heç nə deməyib otaqdan çıxdı. Amma incimişdi. Baxışlarından bilirdim. Yazığım gəldi. Durub arxasınca qaçıb qucaqladım.

– Gör səni necə sevindirəcəm. – dedim. – Bir azca da döz, mənimlə fəxr edəcəksən.

Dərindən köks ötürüb:

– Təki elə olsun  – dedi. Bu “təki” ədatında əminsizlik duyulurdu. Gələcəyi gözləməyə səbri çatmırdı. Qayıdıb yerimə keçib işimə davam etdim. Mətni hazırlayıb son redaktə işini bitirəndə artıq gecə saat iki idi.

O gündən sonra xəyalımda hər gün “müsahibə verməyə” başladım. Son vaxtlar artıq şəxsi həyatımla bağlı sualları cavablandırırdım.

Yorğun idim. İki nazirliyin mətbuat katibi ilə görüşdə iştirak etmişdim. Xəbəri sayta verəndən sonra təzədən yanğın hadisəsilə bağlı reportaj hazırlamağa getmişdik. Təəssüratım yaxşı olmadığından bu barədə yazmaq istəmirəm. Bu axşam “müsahibə verməyə” də həvəsim yoxdur. Yatağa uzandım. Yuxu görməməyi arzu edib gözlərimi yumdum. Gözəl yuxuların gerçək olmaması bu prosesi gözümdən salıb. Ən yaxşısı elə yuxu görməməkdir.

Necə adət etmişəmsə, səhər oyananda da evdə jurnalist görəcəyimi zənn edirəm. Həm işimlə, həm də xəyalımla bağlı həyatım kamera və mikrofondan asılı olmuşdu.

Anamla qısa söhbətdən sonra sağollaşıb evdən çıxdım. Günorta saatlarında gündəmi gənc jurnalistin Onun haqqında yazdığı yazı zəbt etdi. İllərlə şəninə təriflər yağdırılan Səlin Uğurlunu gənc yazarın tənqid etməsi mətbuat və ədəbiyyat adamlarını hiddətləndirmişdi. Kimi bu əməlinə görə onu qınayır, kimi də “uşaqdır dəcəllik edib” deyərək zarafata salırdı. Xəbəri oxuyub dərin fikrə getdim. Deyəsən, bu boyda yazı-pozu əhlinin arasında bu mötəbər insana bircə o gənc yazarla mən yaxşı bələd olmuşuq. Maraqlıdır, görəsən, bu jurnalistin də suallarına cavab verməyib? İndi tənqidi yazıların çoxu qərəzli olduğundan yazılanları oxuduqdan sonra təzədən özümüz təhlil etməli oluruq. Buna görə də onu daha yaxından tanımaq, haqqında hər şeyi bilmək istəyirdim. Ünsiyyətim olan adamların onunla bağlı təəssüratlarını acgözlüklə dinləyirdim. İstəyirdim hamı ondan danışsın, bu söhbətlərdə hər bir fikir mənim üçün informasiya idi.

Gərgin iş həftəsinin sonunda dincəlmək üçün yenə xəyala daldım. Yəni “müsahibə verməyə” davam etdim. Harda qaldığımızı jurnalistin: – Keçən dəfə bir qadının sizə “sən də məşhurlaşanda elə olacaqsan” dediyi hissədə qalmışdıq davam edə bilərsinizmi? – sualı xatırlatdı.

– Əlbəttə. Bu hissə çox vacibdir. Çünki Xalidə xanımın o sözü məni həmişə düşündürdü. Özümü şöhrətpərəstliyə qapdırmamaq üçün heç bir parıltıya meyillənmədim. Elə həmin vaxtda da ona:

– Mən elə etmərəm – dedim. O da gülüb:

– Əminsən? –  deyə  soruşdu.

– Hə – dedim.

Xalidə xanım mənimlə şərt kəsdi.

– Yaxşı, gəl özümüzə şahid seçək. Allah mənə ömür versə bax elə burda həmin şahidin yanında sənə uduzduğunu deyəcəm –dedi. Razılaşdıq.

– Bəs şahid kim olsun? – soruşanda:

– Şahid? – deyə cavabdan çox sual intonasiyası ilə dilləndi: –  şahid bax mənim bu güllərim olsun. Onlar yaxşı işlər olanda açılır, pis işlər olanda da solurlar.  Ona görə illərdir o zəhləmgetmişdən qoruyuram bu çiçəkləri.

Adını çəkməsə də, bildim ki, “zəhləmgetmiş” deyəndə Səlin müəllimi nəzərdə tuturdu.

Bu məqamda jurnalist maraqla Səlin müəllimin kim olduğunu soruşdu. Onu hələ də tanımadığına təəccübləndim:

– Peşəkarların yaradıcılığını izləməliyik – dedim – Səlin Uğurlu jurnalistika sahəsində hər kəsə örnəkdir.

O məndən də çox təəccüblə:

–  Bəs onda xanım onun haqqında niyə elə deyib?

– Bilmirəm – deyib çiynimi çəkdim.  – Hələ də bilmirəm.

Əslində isə bilirdim. Çox şey bilirdim. Amma xatirələrə toxunmaq asan deyildi. Jurnalistə həmin vaxt Xalidə xanımdan: – Yəni o belə pis adamdır? – deyə təəccüblə soruşduğumu, o cür yazı yazan bir insan necə pis ola bilər?  – deyə təəccübləndiyimi, onun da:

– Elə bilirsən yazdıqları Quran ayəsidir. İç üzünü ört-basdır eləmək üçün yaxşı şeylər yazır, hələ arvadının gözünə girmək üçün son vaxtlar bir-iki şeir də cızmalayıb. – deməyini söyləmədim. Səlin Uğurlunun şeir yazmağı mənim üçün yeni xəbər idi.

O gündən sonra qadının güllərinə gizlicə göz gəzdirməyə başladığımdan,  hər dəfə qorxa-qorxa “birdən solarlar, əgər solublarsa, deməli, Səlin müəllim görüb onları” xofumdan jurnalisti xəbərsiz qoydum. Heç vaxt heç bir jurnalistə o günlərdə baş verənləri söyləməyəcəm. Elə xatirələr var ki, onu hamıdan qoruyursan. Qəlbinin ən dərin yerində gizlədirsən.

– O qadın necə təəssürat oyatmışdı? Onun dediklərinə sizdə inam vardı, ya yox?

– Elə həmin gündən münasibətimiz yarandı. Mehriban idi. Mənə öz kitablarını göstərib dedi ki, hansı lazım olsa, götürüb istifadə edə bilərəm. Bu, mənimçün göydəndüşmə oldu, pdf variantları olmayan kitablar idi. Çox vaxt çətinlik çəkirdim tapmağa. Universiteti bitirən kimi ailə qurduğundan uzun illər işləyə bilmədiyini söylədi. Ona görə də imzası çox elə tanınmırdı. Ona baxanda təəssüf hissi keçirirdim. İstedadlı insan idi. Jurnalistika sahəsində Xalidə Yusifovanın yaza biləcəklərinin yeri boş qalmışdı. Deyirdi ki, gec başladım işə. Artıq səhhətim də korlanıb. Tez yoruluram, bəzən yazını bitirməyə hövsələm çatmır. Əri dünyasını dəyişəndən sonra övladlarını böyütmək üçün işləməli olub. Əlbəttə, təzədən başlamaq çətin olur, xeyli müddət cəmiyyətə adaptasiya ola bilməyib. Deyir, evi istəyirdim, səs-küy götürə bilmirdim, küçədə elə bilirdim, hamı mənə baxıb gülür. Bunların hamısı qapalı mühitin yaratdığı psixoloji gərginliklər idi. Yavaş-yavaş hər şeyin qaydaya düşdüyünü elə sevincək dedi ki, sanki işə yenicə başlamışdı. Beləcə dostlaşdıq onunla.

– Bəs müsahibə ala bilmədiyiniz sizə necə təsir edirdi?

– Təbii ki, sıxılırdım. Bəzən özümə inamsızlıq yaradırdı. Amma məndə günah olmadığını da bilirdim. Hər dəfə oraya gələndə Səlin müəllim hay-küylə: “gedirəm vaxtım yoxdur” deyib qaçırdı. Mən ona güc tətbiq edib müsahibə alası deyildim. Saytın işçiləri də pıçhapıç edirdi ki, təzədir, bacarmır. Mən Səlin müəllimdən cəmi yeddi suala cavab alanadək başqa ixtisası bitirənlər üç  məşhur insandan müsahibə almışdılar. Onların bəsit suallarına irad tutmağa ürək eləmirdim. Səhvlərini deməyə imkan vermirdilər. Tək idim. Hamısı günün nəbzini tutmağı öyrənməli olduğumu deyirdi. Üstəlik: – “Noldu sənin Səlin Uğurlun?” – deyə mənə gülürdülər. Bilmirdim nə cavab verim. Redaktor deyirdi, gərək əl çəkməyəsən, qapıdan qovanda bacadan girməyi bacarasan ki, nəsə əldə edəsən. Mənsə “vaxtım yoxdur” deyiləndə sakitcə geri qayıdırdım.

Müsahibə verəcəyini zənn etdiyimdən bir dəfə ona yaxınlaşanda cavablarını qeyd etmək üçün qələmi əlimə almağım, əlim əsdiyindən anasının qucağından zorla sivişib düşən uşaq kimi qələmin sürüşüb döşəməyə düşməsi, Onun acıqlı-acıqlı üzümə baxıb:

Birinci qələmi tutmağı öyrən – deyib getməsi, pərt olsam da, deməyə sözümün olmaması, yenə dəhlizdə arxasınca baxa-baxa qalmağım, başqa bir ağsaqqal jurnalistin yanımdan ötəndə canıyananlıqla:

– Ömrünü buna sərf etmə, qızım – deməsi, mənim: “nədən vaxtını yox, ömrünü dedi?” sualını pıçıldamağım jurnalistə danışmadığım hissələrə aid idi.

Suallar geniş olanda telefona yazdırırdım səsi. Yeddi sualı az hesab etdiyimdən telefona ehtiyac duymurdum. Cavabları heç qələmlə də qeyd etmək qismət olmadı.

– Beləcə bir ay ötdü. Artıq Səlin müəllim məni görəndə görməzliyə vururdu. Baxışlarından “yenə gəldi” ifadəsi oxunurdu, yaxınlaşmağa cürət etmirdim. Axırda qərara aldım ki, daha yanına gəlməyəcəm. Sözümün üstündə durdum, müsahibəni başqa bir adamla aparmaq istədiyimi bildirdim. İş yoldaşım redaktora dedi ki, bu işi ona həvalə etsin. Mənə də daha həlim müsahib verdilər. Yeni suallar hazırladım. Ona ünvanladığım sualları heç kəsə vermək istəmirdim. O suallara yalnız Səlin müəllimdən cavab almaq istəyirdim. Sənədi ayrıca qovluğa yerləşdirib yaxın adamımı dəfn edirmişəm kimi kompüterin yaddaşına saldım. Bir də müsahibə üçün yanına getməyəcəyimə özümə söz verdim.

– “Onu nə üçün tənqid etmədiniz?”

Qəfil verilən bu sual fikirlərimi alt-üst etdi. Səbəbini söyləmək çətin idi. Onu tənqid etməməyimə birinci səbəb xasiyyətim idi. Qalmaqal yaradası yazılara maraqlı deyildim. Ona olan ehtiramım da qarşımı kəsirdi. İncikliyimə baxmayaraq, bu mövzuda heç özünə də bir söz deməməyimsə… Burda sözümə ara verirəm. Bilirəm ki, durub güzgüyə baxsam, gözlərimdəki kədər ifadəsini görəcəm. Heç güzgüyə ehtiyac da yoxdur. Həmişə hissiyyatımla güzgülənirəm. Jurnalist cavabımı gözləyirdi. Bilmirdim nə deyim. Sualı təkrarladı. Sual yenidən səslənərkən operatorun kameranı üzümə yaxınlaşdırıb gözümdəki yaşı çəkib bu anları dramatikləşdirdiyinə etiraz edəsi halda deyildim. Artıq doğrudan da vəziyyətim gərginləşmişdi. Özümü ələ almağa çalışırdım. Kaş “müsahibənin bu yerində” anam yenə otağa daxil ola, yaxud telefona zəng gələ. Nəsə bir şey baş verə, fasilə edək, bir az özümə gəlim. Jurnalistdə o vaxt mənə tövsiyə edilən cəhət özünü qabarıq göstərirdi. O müsahibini lazım olan məqamda “yaxaladığına” sevinib dalbadal suallar yağdırırdı. Gərginliyim diqqətindən yayınmamışdı. Bunun səbəbini mən dillənənəcən iki dəfə soruşdu.

– O illərdə narahatlıqlarım çox idi, indi xatırlayınca özümə gücüm çatmadı, kövrəldim – dedim. – Karyerasına yenicə başlamış bir qız üçün heç nə asan deyildi.  Utancaq idim, insanları yormağı sevmirdim. Ən əsas da zamanın nəbzini tutmaq istəmirdim. Onda özümdən uzaqlaşardım. Bunu istəmədim.

– Sevilməyinizin səbəbi kimi bu cəhətinizi göstərmək olarmı, yoxsa istedadınızın rolunu əsas götürürsünüz?

(Hərdən xoşum gələn cəhətlərimi vurğulamağı sevirəm. Hər halda pis şey deyil.)

– Yalnız mətnə dəyər verən insanlar azdır, əksəriyyət yazanın mənəvi keyfiyyətlərinə də həssas olur. Cəmiyyəti nəzərə alanda hər ikisinin rolunu görürəm.

Səlin müəllimi niyə pis adam kimi tanıdıqlarını öyrənmək cəhdi jurnalistə rahatlıq vermirdi. Başqa suallar versə də, arada yenə bu mövzuya qayıdıb həmin sualı soruşurdu. Mənsə sualdan yayınırdım. Artıq ondan qaçmağa çalışırdım. Müsahibə vermək həvəsindən düşdüm. Bəzən məntiqsiz, bəzən çeynənmiş suallar yorurdu məni. Ən çox da xatirələrimi danışacağımdan qorxurdum. Qərara aldım ki, daha jurnalistdən qaçım. Yadıma Xalidə xanımın sözü düşdü: “tanınmış olanda sən də qaçacaqsan müsahibə verməkdən”. Gülümsündüm, haqlı imiş. Hərə bir səbəbdən qaçırmış müsahibə verməkdən.

Səlin müəllimin məndən niyə qaçdığının səbəbini tapmağa çalışırdım. Mən onun sözlərini sevirdim. O sözlər gözəl fikirlərin toplusu idi. O toplu da Səlin Uğurlunun beynindən gəlmişdi. Gözəl yazmaq üçün yalnız pis adam kimi doğulmaq mümkün deyil. Onda nəsə yaxşı bir şey vardı. Heç kəsin görmədiyi, bilmədiyi şeylər. O “yaxşı şeyi” axtarırdım.

Xalidə xanımla artıq əlaqələrimiz sıxlaşmışdı. Tez-tez görüşürdük. Ondan da öyrəndiklərim vardı. Bir gün yenə onun yanına gedəndə binanın girişində qarşıma birinci Səlin müəllim çıxdı. Laqeydcəsinə baxdı mənə. Elə bildi yenə onu səsləyəcək, arxasınca gedəcəm. Bilmirəm bu dəfə nə deyərdi, amma özümdə güc tapıb dilucu “salam” deyib sürətlə ötdüm. Görünür, o da buna təəccüb etdi. Yəqin, ağzını açıb “vaxtım yoxdur” deyəcəkdi. Arxaya baxmadım. Qaça-qaça Xalidə xanımın otağına girdim. Girən kimi birinci güllərə baxmağa adət etmişdim. Elə gözəl görünürdülər ki. Xalidə xanım məni görçək gülüb dedi:

– Yenicə su tökmüşəm, gör necə “şavaqlı”dırlar.

– Hə, –  dedim –  çox qəşəngdirlər.

– Noldu, Daşdəmir müsahibə verdi?

– Aaa! – təccüblə üzünə baxdım. – Siz ona Daşdəmir deyirsiniz?

– Yox, ay qız, xasiyyətinə görə elə adlandırdım. Daş da, dəmir də ondan yumşaqdır. Gör nə qədər qəddar insandır, sənin kimi bir qızı aylardır süründürür, iki kəlmə suala cavab vermir.

– Daha sual vermirəm.

– Hə? – deyə dayanıb maraqla üzümə baxdı. – Niyə? Sənə nəsə dedi?

– Elə heç nə demədiyi üçün daha sual vermirəm də.

– Düz edirsən, qoy getsin öz işlərinin dalınca.

Görəsən, Daşdəmirin… eee Səlin müəllimin “öz işlərinə” nələr daxil idi?

Üç gün sonra saytda məni əməlli-başlı ələ salırdılar. Səlin müəllim həmkarıma müsahibə vermişdi. İçimdə nəyinsə sındığını hiss etdim. Populyarlığa nifrət etdim. Yersiz hərəkətlərlə məşhurlaşıb istədiyin adamdan müsahibə ala bilmək mümkünmüş. Bu da informasiya əsri. İnsanları olmadığı kimi olmağa məcbur edən mühit formalaşmışdı.

Evə gələndə kitab dükanlarından birindən onun ən son çap olunan kitabını aldım. Necə adam olduğunu öyrənmək istəyirdim. Kitabda məqalələriylə yanaşı müsahibələri də yer almışdı. O gündən vaxtımın bir neçə saatını kitabı oxumağa sərf edirdim. Xarakterinə bələd olmağa can atırdım. Bəzən insan yazılarında gizlənir. Onu gizləndiyi yerdən tapıb çıxarmaq niyyətində idim.

Aldığım gündən oxumağa başladım. Günümün bir neçə saatını ona ayırırdım. Kitab mənə insan kimi görünürdü. Onunla sanki söhbət edirdim.

Qəribə üslubu vardı. Bir az qəliz görünürdü, amma dərindən düşünəndə bu qəlizliyin əslində sadə həqiqətlər olduğunu bilmək olurdu. Bəs bu gerçəkləri niyə belə mürəkkəbləşdirirdi? Sözü cürbəcür formalara salırdı. Bir cümlədə sözləri önə, arxaya keçirəndə həmin fikrin əksi də yaranırdı. Maraqlı idi. İstedad, qabiliyyət və məharət birləşəndə möhtəşəm olur. Onu Səlin Uğurlu edən də bunlar olmuşdu. Məqalələri oxuduqca elə bilirdim gur səsiylə özü danışır. Evdə körpə uşaq qoyub gələn ana kimi işdə kitabdan ötrü darıxırdım.

Bəzən razılaşmadığım fikirlərə rast gələndə özüm üçün qeydlər aparırdım. Nə vaxtsa müəllifdən soruşmaq istəyirdim. Bəzən buna görə özümə acıqlanırdım:  – Yeddi suala cavab ala bilmədin, səkkizincini, doqquzuncunu da hazırlayırsan.

Onu yaxından tanımaq üçün özümü təkcə məqalələrin ümidinə qoymurdum. Mütaliəyə fasilə verəndə də iştirak etdiyi verilişləri izləyirdim. Saytlardakı müsahibələri də əla “bələdçilik” edirdi. Müsahibələrindən birini təkrar-təkrar oxudum. Fikirləri qəbuledilməz olsa da dərinliklərdə adam az qalırdı haqq qazandırsın. Jurnalistin xəyanətə münasibətini öyrənmək niyyətilə verdiyi suala cavabı unikal idi.

– Bir qadın ərini qadınları sevib əzizlədiyi üçün niyə qınasın ki? Onlar ərlərinə həmcinslərini incitdikləri üçün etiraz etməlidirlər. Qadına olan xoş münasibətə görə ərlərinə təşəkkür etməlidirlər.

Əgər bu müsahibə veriliş formasında çəkilsəydi, onun bu sözləri zarafatlamı, gerçəkdənmi dediyini bilmək olardı. Mötərizədə “gülür” sözünün qeyd edilməsi bu fikri çözməyimə kömək edə bilmədi. Hər halda asanlıqla qəbul ediləsi fikir deyildi. Yəqin ki, buna görə onu çoxları qınayıb, kitabı oxuduqca da qınayanların sayı daha da artacaq.

– “… qadınları öldürmürük ki, sevirik də”. Qəribə yanaşmadır.

Düşünürdüm ki, görəsən belə bir oxucusu olduğunu bilsə özünü xoşbəxt sanarmı?

Gənc jurnalistlərin Səlin Uğurlu ilə görüşü təşkil olunmuşdu. Mən də orda idim. Özü dəvət etməmişdi. İşdən redaktorla gəlmişdim. İmzasını tanıyan gənclər məni kimi hər kəlməsini maraqla dinləyirdilər. Həmkarları onu tərifləyib haqqında xoş sözlər söylədikcə Xalidə xanımın üzünə baxmaq, reaksiyasını görmək istəsəm də, istəyimə çata bilmədim. Tədbirə gəlməmişdi. Elə istəyirdim ki, hamı onun yaxşı adam olduğunu söyləsin. Nədənsə müşahidələrimi unutmağa çalışırdım. Xalidə xanım deyirdi, insafən çox işgüzardır, bəzən gecə yarıyadək işləyir, səhər yuxusuz olmağına baxmayaraq, hamıdan tez gəlir yenə işləyirdi.

O tədbirdə xeyli maraqlı imzalar iştirak etsə də, təkcə onu görürdüm. Nə idi onda məni özünə çəkən? Bəs yaxınlaşmağa nə mane olurdu? Bilmirdim ondan xoşum gəlirdi, yoxsa zəhləm gedirdi. Əgər özünü görməsəydim, hələ də “Sözdən başqa…” kitabının müəllifi kimi sevəcəkdim. İndisə yazıları ilə özünün arasında qalmışdım. Hansını sevdiyimi dəqiqləşdirməyə günlərimi sərf edirdim. Sərtliyi ilə yanaşı yumşaqlığı da vardı. Saçlarındakı ağlar elə bil hərəsi bir acı günün heykəli idi. Hərdən barmaqları ilə arxaya itələyib ağır iş görübmüş kimi “huu” edib dərindən nəfəs alırdı. Yeriyəndə hündür boy-buxunundan zövq alırmış kimi əda ilə çiyinlərini bir az da yuxarı qaldırırdı. Elə bil yanındakıların ona çatmağını istəmirdi. Üzündə məni özünə çəkən təbəssüm vardı. Baxışları qəzəbli idi, amma nədənsə mən orda mehribanlıq duyurdum. Bilmirdim doğrudanmı elədir, yoxsa görmək istədiyimimi görürdüm. İlk dəfə bu tədbirdə özü mənə yaxınlaşdı. Elə bil indiyəcən salamımı dilucu alan deyildi. Gülümsünüb: – necəsən? – deyə soruşdu. Gözlənilməz olduğundan özümü itirdim. Yanaqlarımın qızardığını hiss edib həyəcanlandım. Xalidə xanımın təbirincə desəm, deyəsən, Daşdəmir yumşalmışdı.

– Yaxşıyam – dedim, – təşəkkür edirəm.

Əgər sözünü axıracan dinləməsəydim çaşıb qalacaq, bəlkə də,  – siz necə kobud insansınız deyəcəkdim. Yaxşı ki: – yaxşı olma… –  deyib azca fasilə verəndə səbrimi basıb nə deyəcəyini gözlədim. Ardınca baş barmağını qaldırıb: – əla ol – dedi.

Bilmədim gülüm, ya acıqlanım. Bu necə hal-əhval tutmaq idi. Az qalmışdıq dalaşaq. Təzədən ürəyimdə gülməyə başladım. Sözlərlə gizlən-qaç oynayır, həmsöhbətini dağa-daşa salmaqdan zövq alırdı. Yazanda bu cür üslub rahatdır, amma söhbət zamanı qəfildən gözləmədiyin ifadələr adamı pis vəziyyətə salır. Hazırcavablıqsa onda gur odun qaynatdığı çaydan kimi daşıb-tökülürdü.

Məndən aralanıb çıxış edənlərdən birinə yaxınlaşdı, nitqini dinlədi. Sonda onu gənclərə xeyli təriflədi:

– Əliyə söz vermişəm, ikimiz də çox yaşayacağıq. Burdakı gənclərin hərəsinin 5-10 kitabının redaktoru olacağıq, onlar bizdən bezənəcən yığışıb getmək yoxdur – deyə zarafat da etdi. Dostu elə məmnun göründü ki, elə bil inanmışdı ki, həyat Səlin Uğurlunun cızdığı xəttin üzəri ilə davam edir.

O tədbirdən sonra hərdən üç-dörd dəqiqəlik görüşlərimiz artıq bizi bir-birimizə isinişdirmişdi. Rastlaşanda gülə-gülə salamlaşırdıq. Bəzən çözməyə çalışırdım ki, axı buna niyə sevinirəm. Nə qədər yazıçı var, bu da onlardan biri. Niyə məhz onunla ünsiyyətə bu qədər can atıram. Özümə cavab verə bilmirdim. Az qalmışdım Səlinşünas olam. Hər yeri qurdalayıb onunla bağlı nə vardısa oxuyurdum. Verilişlərə baxanda söylədiyi fikirləri cizgilərində axtarmağa çalışırdım. Görəsən, ürəkdən danışır? Bəzən təzadlı fikirləri ilə adamı özünə etiraza səsləyirdi.

Bir dəfə Xalidə xanım otağında olmadığından nəzakət xatirinə mənə öz otağında gözləməyi təklif etdi. Fürsəti əlimdən buraxmayıb içəri daxil oldum. Televizoru söndürüb masanın üstündəki kağızları kənara qoydu. Mənimlə üzbəüz əyləşdi. Yorğun görünürdü. Xeyli gileyləndi. Məmurların qarasınca deyindi. Hiss etdim ki, ürəyi dolduğundan danışır, yoxsa məni özünə yaxın bilib bölüşməzdi. Sadəcə, danışmağa ehtiyac duyurdu. Sakitləşmək istəyirdi. Əvvəlcə acıqlandım. Dinləmək istəmədim. Amma elə maraqlı danışırdı ki, hətta qulaqlarımın iki dənə olmasına təəssüfləndim. Bunlar mənim üçün təcrübədir, dinləməliyəm deyə düşündüm. Bu fikrimə görə özümü qınadım. İnsanları yalnız özünə lazım olanda dinləməli deyilik ki. Axı bu anlarda onun bölüşməyə ehtiyacı var. Qoy danışıb sakitləşsin. O, hirsli-hirsli danışdıqca bütün cizgilərini əzbərləyirdim. “Nəşriyyatlar belə işləməli deyillər” deyəndə üzündə təəssüf hissinin göstəriciləri duyulurdu. Böyük bir layihə üzərində işlədiyini deyəndə o mimika cəld çəkilib getdi, yerinə sevinc andıran cizgilər qondu. Arada bərk qəzəbləndi. Elə bildim mənə “yenə müsahibə üçün gəlmisən?” deyə acıqlanırdı. Özümü birtəhər saxladım. Bu qədər dəyişkən xarakterli insan birinci dəfə idi görürdüm. Bəzən qeyri-səmimi olmağa məcbur olduğunu da etiraf etdi: – “Elə olur ki, işin xatirinə hərdən kiməsə dözməli oluram”. – deyəndə canım yandı ona. “Etiraz edə bilməzsiniz?” deyə soruşdum. “Yox,” –  dedi, –  “onda gərək işimi atam. Hara getsəm, eyni vəziyyətlə qarşılaşacam. Bu da mümkün deyil. Mən səni kimi cavan, subay deyiləm ki, başımın çarəsinə baxa biləm. Ailəm var. Özü də bu yaşda”.

İstədim nəsə deyəm, bacarmadım. Susdum. “Ailəm var… “ sözü qulaqlarımda əks-səda verdi.

Bu qədər vaxtda ilk dəfə məndən adımı soruşdu.

– Yenisu Səfərli – deyə üstəlik soyadımı da söylədim.

– Qəşəng adın var. Amma Suyun yenisi-köhnəsi olmur. Adamın ciyəri yananda təzəsini də, bir ay qabda qalanını da başına çəkir –  dedi.

Adımı bəyənməyi ürəyimdən oldu.

–  Rəhmətliyi də rahat burax, yazdıqlarını öz adınla yaz.

Elə ərklə dedi ki, sanki illərdir tanışıq. Yəqin ki, bu aramızdakı yaş fərqindən irəli gəlirdi. Bəlkə də, imzasının verdiyi səlahiyyət idi. Hər nədən idisə çox xoşuma gəlmişdi. Qulaqlarıma inanmırdım. Sevinirdim. Tövsiyəsi gözəl idi. Bu indiyəcən ağlımdan keçməmişdi. Maraqlı söhbətlər etdi. Jurnalistika mühitində baş verən hadisələrin bir qismindən xəbərdar oldum. Dediyi hər cümlə yaddaşıma həkk olundu. Qanımı qaraldan Xalidə xanımın haqqında fikirləri oldu. Ona “küpəgirən qarı” deməsi ürəyimdən olmadı. Münasibətimin yaxşı olduğunu bildiyi halda, görəsən, yanımda əleyhinə niyə danışdı? Bəlkə, ağzıbütöv olub-olmadığımı yoxlayırdı. Ya bəlkə, xəbər verməyəcəyimdən arxayın idi. Qadınların haqqında həmişə ağızdolusu danışan bir insanın birdən-birə belə kobud ifadə işlətməyindən məyus olmuşdum.

Yazılarım “Yenisu” imzası ilə dərc olunmağa başladı.

İşlərim yavaş-yavaş qaydasına düşürdü. Amma anamla bəzən kiçik mübahisələrimiz olurdu. Həmin günlərdən birinin peşmanlığını hələ də çəkirəm.

Axşam evə gələndə anam xörəyimi qabağıma qoyub: – işdə vəziyyət necədir? – deyə soruşdu.

– Çalışıram, ana, həvəslə çalışıram. – dedim. –  O qədər iş görmək istəyirəm ki. Amma pul lazımdır.

– Dayın göndərib. Sənə nə qədər lazımdır?

Sevinəcəyimi gözlədiyi halda, soyuqqanlılıqla:

– Onu qardaşın sənə göndərib – dedim –  mən özüm qazanıb edəcəm.

Son vaxtlar dayımdan gələn puldan çəkinirdim, sıxılırdım. Qətiyyətlə əlavə etdim:

– Ana, daha ondan pul götürmə. Özüm işləyirəm.

Qardaşının müdafiəsinə qalxaraq:

– Zəhmətini unutma, bizi o saxlayıb indiyəcən. – dedi.

İlk dəfə olaraq anama acıqlandım:

– Ondan çox bunu sən başıma vurmusan.

– Başına vurmuram, deyirəm ki, nankorluq eləmə.

– Nankorluq niyə? Gerçək budur. Həmişə bizi özündən asılı eləmək, yanında diligödək qalaq deyə etmədimi bunu? Səni işləməyə qoymadı, ona görə də ehtiyacımızı özü ödədi. Əgər işləsəydin, övladını minnətsiz özün böyüdərdin.

– Nankor!

– O biri misalı da çək – deyə kinayə ilə güldüm. – Denən ki, yetim birinci ona çörək verəni öldürər. Bu məsəli yetimin ömür boyu minnətdən canını qurtarmamağı üçün uydurublar. İnsanlar xoşlayırlar onlara təzim ediləndə. Dayım səni cəmiyyətdən təcrid etdi. Bu gün də şəhərin bir yerini tanımırsan, tək heç hara çıxa bilmirsən. Bu yaxşıdır, səncə? Yetimi əzə-əzə, yetimliyini üzünə vura-vura böyüdüb  heysiyyətinə toxunurlar, bu da onu aqressiv edir və sonra bu aqressiyanı ona nankorluq kimi yapışdırırlar. Yetim iztirablarını bir qarın çörəklə ovuda bilməz.

– Adam böyüyəndə, özü işləyəndə ona əl tutana arxa çevirməz!  Onlar sənə pislik etməyiblər ki.

– Yetim təkcə mən deyiləm. Məni kimi atasız böyüyən nə qədər uşaqlar var. Hə, mən bir az xoşbəxt yetim olmuşam. Dayım korluq çəkməyə qoymayıb. Amma onun verdiyini atamın əllərinin qabarı ilə qazandığı yavan çörək qədər rahat yeyə bilməmişəm.

– Onun zəhmətini yerə vurma. Həmişə sənin xoşbəxtliyin üçün çalışıb. İndi də oğluna alır səni, deyir itə-qurda qismət olmasın.

– İtlə-qurdla deyil, öz sevdiyimlə ailə quracam. Məni seçimimdən məhrum etməklə guya yaxşılıq edir. Ərköyün oğlunu düşünür. Deyir ki, yetim qızdır, oğlumun oyunlarına dözəcək.

– Sən özün də razı oldun nişanlanmağa.

– Ona görə razı oldum ki, seçimim yox idi. Gördüyüm də təkcə qardaşının oğlu idi, sevgi barəsində təsəvvürüm yox idi.

Anam hiddətləndi:

–  Sən əməlli-başlı özündən çıxmısan ha.

Anamı incitdiyimə peşman olsam da, ürəyimdəkiləri dediyimdən sakitləşmişdim. Gərək çoxdan deyəydim.

Həmin gündən sonra mənimlə soyuq danışırdı. Mənsə gündən-günə başqalaşırdım. Ya böyüyürdüm, ağıllanırdım, ya da doğrudan da, anamın dediyi kimi özümdən çıxırdım. Qəribə hisslər baş qaldırmışdı qəlbimdə. Hiss edirdim ki, telefonda onun nömrəsini axtarıram. Nömrəyə baxıram… içimdən bir istək gəlir: zəng et danış. Yox, mümkün deyil. Nə deyəcəm axı? Daha müsahibə almayacaqdım. Heç özü də soruşmur ki, suallarının axırı necə oldu. Nə adla zəng edim. Kefini soruşum? Yox, arada rastlaşırıq. Nömrəyə baxıb qaytarıb telefonu yerinə qoyurdum. Kitab oxumaq istəyirdim, hiss edirdim ki, fikrim onun yanındadır. Getdikcə qorxulu həqiqəti dərk etməyə başlayırdım. Ona laqeyd olmadığımın fərqinə varırdım. Onu görməyə ehtiyac duyurdum. Tutaq ki, gördüm, lap salamlaşdıq nə olsun? Yox, elə bu bir anlıq görüş üçün darıxırdım. Yoxsa… Bu nə hisslərdir? Uçurumun kənarına gəlirəm, deyəsən.

Qarışıq hisslərin içində nə vaxt yuxuya getdiyimi bilməmişəm. Ayılanda anamın başımın üstündə: – dur gecikərsən – dediyini eşitdim. Yuxudan tam ayılmadığım halda:  – İlqar gəlib özü aparacaq –  deməyi gözlərimdəki yuxunu necə qovdusa dik atıldım.

– Səhər tezdən adama xoş xəbər verərlər. –  deyib əl-üzümü yumağa getdim.

–Dünən zəng edib, götürməmisən, o da məni yığmışdı.

Anamla zarafat etmək istədim:

– Səni yox, nömrəni.

– Ehhh –  eləyib mətbəxə keçdi.

– Nə ehh? Leksik normanı pozma! – deyə gülümsündüm.

– Özün nələri pozduğunu bilirsən heç?

Suyu açdım ki, nə dediyini eşitməyim.

Bir azdan süfrə başında qayğılı baxışlarla üzümə baxıb:

–  İşdə problemin yoxdur? – deyə soruşdu.

– Yox, hər şey əladır. – dedim.

– Bəs niyə belə qəribə olmusan?

– Necə olmuşam?

– Qəribə.

– Qəribə-zad deyiləm, elə əvvəkli Yenisuyam.

– Yox, indi yenidən də yeni susan!

Onu aldatmaq istəmədim:

– Ax çoxbilmiş qadın!

– Mən yanılmaram. Kor deyiləm, görürəm, ürəyim var, hiss edirəm.

– O qədər yazı-pozum var, başımı itirmişəm. – dedim.

– Başını itirmisən, bunu müşahidə edirəm, amma nədən, harda itirmisən, bircə onu bilmirəm.

Özümü saxlaya bilməyib güldüm.

– Yaman çoxbilmişsən haa.

– Sən dayının canı, məndən nəsə gizlədirsən?

– Hələ özüm də bilmirəm nə baş verir. Biləndə sənə də deyərəm.

Süfrədən uzaqlaşdım. Ürəyimdə yenə güldüm. “sən dayının canı…” anda bax. Dayım saxladı böyütdü deyə canına and içməli, hələ gəlini də olmalıyam?

Maşın binanın həyətində idi. Pəncərədən geri çəkilib anamı səslədim:

– Ana, qardaşının oğluna denən gözləməsin getsin.

– Boyy! A bala, sən dəli olmusan vallah. Bura gəl – deyib qolumdan tutub çarpayıya tərəf çəkdi. Əyləşib mənə də oturmağı işarə etdi. Üzümə diqqətlə baxdı:

– O uşağı niyə belə acılayırsan?

Səsində duyduğum yalvarış tonu ürəyimi ağrıtdı. Bacarsaydım ona eşitmək istədiyi sözü deyərdim, amma özümü buna məcbur edə bilmirdim. Anama boş yerə ümid vermək istəmədiyimdən qətiyyətlə:

– İstəmirəm ona ərə getməyi. – dedim. Rənginin dəyişdiyini hiss etdim.

– Axı öz razılığınla nişanladıq.

– İndi peşmanam.

– Bu elə də asan məsələ deyil.

– Çətin də deyil.

– Balamı gəlin köçürüb sonra ölmək istəyirəm.

– Gəlin köçmək də müqəddəs işdir? Ailə qurmaq istəmirəm, işləyəcəm. Arzularım var.

– Deyişmə mənimlə.

– Bəs fikrimi kiminlə bölüşüm? –  deyə bu dəfə səsimi qaldırdım.

– Get işinə gecikirsən, səninlə sonra danışacam – deyib otaqdan çıxdı.

Pilləkənləri könülsüz endim. Ölümə gedirmişəm kimi pis hisslər dolmuşdu qəlbimə. Maşının qapısını açanda dilucu “sabahın xeyir” dedim.

– Vəziyyət necədir? – deyə soruşdu.

– Yaxşı–  dedim. –  Hər şey qaydasındadır.

– Problem olsa, xəbər elə.

– Nə problem olasıdır?

– Nə olsa.

Onun acıqlı dillənməsinə lap əsəbiləşdim.

– Sən məni izləməyi tərgiyəcəksən?

– Yox.

– Məni niyə izləyirsən?

– Belə lazımdır.

– Lazım deyil.

– Dedim lazımdır! – Səsini ucaltdı.

– Guya məni qoruyursan.

– Hə, qoruyuram, axmaq adamlar çoxdur.

– Mən axmaqlarla oturub-durmuram.

– Bəzən sənin ağıllı hesab etdiklərin də axmaqlıq edə bilir.

– Məni yorursan. Anama deyəcəm, atanla danışsın.

– Nə deyəcən? Nə danışsın?

– Mən hələ ailə qurmaq istəmirəm.

– Nə danışırsan sən?

– Eşitdiyini – deyib maşının qapısını tıqqıldatdım –  Saxla!

– Olmaz!

– Avtobusla gedəcəm.

– Dedim, olmaz!

– Bezmişəm sənin “olmaz”larından.

Sükan arxasında olmağını nəzərə alıb daha höcətlik etmədim. İşə çatanacan heç birimiz dinmədik. Düşəndə arxamca kinayə ilə:

– Sənə də –  dedi. Guya “yaxşı yol” demişdim.

İşdə qızlar məni gülüşlə qarşıladılar.

– Qız, kefin kökdür ha.

– Niyə? – deyə laqeydliklə soruşdum.

– Bizi aldada bilməzsən – dedilər  – səni kim gətirdiyini gördük.

– Nolsun ki?

– O olsun ki, nişanlındır.

– Nişanlı olanda nə olur?

– Ay qız, özünü uşaq kimi aparma, guya inandıq.

İstehza ilə güldüm. Çantanı dolaba qoyub kompüteri işə saldım.

Gərginliyim artmışdı. Anamla mübahisələrimiz uzanırdı. “Dayının üzünə baxa bilmərəm” deyirdi. Mənsə qərarımda qəti idim. İşimi elə sevirdim ki, birdən-birə işdən ayırılıb ailə qurmaq istəmirdim. Buna hazır deyildim. Xalidə xanım da məni tələsdirirdi: “Anan yazıqdır, qoy sənin balalarını görsün” deyirdi. Bəzən onunla da fikirlərimiz üst-üstə düşmürdü. Nədənsə məni dəstəkləyən yox idi. Qızlar da “başın xarabdır, gül kimi nişanlın var” deyə qınayırdılar. Mənimsə heç nə beynimə batmırdı.

Mətnləri yazıb bir-birinin ardınca sayta yerləşdirdim. Darıxırdım. Kimin üçün, nə üçün? Bunu aydınlaşdırmaq artıq mənə çətin deyildi. Bilirdim. İndi müsahibə almasam da, o binaya getmək istəyirdim.

Qəribə münasibət yaranmışdı aramızda. Son vaxtlar tez-tez zəng etməsindən sevinirdim. Hiss edirdim ki, artıq buna ehtiyac duyur. Bəzən heç hansımız dinmirdik. Sözümüz bitməsə də sükut çökürdü araya. Amma xudahafizləşmirdi. Bir qədər sonra təzədən yeni mövzu başlayırdı. Ürəyi dolu, təcrübəsi də çox idi. Onun sayəsində çox şeydən xəbər tuturdum.  İşlərindən  danışırdı. Bu, mənə xoş gəlirdi. Heç nə soruşmurdu, özü danışırdı. Danışmağı sevirdi. Özü yorulanacan danışırdı. Sual vermək istəmirdim. Acı söz deyəcəyindən, qanımın qaralacağından narahat idim. Zənginin səbəbini bilməsəm də, etməyini istəyirdim. Gün boyunca gözüm telefonda qalırdı. Elə ki, gələn zəngdə ekranda adı görünürdü sevinirdim. Həyəcan hissim də sanki sevincə aman vermək istəmir, özünü onunla bərabər tələsik yetirirdi. Nə cür vacib işim olursa-olsun yarımçıq buraxıb onunla danışmağa qaçırdım. Elə bilirdim telefondan uzaqlaşsaq onu itirəcəm. Gözüm hər yerdə onu axtarırdı. Hər gün qarşılaşmaq istəyirdim. Xalidə xanımın yanında olanda otağının qapısından boylanıb çəkiləndə bilirdim ki, gözləyir. Bəzən də dinmir, bir-birimizin üzünə baxıb gülümsünürdük. İndi sözsüz də bir-birimizi anlayırdıq.

Bir gün yenə üzbəüz oturduq. Cəmiyyətdəki çatışmazlıqları say sayırmış kimi bir-bir sadaladı. Problemlərdən danışanda əsəbi olduğu hiss olurdu. Yenə sonda özünün məcburən nələrsə etdiyini vurğuladı. Deyəsən, bu etirafla sakitləşmək istəyirdi. Hansı mövzu olursa-olsun onu dinləmək ürəyimdən idi. Təki səsini eşidim. Artıq yaxından tanımağa başlamışdım. Kitabını da bitirmişdim, özünü də tez-tez görürdüm. Elə əzəmətli görünürdü ki, cizgilərini əzbərləməyə çalışırdım. Köynəyinin yaxası xeyli açıq idi. Boğulurmuş kimi tez-tez dərindən nəfəs alırdı. Gözüm boynuna-boğazına sataşdı. Qəribə hisslər keçirdim. Hiss edəcəyindən utanıb üzümü yana çevirdim. Axır ki, “işlərin necə gedir?” –  deyə mənimlə də maraqlandı. Bu bir kəlmə sual mənə qayğı, nəvaziş kimi göründü. Səmimiyyətindən çox cəsarətinə heyran qalmışdım. Fikrini sərt şəkildə qəfildən elə söyləyirdi ki, etiraz etmək mümkün olmurdu. Bəzən işlədilməsi eyib sayılan sözlərdən də istifadə edirdi. Belə məqamlarda ona acıqlanıb getmək istəsəm də, ayaqlarım tərpənmirdi. Münasibətlərimizi özü səmimiləşdirirdi. Qəribə adam idi. Səmimiliyi ilə yanaşı çoxbilmişliyi də hiss olunurdu. Bu gün dilxor görünürdü. Qanıqara olmağının səbəbini açıqladı.

– Mütaliə etmir, – dedi – kitabla işi yoxdur. Uşaq olanda eşidirdi, birtəhər oxudurdum, indi öz aləmindədir, vecinə almır heç nəyi. Nə vaxt baxıramsa telefonla məşğul olduğunu görürəm.

Oğlundan gileyləndiyi məlum idi.

– Bəlkə, kitabları telefonda oxuyur – deyə onu sakitləşdirmək istədim.

– Yox ee, elə olsaydı nə vardı. Heç mənim kitablarımla da maraqlanmır. Yazdıqlarını övladın oxumayandan sonra başqalarını necə ittiham edəsən?

– Siz valideynlər də hər şeyin üstündə tənbeh etməyi sevirsiniz – dedim .

– Bu hər şey deyil axı.

Elə gözəl tonla dedi ki, sözümə görə peşman oldum. Söhbətimiz uzandı. Necə oldusa mən də anamla mübahisə etdiyimi bildirdim. Səbəbini də gizlətmədim. Özüm də bilmirəm bunu ona niyə söylədim.

– Sən nişanı pozmaq istəyirsən? –  deyə təəccüblə soruşdu.

– Hə, –  dedim – istəyirəm özü də çox istəyirəm.

– Ağlını kim qarışdırıb?

Onun eyhamla verdiyi sualdan tutuldum. Amma içimdə baş qaldıran hisslərdən xəbərdar olduğumdan başqa cür cavab vermədim. – Öz-özünə qarışıb – dedim – özüm qarışdırmışam.

Sanki qarşımda qocaman dağ vardı, bir anlıq dumana büründü. Həmişə qəzəb qarışıq kədər duyduğum gözlərində bu dəfə elə ifadə yarandı ki, heç cür aydınlaşdıra bilmədim. Bilmirəm sevinc doldu, yoxsa təəccüb idi. Birdən-birə hər şey anlaşılmaz oldu. Ən çox anlaşılmazlıq onun qəfildən üzümə sillə kimi dəyən:

– Axı mənim ailəm var… – sözü oldu. Məəttəl qaldım. Bunu niyə dedi. Bilmədim neynəyim. Demək, ona laqeyd olmadığımı bilirdi. Yaxşı, tutalım, hisslərimi duyurdu, amma bunu bir anın içində birbaşa söyləməmli idi. Elə bil balaca uşağın əlindən tutub yol keçirirdi. Keçidi necə tez adladısa, məni də çəkib özüylə apardı. Bir də baxdım ki, küçənin o biri tərəfindəyik. Bəlkə də, yaşı ilə əlaqədar zamana etibarı olmadığından tələsirdi. Hər halda bunu qəfildən belə söyləməməli idi. Yenə acıqlandım, yenə getmək istədim. Və yenə ayaqlarım tərpənmədi. Birtəhər:

– Sizinlə heç bir əlaqəsi yoxdur. – dedim. Sevmirəm onu. Anamla dayım nişanlayıblar bizi.

– Bəs nişanlın?

Üzümə baxmadan verdiyi bu sualdan çox utandım. Amma sərbəst insan olduğundan utanmağın yersiz olduğunu bilib:

– Ona cəmiyyətlə əlaqəsi olmayan “ev qızı” lazımdır. Mənsə evdə oturub onun mədəsinə qulluq etmək arzusunda deyiləm.

– Bəs ana olmaq da istəmirsən?

Qıpqırmızı oldum. Necə də rahat soruşur. Cavab verə bilmədim. Utandığımı hiss edib başqa sual verəndə rahatlaşıb dərindən nəfəs aldım.

– Ananın fikri necədir?

– Anam məni ailəli görmək istəyir. Elə bilir onda xoşbəxt olacam.

– Ananı eşit!

Qətiyyətinə təəccübləndim. Yazılarında qadın azadlığından danışan biri mənə mühafizəkarcasına nəsihətlər verirdi. Acıqla:

– Bu valideynlik həmrəyliyidir? – deyə soruşdum.

Bir qədər susdu. Alnını ovuşdurdu. Cavabını eşitməyə tələsdiyimi bildiyindənmi, ya doğru cavabdan yayınmaq üçünmü bilmirəm dinmirdi.

– Yazdıqlarınıza birinci özünüz əməl etmirsiniz – dedim. İttihamıma dözməyib başını qaldırıb üzümə baxdı.

– Uşaq ki uşaq – deyib güldü.

– Zarafatınız yersizdir – dedim. Ciddi görkəm aldı. – Özün bilirsən, bizdə nişanı pozulan qızların haqqında yaxşı fikirdə olmurlar. – deyəndə incikliyimi gizlədə bilməyib qaş-qabağımı töküb:

– Bayaqdan bunu demək istəyirdiniz, ya növbəti fikrim bu cavabı verməyə məcbur etdi? – deyə soruşdum,

Qəribə ifadə hələ çöhrəsini tərk etməmişdi. Ondan söz almaq çətin məsələ idi. İstəyirdim ağlımdakı fikri söyləsin. Bəlkə də, sevindiyimdən uşaq kimi atılıb-düşərdim. Tərəddüd içində olduğu, hansı məsləhəti verəcəyini götür-qoy etdiyi cizgilərindən, dayanmadan alnını ovuşdurmağından bəlli idi. Gözlərimi ondan ayıra bilmirdim. O qədər doğma görünürdü ki, çəkinə bilmirdim ondan.

– Onu nişanlım kimi görə bilmirəm, elə dayımoğlu olaraq qalıb.  Zamanında hisslərimə ad verməyə tələsmişəm.

– Həyat mürəkkəbdir, sənsə uşaqsan. Səhv etməyin normaldır. Amma çalışmalısan ki, səhvlərin yaşamağını çətinləşdirə bilən ağırlıqda olmasın.

– Axı ekstrasens deyiləm, hardan bilim ki, gördüyüm işə görə peşman olmayacam.

Güldü:

– Onda ananın dediklərinə əməl et.

– Anam yaxşı şeylər demir axı.

– Anaların pis şeylər dediyini görmüsən heç?

– Əgər dediklərini mən istəmirəmsə, demək, yaxşı şeylər demir.

– Özün övladına qarşı anandan da mühafizəkar olacaqsan.

– Axı niyə hamı mənim yerimə gələcəkdəki mənim neynəyəcəyimi söyləyir.

– Ona görə ki, hər şeyi görə-görə gəlmişik.

– Bu fikirdəsinizsə bəs niyə o cür yazılar yazırsınız?

– O yazıların formalaşdırdığı təfəkkürə sahib olmaq üçün hələ uzun illər yaşamalıyıq. Birdən-birə heç nəyi qəbul etdirmək, dəyişmək mümkün deyil.

– Mən onunla heç gəzməyə də getməmişəm. – dedim.

– Sənə inanıram. Saflığına zərrə qədər də şübhəm yoxdur. Səni bu cəmiyyətin ağzına vermək istəmirəm. Basıb yeyərlər səni. Ananı incitmə deyəndə özünə zərbə vurmuş olduğunu da bilirəm. Amma adam hansı cəmiyyətdə yaşadığını bəzən istəmədən nəzərə almalı olur. Cəmiyyətin qınağına qarşı özündə cəsarət hiss edirsənmi?

– Əlbəttə.

Qətiyyətlə verdiyim cavab ürəyindən oldu, deyəsən. Gülümsündü.

– Bu arxayınlıq nədən irəli gəlir?

– Özümə yaxşı bələd olmağımdan.

Baş barmağını yuxarı qaldırıb – əla! – dedi. – Öz həqiqətini heç kəsə vermə.

Susduq. O da gərgin idi. Mənə elə gəlirdi ki, çıxış yolu düşünür. Birdən ağzından çıxan sözlər üstümə necə töküldüsə, ağırlığından başımı qaldırıb üzünə baxa bilmədim.

– Sənə sarılmaq, bağrına basmaq istəyirəm.

İlahi! Mən nə eşidirdim!

–  Səni yox, üzündəki saflığı öpmək istəyirəm. Duyğularına minnətdarlıq etmək istəyirəm.

Qollarını açdı. Uşaq çağırırmış kimi başı ilə “gəl” işarəsi verdi. Həyəcanlandım. Çəkindim. Amma qəribə bir hiss məni bu qolların arasına çəkirdi. Asta-asta ona tərəf gəldim. Sinəsinə sıxdı. Saçlarımı qoxladı. Ətrimi dərindən içinə çəkib dedi:

– Niyə gəldin bu yaşımda…

Dinmədim. Qəfildən qollarını boşaldıb sərt hərəkətlə arxaya çəkildi:

– Cavansan, gələcəyin var, sənə toxuna bilmərəm. Get! Çıx otaqdan! – dedi.

Yerimdən tərpənmirdim. Təəccüblə ona baxırdım.

– Çıx!

Bir an içində belə dəyişməsinə məəttəl qalmışdım. Bu dəfə səsində yalvarış duyuldu:

– Bir az da qalsan… özümə gücüm çatmayacaq. Get!

Elə bil yuxudan ayıldım. Nə baş verdiyini indi anladım.

– Yaxşı – deyib otaqdan çıxdım.

Getmək istəmirdim. Pilləkənləri düşdükcə mənə elə gəlirdi ki, pillə-pillə ondan uzaqlaşıram. Bir də görməyəcəm onu. “Nərdivan” şeiri misra-misra gözlərim önündən keçdi. Məni qorumaq üçün özünü saxladı. Təzədən sevdim onu. Geri qayıtmamaq üçün mübarizə apardım. Ürəyimdən bir romantik davranış keçdi: qollarını aç, qışqır: insanlar, ağaclar, quşlar, ovundurun məni. Qayıtmaq istəmirəm! Qoymayın yanlış etməyə! Səsimi qısdım. Çırpınırdım. Ürəyim məndə deyildi. Bilirdim. Qəbahətimin böyüklüyünü anlayırdım, ürəyimsə ərköyünlük edirdi. Utanırdım. Amma sevgim xəcalət hissimdən çox böyük idi.

Avtobusa minib başımı pəncərəyə söykəyib həmin anı xəyalımda dönə-dönə yaşadım.

Daha nə işdə qərar tuturdum, nə də evdə. Onunçün darıxırdım. Sanki canıma hopmuşdu. Üzümü hamıdan gizlədirdim. Elə bilirdim, gözlərimdə qalan o mənzərəni görəcəklər. Anamın üzünə baxmağa heç cəsarətim yox idi. Narahatlıqla yanaşı xoş hisslər də bürümüşdü məni. Bir-birimizi sevirdik. Onun məni özündən qorumaq hissi sevgisinə güc gəlirdi. Məhz buna görə daha çox bağlanırdım ona.

Aradan bir neçə gün ötdü. Televiziya kanallarından biri yaşlı nəsillə gənc nəslin münasibəti mövzusunda veriliş hazırlayırdı. İki yaşlı, iki gənc nəslin nümayəndəsi çəkilirdik. O gənc nəsli müdafiə edirdi. Onların hər şeydə haqlı olduqlarını israrla vurğulayırdı. Həmkarı isə gənclərdən narazı idi. Mənsə danışacaqlarımın hamısını unutmuşdum. Ona baxırdım. İşlətdiyi sözlər təzədən gözəlləşirdi. Mümkün olsaydı o sözlərin hamısını bir-bir yığardım.

Veriliş bitən kimi mənimlə xudahafizləşməmiş qapıdan çıxdı. Asta-asta getməyindən anladım ki, gözləyir. Nüfuzunu həmişə qoruyurdu. Haqqında pis fikir söylənilməməyinə çalışırdı. Studiyanın həyətində arxasınca çatdım. Qoşa addımlayırdıq. Amma bu qoşa addımlar elə yollar üstündəcə qalacaqdı. Həyatda birgə addımlamağımıza ümid yox idi. Üzümə baxıb gülümsündü.

– Niyə az danışdın?

– Sizə baxırdım – dedim.

– Bu gün səni bağçaya aparmayıblar? – deyə yenə məni cırnatdı.

– Sizi çox sevirəm – dedim.

– Bu, sevgi deyil, həsəd hissidir.

– Hardan bilirsiniz hansı hissdir? O ki mənim qəlbimdədir.

– Biz də uşaq vaxtı böyüklərə, tanınmış adamlara bu hissləri duymuşuq. Bu heyranlıqdır, vurğunluqdur. Uşaqsan sən. Uşaqlar böyüklərə ehtiramla yanaşırlar.

– Uşaq deyiləm.

– Yaxşı sən uşaq deyilsən, amma mən qocayam.

– Siz də qoca deyilsiniz.

– Oğlum məktəbi bitirdi.

– Nolsun?

– Bunun nə demək olduğunu bilmirsən. Üç-dörd ilə mən baba olacam, onda  məni qınayacaqsan.

– Qınamaram.

– Qınayacaqsan.

– Çox sərt adamsınız.

– Bəzən bu zərurətdən doğur.

– Sərtsiniz. Özü də lap çox.

– Mənə kinin keçməyib.

– Nə kin?

– Müsahibənin kini.

– Unutmuşam onu.

– Mən də kinliyəm.

– Axı sizə neynəmişəm?

Dayandı. Qəribə baxışla baxdı. Təəssüf və qınaq hissi duyulan tonla:

– Gözəl doğulmusan, doğulmağa gecikmisən, ağlımı almısan. –  dedi. – İstəyirsən bunu sənə bağışlayım?

Sadəlövhlüklə:

– Zarafat eləyirsiniz? –  deyə soruşdum. Bu dəfə güldü:

– Ciddiyəm.

– Müsahibənin kinini saxlasaydım, sizi niyə sevirdim?

– İntiqam almağa.. Sevdin ki, ağlımı yerindən oynadasan. Sevdin ki, evimdən soyudasan, sevdin ki, həyata təzədən gələ bilməyəcəyimin dərdini çəkim, sevdin ki, yaşa dolduğuma təəssüflənim. Bunlar intiqam deyil?

– Söz düzüb-qoşmağa çox yaxşısınız.

– Bundansa cavanlaşmağın sirrini tapan bir alim olaydım…

–  Siz mənim üçün hamını əvəz edirsiniz.

– Mən sənin heç kəsin deyiləm! Dayın deyiləm, səni mən böyütməmişəm. O səni çəkə biləcəyin əzablardan qurtarıb, mənsə sənə iztirab verirəm. Anan da deyiləm. O, sənə öyüd verir, mənsə öyüdlərini heçə çıxarıram. Hər kəsin öz yeri, öz sırası var. Mən yadam sənin üçün.

– Yox, hamıdan doğmasınız.

– Elə deyil.

– Siz məni sevmirsiniz.

Susdu.

– Barı yalan deyin. Bu yalana ehtiyacım var.

Deyəsən, ətrafı unudurdu. Yaxınlaşıb astadan:

– Yalan niyə? Sevirəm səni. Çox sevirəm. – dedi.

Şəhər birdən-birə gözümdə daha da gözəlləşdi. Sevincdən az qaldım qışıqıram. Axır ki, dilindən çıxdı bu söz. Üzünə məzəmmətlə baxdım:

– Onda niyə boş sözlər danışırsınız?

– Boş söz olmur, söz sözdür.

– Sözü məndən çox sevirsiniz.

– Mənim işim sözlədir.

– Mənimlə işiniz yoxdur?

– İşim yoxdur. Səninlə mübarizəm var

– Mənimlə mübarizə aparmayın.

– Onda özümlə apararam.

– Sevgidə nə mübarizə?

– Vaxtsız sevginin bundan başqa çarəsi yoxdur. – dedi. Ardınca da yenə məni cırnatmağa başladı: –  Gözlə, oğlum zəng edir. –  telefonu qulağına tutdu. – Hə, oğlum, imtahanları necə verdin?

İncik halda:

– Zarafatı buraxın. – dedim.

– Neynəyim bəs? Evlənim səninlə?

Gözləmədiyim sualdan tutuldum. Haqlı idi. Mən nə gözləyirəm axı. Mənim üçün asan idi, onunsa keçilməz səddləri vardı. Söz tapmayıb susdum.

– Gördün, mümkün olmadığını özün də bilirsən. – Elə bilirsən mən istəmirəm səni? Uşaqsan sən. Get evə, yat, dincəl. Sakitləşəndə danışarıq.

– Zəhləm gedir sizdən! –  deyə hirslə arxasınca qışqırdım. Geri çönüb: – hə, müsahibə verməmişəm ona görə –  deyib güldü.

– Hər şeyə görə. Cəmi yeddi cavabı əsirgədiniz məndən.

– O yeddi sualdan daha yeddi sual doğmaması üçün qaçdım səndən.

– Amma doğdu. Onsuz da suallar artdı. Siz məni –  yenicə işə başlamış bir qızı həvəsdən salmamalı idiniz.

– Sən qəzəbindən bilmirsən nə danışasan. Qışqır, ürəyin boşalsın.

– İnsafsızsınız! Daşürəklisiniz!  Niyə çıxdınız qarşıma? Kaş sizi görməyəydim. Dincliyimi aldınız məndən.

Ürəyim soyumurdu. Onu acıqlandırmaq istəyirdim. Əslində isə başqa şeylər hiss edirdim. Haqlı idi, doğrudan da, uşaqlıq edirdim. Sonuncu dediklərimi eşitməzliyə vurdu. Yavaş-yavaş uzaqlaşdı. Yenə arxasınca baxa-baxa qaldım.

– Deyirlər o qadınları yoldan çıxarır. Mən bunun əksini gördüm.

Bunu təfərrüatları söyləmədən bir dəfə Xalidə xanıma dedim. O yenə əvvəlki fikrində idi:

– Ay qız, yaşa dolub ağıllanıb də, ağsaqqal olmaq istəyir.

Bu dəfə etiraz etdim:

– Yox, belə riyakarlıq ola bilməz. O, pis adam deyil.

– Aha yadıma düşdü şahid! Bizim şahidimiz var. Gedək güllərə baxaq.

Qaça-qaça otağa tərəf getdim. Birdən solmuş olarlar deyə çiçəklərə baxmağa cəsarət etmirdim. Birdən doğrudan da güllər solsa, bu onun pis adam olduğuna işarə ola bilərmi? Özümü ələ alıb güldüm. Ağlım itir, deyəsən.

Xalidə xanım fincanlara çay süzdü. Özü baxmırdı çiçəklərə.

– Görün necə gözəl görünürlər. Böyüyüblər həm də.

– Kimsə ağsaqqal adına layiq olmağa çalışır də ona görə. – deyə eyhamla güldü. Bir anlıq təşvişə düşdüm. Görəsən, o nəsə hiss etməyib ki?

– O yaxşı insandır, Xalidə xanım. – Qətiyyətlə dedim.  – Onu gərək yaxından tanıyasan, daxilinə bələd olasan.

“Onu duymaq, tanımaq lazımmış. Vurulmamaq, sevməmək üçün məndən qaçırmış. Bağlanmaqdan qorxurmuş” sözlərini isə öz-özümə pıçıldadım. Həmin vaxt ağlıma pis fikir gəldi: “Bəlkə, Xalidə xanım da ona qarşı hansısa hisslər duyur? Niyə axı ona bu qədər acıqlıdır? Ya bəlkə, başqasının yanında da ona küpəgirən qarı deyib və Xalidə xanım bunu bildiyinə görə ondan zəhləsi gedir. O, gözəlliyə vurğundur. Xalidə xanımsa gözəlliyin göstəricilərə uyğun gəlmir”. Səbəb tapa bilmədim.

Xalidə xanımın onun haqqında dediklərinə inanmaq istəmirdim, amma özüm də onda bəzi çatışmazlıqlar hiss edirdim. Haqqında xoş sözlər deyənlər və yazanlar lap çox idi. Bu təzadlı suallara cavab tapa bilmirdim. Bircə onu dəqiq bilirdim ki, mənə heç vaxt zərər verməz.

Gec gələcəkdim deyə anamı narahat etməmək üçün qapını açarla bağlamağını demişdim. Elə bildim yatacaq. Qapını açıb içəri girəndə oyaq olduğunu gördüm. Otağa doğma bir səs yayılırdı. Qulaqlarım uğuldadı. Onun səsi gəlirdi, arxasınca da anamın. Elə bil mübahisə edirdilər. Məəttəl qaldım. Bu nədir bu heç cür ola bilməz. Udqundum. Boğazım qurumuşdu. Dinləyə-dinləyə astaca zalın qapısından boylandım. Səs televizordan gəlirdi. O, danışdıqca anam da etiraz edirdi. Arada qarğadı da. Əgər anam qarğayıbsa, deməli, kimsə qadın azadlığından danışır. Anam qadının azad olmağını istəmirdi. Qorxurdu. Elə bilirdi qadın azad olarsa bədbəxt olar. Cavan yaşlarından ərini itirdiyinin travması idi bu. Bəlkə də, daha çox bircə balası üçün əndişə idi.

Həmişə olduğu kimi aparıcının suallarını təmkinlə cavablandırırdı. Oxucuların qınağına səbəb olan məqaləsini müzakirə edirdilər. Məmnun görünürdü. Bilirdi gözəl yazır, yazdıqlarının həmişə müzakirəyə səbəb olması da ürəyindən idi. Oxucusu olmasa da, bu dəfə anamın da qınağına tuş gəlmişdi. “Arvadlar bunların yazdıqlarından öyrənirlər hər şeyi” deyə-deyə anam ona o ki var qarğadı. Elə rəftar edirdi ki, sanki hər şeyi bilir və bu sözləri mənə eşitdirirdi. Aparıcı əlində tutduğu kitabdan onun qələmindən çıxan sözləri oxuyurdu:

–  “Sən istəyən anda ömürə gəlməyən xoşbəxtlik ondan könüllü imtina edəndə gələr. Elə vaxt gələr ki, artıq sən onu təhlükə kimi qəbul edərsən. Həyatında yeri olmadığı vaxt gələn sevinc sənə bədbəxtlik gətirər. Ürəyin sevgini daşıya bilmədiyi vaxtda ona bu yükü zorla qaldırtmaq həyatını alt-üst edər. Hamı səndən qaçar, sən də hamıdan. Boş qalar yanın. Yaxasından yapışmağa bir kimsə tapa bilməzsən. Kimi qınayasan? Sən Allahın sözünə baxmazsan, ürək də sənin. Sevgi cəzan olar. Cəzan! Bir addımlığında olan xoşbəxtliyə hər gün küçədə seyr etdiklərinə baxırmış kimi laqeydcəsinə baxıb keçərsən. Arzuların ömrün boz fəslində xəzəl olar, duyğuların gözlərindən sel kimi tökülər. Ruhunu ahların külək kimi titrədər. Özündən qorxarsan. Gözlərini açıb ətrafa baxmağa cürət etməzsən. Elə bilərsən, hər şeyi ordan oxuyacaqlar. Bundan belə qorxulu həqiqətlə birgə yaşayarsan. Bölüşməyə dost deyil, qələm, bir parça da kağız axtarasan. Boş səhifələr “qapılarını üzünə açdıqca” ürəyini boşaldıb rahatlaşarsan. Yazdıqların sirdaş olar sənə. Yazmadıqlarına görə də görüb gizlətdiyin cinayət kimi hər an sərsəkədə qalarsan. “Duydularmı?”, “bildilərmi?” deyə qorxulu suallarla əlbəyaxa olarsan. Yorularsan, usanarsan… ömrünü hədiyyə edib bu dünyadan çıxıb getmək istəyərsən.

Sən hər şeyə hazır olarsan, hər şeyə. Bunun üçün ucadasan. Səni itirməyə xırda, əhəmiyyətsiz istəklərlə yaşayanlar təəssüflənməzlər. Onlar sənin sahib olduğun hisslərə mücərrəd mənalı sözlər deyirlər”.

Son cümləni bitirib eyhamla soruşdu:

– Səlin müəllim, burdan elə maraqlı suallar doğur, verməyə bilmirəm. İndi necə olsun?

– Bilirsən oğlum, –  fikrinə bu cür başladı.  – Mənimlə yaşıd olan aparıcıya bu cür müraciət etmək bilmirəm təbii şəkildə baş verdi, ya mənə bildiriş idi. –  bu cür yazılarda yazıçını axtarmağa gərək yoxdur, əgər ruhunu oxudusa, sənin olsun, özünü orda gördüsə filankəsin olsun. Yetər ki, ürəklərə yol tapsın.

Yenə çoxbilmişliyi ilə cavabdan yayındı.

Ayaq üstə dayanıb ekranı dörd gözlə izləyirdim. Anam qəfil məni görüb səksəndi. Məzəmmətlə:

–  Xəbər eləsən ki gəlmisən! – dedi.

– Gördüm maraqla baxırsan, fikrini yayındırmadım.

– Gör bir nə danışır –  deyə ağzını büzüb ekrana işarə etdi. Yaxşı ki, üzümdəki sevinc ifadəsini duymurdu. Bilmirdi onu gördüyüm üçün sevincliyəm.  – Saçından-başından utanmır, ağzına gələni danışır.

Məni gülmək tutdu:

– Saçına-başına nolub ki? –  maraqla soruşdum.

– Yaşa dolub, amma hələ cavanlıq havası başındadır.

– Bunun nəyi pisdir ki?

– Pis olan odur ki, cavanların ağlını qarışdırır. Deyir ki, qadınları sevmək günah deyil ki.

– Düz deyir də.

– Gördün? Gördün? – deyə anam qələbə çalmış adam kimi uğuruna sevindi. – Bax bunu deyirəm. Onlar belə danışırlar, siz də qəbul edirsiniz. Onda bir kişi neçə qadını sevməlidir?

Ürəyimdən anamı cırnatmaq keçdi.

– Dininiz deyib də. – deyə qəhqəhə çəkdim.

– Sənin də dinindir.

– Olsun!

– Sənin ağlını da belələri qarışdırır.

Az qaldım deyəm ki, o da məni günahlandırır ki, ağlımı qarışdırmısan, amma dilimi dinc saxladım. Bir az da danışsam, anamı ondan çox mən hirsləndirəcəkdim.

– Get əllərini yu, gəl çörəyini ye, az danış.

Ekrandan qopa bilmirdim. Anam bunu görüb televizoru söndürdü. – Buna elə baxmasan yaxşıdır – dedi.

– Aaa… niyə söndürdün! –     deyə onun ekrandan çəkilən surətini təzədən görmək həvəsi ilə pulta əl atdım. Vermədi. – Qoy getsin, lazım deyil – dedi. Onsuz da son vaxtlar “sənə nəsə olub” deyə tez-tez şübhə ilə deyinirdi. Ona görə də televizoru açmağa məcbur etmədim. Səbəbini bilsəydi, deyəcəkdi “gördün özbaşınalığın nəticəsi budur”. Bəlkə də, dayımın oğluna deyəcəkdi “qələt edir, götür qaç”. Onun aləmində bu, məni qorumaq idi. Qorxurdum anamın tənəsindən. Amma həyatdakı adamlar durarkən “televizordakını” sevməyim ağlına gəlməzdi. Onlar anamın gözündə bu zəmanənin adamları deyildilər. Hardansa camaatı korlamağa göndərilmişlər idi. İndi gəl qadını başa sal.

Onunla yaş fərqimizin çox olduğundan anam kimi başqaları da şübhələnmirdi. Mənə müsahibə vermədiyi üçün də elə bilirdilər, bir-birimizdən zəhləmiz gedir. Əksini göstərəcək də heç nə də etmirdik. Tədbirlərdə görüşürdük uzaqdan, soyuq, yad adamlar kimi. Yad adamlar kimi… Əslində yad idik, amma hamıdan doğmaydıq. Onun soyuqluğunda istilik, qabalığında incəlik tapmışdım. Ehtiyatlı, tədbirli idi. Hərəkətlərinə nəzarət edirdi. Mən də hər şeyi ürəyimdə keçirirdim. Heç kəsin ağlına da gəlməzdi ki, böyük bir eşq qəlbimizi özünə tabe edib.

O məni sevməkdən qorxsa da, mən onu sevirəm. Xəyalıyla yaşamaqdan başqa xoşbəxtlik istəmirəm. Bilmirəm, bu nəyin cəzası idi? Hey arxasınca qaçıram. Bu qaçış taleyimə yazıldı. Finişi olmayan qaçış. Mən ondan başqa heç kəsi istəmirəm, onunsa sevə biləcəkləri çoxdur.

Son vaxtlar zəngləri seyrəlmişdi. Həmişəki kimi uzun-uzadı danışmırdı. Xəstə olduğunu deyirdi. Məndən bilərəkdən uzaq durduğuna görə fikirləşirdim ki, bəlkə, bəhanə edir. Soyuqluq hiss etdikcə məyus olurdum. Ağlımdan çıxarmağa çalışırdım, mümkün olmurdu. Bağlanmışdım. Sevirdim. Dünyam, kimi, arzum, ümidim kimi sevirdim. Mənim üçün həyat O idi. Yanlışımı bilə-bilə sevirdim. Bəzi günlər gündüzlər, bəzən də gecələr səhərədək yatmayıb zəng gözləyirdim. Telefonsa susurdu. Narahat olurdum. Bəlkə, bir problemi var gizlədir. Axı niyə bir söz demir? “Məni narahat etmə” desəydi də sakit qəbul edərdim. Təki dincliyini pozmayım. Amma nə “uzaq dur ”deyir, nə də xoş rəftar edirdi. Mənimçün də çətin vəziyyət yaranmışdı. Nə edəcəyimi bilmirdim. Ümidverici heç nə olmasa da onu ürəyimdən heç cür çıxara bilməzdim. Doğrusu, buna cəhd də göstərmirdim. Məhəbbətimlə xoşbəxt idim. Sonu görünməsə belə… O mənə hamıdan əzizdir. Fəqət uzaqlar kimi gedilməz, okeanlar kimi keçilməzdir. Ay kimi gündüzlər görmək olmur, Gün kimi də toxunmaq. Fikirlərimə, duyğularıma hopub. Hamıdan ucada durur. Mötəbərdir, möhtərəmdir.  Elə mötəbərdir ki, birinin illərlə qəlbimdə oyada bilmədiyi hissləri o bir anda bəxş etdi mənə. Məni hamıdan ayırdı, möhtəşəmliyi ilə özünə bağladı. Qəribə cazibəsi var. İndiyəcən heç kəsə gözünün ucuyla baxmayan məni özünə bənd elədi. O möhtərəm indiyəcən qüsursuz yaşayan birini qəbahət sayılacaq bir eşqə sövq etdi. Təkcə onu yox, qəzəbini, sərtliyini, bütün zəif cəhətlərini özü kimi sevirdim. Sözlər də onun dilindən, qələmindən çıxanda gözəlləşir. Onün işlətdiyi bütün sözləri sevir, onun üçün işlətdiyim sözləri də başqalarına işlətməməyə qərar vermişdim.

Gənclik romantikasından uzaq idim. Onunla qol-boyun parklarda dolaşmaq, yağışda islanmaq keçmirdi könlümdən. Bir yandan xarakterim buna imkan vermir, digər tərəfdən də özümü onun yaşının tələbinə uyğunlaşdırırdım. Ailəli olduğundan da lap çox çəkinirdim. Qovuşacağımıza ümid edəcək heç nə yox idi. Heç nə. Bunu görməzdən gəlirdim. Məni buna məcbur edən böyük hissim vardı. O hiss məni onda müşahidə etdiyim daha bir təzadlı xarakterinə də göz yummağa məcbur etdi.

Xalidə xanımın haqqında bəzən kobud danışırdı. Hiss edirdim ki, xoşlamır onu. Amma Xalidə xanımın qəzada ölməsindən sonra haqqında hamıdan birinci o yazdı. Yazdığını biləndə təəccübləndim. Axı onların bir-birilərinə qarşı rəğbət hissləri yox idi, necə oldu ki, birdən-birə belə dəyişdi. Düşündüm ki, yəqin sentmentallığa varıb, ölüm onu kövrəldib. Yazını oxuyanacan ağlıma hər cür fikir gəldi. Xalidə xanımı nə tərifləmişdi, nə də pisləmişdi. Sadəcə, bir neçə əhvalat yazmışdı. İmza qoyulmasaydı üslubunu da tanımaq mümkün deyildi. Demək, özünü məcbur edib yazmağa. Görünür bu vacibmiş. Axı neçə il bir yerdə çalışıblar. Yazmasaydı həmkarları onu qınayacaq, kinli olduğunu söyləyəcəkdilər. Məhz buna görə yazdığını duydum. İlk yazısı idi ki, özünə layiq deyildi.

Xalidə xanımın ölümünün mənə necə etdiyini məncə izah etməyimə ehtiyac yoxdur. Cəmiyyətə ilk qarışdığım vaxtda onu görüb, onunla doğmalaşmışdım. Qəfil ölümü ilə məni sarsıtdı. Amma dözümlü olmağa çalışırdım. Çox istəyirdim onu. Həyatın sürprizlərinə hazırlıqlı olmalı idim. Özümü tənha hiss etmək istəmirdim. İnsanları sevirdim. Elə bilirdim tək bir nəfərə bağlansam yaşaya bilmərəm. Yaşamağa mütləq bir səbəb tapırdım. Xalidə xanımın ölümü ilə itirdiyim bir çox nəsnələri düşündükcə yetimlik iztirablarım təzələnirdi. Özümü ələ alır, “dözəcəyəm, güclü olacağam” deyə söz verirdim özümə. Övladları ilə əlaqə saxlayırdım. Təsəllini onlardan alırdım.

Yazıdakı hər cümlə beynimdə dolanırdı. Axı nəyə lazım idi bu mətn? Yazmasaydın nə baş verərdi? Bilirəm ki, ona hörmətin yox idi. Görəsən, məndən başqa kim duyub bu qeyri-səmimiliyi? İlk dəfə ona qəzəbimi boğa bilmirdim. Gözlərinin içinə baxıb: “Qələminə xəyanət etdin” demək istəyirdim. O yazıq qadının günahı nə idi? Bilirəm ki, xatiri əziz deyil sənin üçün bəs niyə yazdın?

Amma qarşılaşanda sözlərimi uddum. İncitmək istəmədim. Bəlkə də, ona münasibətinə görə qəlbinin dərinliklərində özü də xəcalət çəkir. Yəqin sakitləşmək üçün yazıb dedim. Bu ovunmaqdan çox onun haqqında pis düşünməməyə özümü sövq etmək idi. Amma bir sual məni hey düşündürürdü: Görəsən, yanımda Xalidə xanımı pislədiyini xatırlayırmı? Münasibəti ilə mətnini müqayisə edəndə üzümə baxmağa çətinlik çəkirmi?

Yeddi sual getdikcə artsa da heç birini özünə verə bilmirdim.

Xalidə xanımın otağındakı güllər solmuşdu. Xadimə dəhlizə qoymuşdu ki, aparıb atsın. Ürəyimdən sızıltı qopdu. Özü su verirdi həmişə. Artıq qırx gün idi ki, susuzluqdan quruyan çiçəklər vərəmli insanların ciyərləri kimi xışıldayırdı. Güllər də baş götürüb gedirdi. Bu çiçəklər bizim şahidimiz idi. Onların solmağına bir də buna görə üzülürdüm. Qeyri-səmimi yazılmış mətnlə solmuş güllər sanki mənə nələrsə demək istəyirdi, mənsə ürəyimdən başqa heç kəsə inanmaq istəmirdim. Ürəyimdə bu zamanda heç kəsdə tapılmayacaq bir eşq vardı. Heç nə ummadan, gözləmədən sevirdim onu. Hicranla birgə doğulan, vüsalına ümid olmayan sevgi məni məyus etməkdənsə güc verirdi. Yetimliyə alışmışdım. Buna da dözəcəkdim. Qəlbimdə əmanət bir eşq yaşayacaqdım. Bütün varlığımla inanırdım ki, sevgi ömrün qaranlıq və rütubətli günlərinə işıq saçan Günəşdir. Sevgi qəlbin dərinliklərindən boy atıb qol-budağıyla ömrünü yaşıllaşdıran ağacdır. Sevgi gödək ömrünə heyifin gəlib dərməyə qıymadığın, amma qoxusuna tərəf qaçdığın çiçəkdir. Sevgi dumduru, bumbuz bulaq suyudur, hər boğaz dözməz soyuqluğuna. Həm də bu ekologiyanı korlaya biləcək birini özünə yaxın buraxmaqdır sevgi. Günəşin üzünü tutan, ağacları məhv edən, çiçəyi dərib yerə atan, bulağı gözündən qurudan “O”nu cəzasız buraxmaq da sevgidəndir. O, xəstə olanda “kaş mənə yalan söyləyəydi, amma ağrımazdı” diləməkdir sevgi. Gecələr “daha yazmayacam ona” deyib səhər yuxudan gözlərini açan kimi nömrəsini yığıb səsini eşitmək arzusudur. Unutmaq istədiyin halda, şəkillərinə baxmaqdan doymamağın da sevginin simptomlarındandır. Sevgi ondan başqa heç kəsi görmək istəməməkdir. Sevilmədiyini bilsən belə sevmək, öz-özünə küsüb-barışmaqdır sevgi. Öz ünvanını tərk etməkdir sevgi. Bundan artıq nə olmalıdır ki o?”

Gecikmişdim. Saytda problem yarandığından materialları yükləmə prosesi gec bitdi. Taksidən düşüb binanın həyətinə girəndə sol tərəfdə maşın gördüm. Ona oxşatdım. Hə, özü idi. Üzünü o tərəfə çevirməyə gecikmişdi. Tanıdım. Bəs burda neynəyir? Məni izləyirmiş. Gecə gəldiyim üçün evə getməyib arxamca gəlib. Görəsən, həmişə belə edir, ya ilk dəfə idi? Bəs bu, nə idi? İnamsızlıq? Ya məni qoruyurdu? Cavabını nə vaxtsa kitabından tapacağım suallar o gecə səhərəcən fikrimdə dolaşdığından yata bilmədim.  Gah onu qınadım, gah da günahkar özümün olduğumu düşündüm. Bu imkansız sevgi niyə doğdu qəlbimdə? Niyə həyat mənə iztirab verməkdən əl çəkmir? Nə idi məni ona bağlayan heç cür izah edə bilmirdim. Düşündüm ki, sabah gedib gecə nə üçün məni izlədiyini soruşacam. Amma ağlımın dediklərini ürəyim qətiyyətlə rədd edirdi.  Dəli kimi aşiq olmuşdum ona. Ruhuma o qədər yaxın idi ki, elə bilirdim təkcə o mənə öyüd verə, acıqlana, hətta izləyə bilər.

Həmin gecənin səhəri həyat mənə daha bir “itki sürprizi” elədi. O gün günəş əvəzinə ömrümə növbəti kədər doğdu. İnanmaq istəmirdim. Donub qalmışdım. O artıq həyatda yoxdur. İnsult keçirib… Ürəyi xəstə imiş. Ailəsi bildirib. “Xəstəyəm” deməyini bəhanə sandığıma görə də xəcalət çəkdim. Özümü küçəyə atdım. Gedib otağında görəcəyimə ümid edirdim. Yolda həmkarım zəng edib vida mərasiminin evində olacağını dedi. Qollarım boşaldı. Telefon qulağımdan sürüşüb asfalta düşdü. Küçəyə yayılan cingiltisi qulaqlarımda gurultuya çevrildi. O anda içim parçalanmışdı, Əyilib telefonu götürdüm. Elə bil yerdən ürəyimin parçalarını yığırdım. Telefonda ondan yadigar qalan səsi, göndərdiyi sənədlər vardı. Sınmış telefonu ovcumda bərk-bərk sıxdım. Onunla yad adam kimi vidalaşmağa dözməyəcəkdim, bəs nə deyib yaxınlaşacaqdım? Ailəsinin üzünə necə baxacaqdım? Özünün təbirincə desəm əslində onlara əzizlərini sevməkdən başqa heç bir pislik etməmişdim. Amma bunu mənə nəinki onun ailəsi, heç anam belə bağışlamazdı. Birbaşa iş yerinə getdim. Qapı bağlı idi. Gözətçidən başqa heç kəs yox idi. Hamı onunla vidalaşmağa getmişdi.

Sən demə o gecə can verirmiş… Arxamca gəldiyi gecə. Bilirdim o adi insan deyil. Hər kəsin, hər şeyin dərdini çəkirdi. Çox vaxt həmkarlarının əleyhinə də danışırdı. Hərdən “deyingəndir” deyib ürəyimdə onu qınasam da anlayırdım ki, işləri yoluna qoymağa çalışsa da hadisələrə müdaxilə edə bilmir.  Ürəyini üzən də elə bu idi.

Gedəcəyimə qərar verdim. Onu son mənzilə baxışlarımla yola salacam.

Taksidən düşüb özümü qələbəliyin içinə atdım. Aparırdılar. Onu məndən ayırırdılar. Əslində qəlbimə gələndə elə ayrılığı götürüb gəlmişdi. İndisə çox şeyi götürüb aparırdı. Ona hamıdan çox yaxın olduğum halda, hamıdan yad görünürdüm. Böyük hisslərlə yaşayanların gedişi xırda istəklər üçün doğulanların itkisi deyil. O mənim itkim idi. Mənim. O, məndən getdi… Hamı kimi sözlərimi rahat deyə bilmirdim. Kədərimi ailəsi kimi büruzə verə bilmirdim. Hamı ailəsinə başsağlığı verirdi, mənsə özümə təsəlli axtarırdım. İdeyalarını yayacaqdım.

O günlərdən yeddi sual yadigar qaldı. Mənim həvəslə yazdığım, onunsa cavab verməkdən qaçdığı yeddi sual. Ona suallarım bitmədi. Yeniləri yarandı. Hamısından da yayındı.

Onunçün ayrıca qovluq yaradıb saytlardakı bütün yazılarını, şəkillərini, müsahibələrini, yutubdakı videolarını topladım.

Sonuncu müsahibəsinə baxıram. Kitabının çapını gözləyir. “Bəs təqdimat necə?” deyə soruşan jurnalistə:

– Mənim kitab təqdimat edəsi vaxtım deyil. Nəşriyyatdan götürüb verəcəm oxucuların ixtiyarına. Oxuyub söyərlər. – deyir. Jurnalist təəccüblə soruşur:

– Söymək niyə?

– Yazdıqlarım çox vaxt qıcıq doğurur.

– Niyə qıcıqlandırırsınız oxucuları?

– Həyat məni qıcıqlandırır, mən də oxucuları.

– Oxucunun nə günahı var?

– Oxucunun günahı oxumamaqlarıdır.

– Onların hazır olmadıqları mövzuda yazırsınız.

– Hazırlaşsınlar.

– Yanaşmanızla oxucularınızı uzaqlaşdırmırsınız ki?

– Çox uzağa gedə bilməzlər. Əvvəl-axır qayıdacaqlar.

– Nədən əminsizniz?

– Çünki həmişə alternativ fikir söyləyənləri bəyənməyiblər. Amma onlar sonra tarixdə, ədəbiyyatda və s. qalıblar. Fikirlərimi bəyənməyənlər də tənqid edə bilərlər.

– Bəs tərif necə?

– İkisini də eyni cür qarşılayıram.

– Kitabın adını bilmək olarmı?

– Az qalıb çapdan çıxanda biləcəksiniz.

– Heç ürəyinizdən keçibmi ki, kaş bu yazımı filankəs oxuyardı?

– Filankəs özü oxuyur, arzulamağa ehtiyac qalmır.

– Fərqləndirdiyiniz oxucunuz varmı?

– Özü fərqli olan oxucum var.

– Gənc qələm sahiblərinə nə tövsiyə edirsiniz?

– Hər oxuduqlarına inanmasınlar.

– Sonra?

– Yazılarını sevdiklərinin özlərini sevməsinlər.

– Niyə?

– Çünki çoxu istədiklərini deyil, cəmiyyətin oxumaq istədiklərini yazır. “Bu mövzudan yazsam ,oxunacaq” fikriylə.

– Çoxu elə yazır, bəs Səlin Uğurlu?

– Səlin Uğurlu yalnız nitqində “montaj” işləri aparır, yazanda dünya vecinə deyil.

– Xoşbəxtsinizmi?

– Xeyr.

– Niyə?

– Qaydalar imkan vermir.

– Bəs niyə bədbəxtsiniz?

– Hamı sözümə baxır ürəyimdən başqa. Onunla davamız çox olur. Yumruq boyda ürəyinə gücü çatmayan adam necə xoşbəxt ola bilər?

– Biz sizi güclü, amma soyuqqanlı insan kimi tanıyırıq.

– Soyuqqanlılıq gücdən doğur. Bir də ki heç olmasa siz mənim haqqımda bunu bilirsiniz, mən sizin haqqınızda heç nə bilmirəm. (gülür)

– Sanki sözləri əlinizin altına yığmısınız, hər məqama uyğun kəlməni tez tapırsınız.

– İnsanlardan fərqli olaraq sözlərlə yaxşı yola gedirəm.

– Kimi itirməkdən qorxursunuz?

– Sevgini.

– O kim deyil axı.

– Sevgi insandır. Axı bayaq oxudun, mücərrəd mənalı sözü ona başqaları deyir, mən yox.

– Bəs nədən qorxursunuz?

– Susuzluqdan.

– Heç özünüzü itirmisinizmi?

– İndi hə.

– Niyə?

– Çünki indi mən deyə bir kəs qalmayıb. İndi Oyam.

– Cəsarətli insansınız.

–  Elə də böyük cəsarət sayılmaz. Bir balaca düşündüklərimi deməkdən çəkinmirəm vəssalam.

Nə qədər şən görünürsə də gözlərinin dərinliyində kədər sezilir. Bəlkə də, mənə elə gəlir.

Kitabını ilk alan mən oldum. Özü görmədiyi kitabını. Xeyli kitab aldım. Paylayacaqdım. Fikirlərinin daha çox yayılmasını istəyirdim. Qəribədir, elə bil hiss edirdi kitabını görməyəcək. Bəlkə də, mənə arxayın idi. Bilirdi ki, nəsə edəcəm.

Onunla bağlı xatirələrimi yazmaq istəsəm də, həmkarlarımın “özünü reklam edir” tənəsindən qorxub fikrimdən daşındım. Ağlıma gəldi ki, bəlkə, adlarımızı dəyişib hekayə şəklində yazım. Bunu da etmədim. Real hadisə idi, bədiiləşdirmək istəmədim. Yaxşısı budur o günləri yalnız xatırlayım, öz-özümə danışım. Heç kəs bilməsin. Mənimlə qəbrə getsin.

“Yeddi sual”. İlahi! Kitabın adını “Yeddi sual” qoyub. Sərlövhənin altında “Ona həsr olunur” yazılıb. Kitabda heç vaxt mənə demədiyi sözlər yazılıb. Gizlətdiyi hər şey var orda. Elə bilirdim laqeyd idi hisslərimə. Elə bilirdim müsahibə vermədiyinə peşman deyildi. Necə yanılmışam. İncik idim ondan. Ürəyimdə həmişə qınayırdım. Kitabda niyə müsahibə vermədiyini açıqlayır. Xalidə xanım haqlı imiş. Saytların, jurnalistlərin bolluğu iyrəndiribmiş onu. İlk dəfə gördüyündən məndən də buna görə qaçıb. Sonra isə sevib uzaqlaşıb. Daha çox bağlanmaqdan qorxub qaçırmış. Unutmağa çalışaraq sevirmiş…

Cəmi yeddi sualdan qalın kitab yazıldı.

Bu sözlərlə başlayır  o kitab:

“Ürəyindən gəlmədiyini özün də bildiyin yazılar yazıb oxucuları aldatma! Səmimi deyilsənsə, yazdıqların sevilməyəcək. Bir yazını nifrətini gizlətmək, özünü gözə soxmaq üçün birini də “yaxşı deyil, yoldaşıq haqqında mən də yazım”ın dərdindən ərsəyə gətirirsən. Sağ olanda ünvanına hədyanlar dediyin adamın haqqında ölən kimi tələm-tələsik yazmağın bir yana guya ləyaqətli adamsanmış kimi “elə eləmərəm, mən filan şeylərdən uzağam” və s. kimi özünütəqdimetmə mövzulu yazıların iç üzünü gizlədə bilmir. Əməlinlə yazdıqların bir-biri ilə elə savaşır ki, oxucu onların hansının haqlı olduğunu dərhal anlayır. Sevginin saf hiss olduğunu şeirləşdirib həyatda onu başqa şeylərlə qarışdırmaq, dürüstlükdən dəm vurub əyrilik etmək, saxtakarlığı pisləyib nəyinsə xatirinə yaltaqlanmaq tez-tez dəyişməyin vədinə əməl etməməyin özünü də yazdıqlarını da gözdən salır. Özün bir yana sözlərə yazığın gəlsin. Onları ucuzlaşdırma. Hiss etdiklərini yazmağa cürətin çatmırsa, gözə kül üfürən yazılar da yazma. Bu cür yazılarda gizlənə bilmirsən. Vallah-billah görünürsən. Lupasız, filansız…

Bunu bir vaxt mən yazmışdım. Son aylaradək prinsipimə sadiq qalmışam. Bir gün bu fikirlərimə zidd olan mətn yazdım. Dünyasını dəyişən birinin haqqında tələm-tələsik yazdığımı oxuyan ən sadiq oxucumun qınağından qurtarmaq üçün bəribaşdan yazmaq səbəbimi açıqlayım ki, söhbət digər səhifələrədək uzanmasın. Bu anlaşılmazlıq burda bitsin. O qadının çəkdiyi əziyyətlərin şahidi olmuşdum.  Gənc qızlara qayğıyla yanaşırdı, kimsədən köməyini əsirgəmirdi. Bunlardan yazmaya bilməzdim. Birindən xoşumuzun gəlməməyi ona qarşı ədalətsiz davranmağımıza səbəb olmamalıdır”.

Onu qınadığımı bilirmiş.

Oxucularını qruplara bölübmüş: “Kitablarımda mentalitet aşiqləri “axtarış” aparmasınlar. Mən ağıldan yox, insana məxsus hər hissdən yazıram”.

“O gəldi… onadək yaşadığım günlərin mənasızlığını sübut etməyə gəldi. O güldü… indiyədək gülüşün nə olduğunu bilmədiyimi göstərmək üçün güldü. Ağladı, saxta göz yaşları olduğunu unutdurdu. Sevindi, sevinci duydum. İncidi, qəlb qırmağın qəbahətini anladım. Etiraz etdi, cəsarəti alqışladım. Susdu, çarəsizliyə qəzəbləndim. Yazdıqlarını bəyəndim, amma dinmədim, haqsızlıq etdim. Bilə-bilə tərifləmədim. Arxayınlıq etməsin, işləsin üzərində. Bir istedad böyüməkdədir. Sual verdi, cavabsız qoyub peşman oldum. Məlun-məlun baxdı, qəzəbimdən utandım. Günahlarımı yumağa göndərdi onu Allah. Dəyişməyə başladım gəlişiylə. Hiss etdim ki, qəlbində pisliyə zərrəcən yer yoxdur. Utandım ondan. Kəlmə kəsməyə də utandım.  Toxunmağa qıymadım. Onu sevib öyrəndim sevməyi.”

Eşitmək istədiyim sözləri artıq oxuyurdum. Xoşbəxt idim. O, həyatda olmasa belə, bu sevgi məni xoşbəxt edirdi. Mənə elə bu lazım idi. Tənha deyiləm. Daima ağlımda, ürəyimdə mənimlə olan biri vardı.

“İndiyəcən həyatımdan çox qadınlar keçdi.. Heç hansını incitmədim. Gözəllərinə də laqeyd qalmadım. Bircə o gözəldən imtina etdim. Çünki o təkcə gözəl deyildi. Tanıdığım insanlar arasında ən safı, ən ədalətlisi, ən etibarlısı idi. Amma mən ondan qaçdım. Saflığından utandım. Qıymadım ona. Toxunmadım. Olduğu kimi qalmağını istədim. Özündən gizlicə qorudum onu. Gecəyə qalanda evlərinədək ötürdüm. Görmədi, bilmədi. Həmişə qoruyacam onu.

Çox su içdim indiyədək, amma onu kimi durusu olmadı. Dağların bağrını yenicə dəlib çıxıb o. İçmədim bu sudan, qoy axsın öz çayına qarışsın, öz dənizinə tökülsün”.

Sətirlər mən idim. Kitabı bağrıma basdım.

Dünya sevəndə necə gözəl olurmuş… heç nədən qorxmurdum daha. Atamdan, Xalidə xanımdan sonra yenə də sevdiyimi itirmişdim. İtkilərim dözümlü etmişdi məni. Məni nə qədər özündən uzaqlaşdırmağa çalışdısa da, alınmadı. Əksinə, daha da çox sevdim onu. Bilmirəm,  nə vaxtsa ondan danışacam, ya yox. Bilmirəm yaşımın elə vaxtına çatacammı ki, xatirələri qorumağa gücüm çatmasın, sirrim dilimdən öz-özünə çıxsın. Hələki onu qəlbimdə gizlədirdim.

Ondan sonra hər şey dadını itirsə də, onsuz heç nə öz yerində olmasa da yaşayacaqdım. İndi sözləri sevirdim, onun sevdiyi, işlətdiyi bütün sözlər mənə əziz idi. Söz əbədidir, onu məndən heç kəs ala bilməyəcək.

Kitabı yenə müzakirəyə səbəb oldu. İndi hamı ən çox orda haqqında bəhs olunan qadından danışırdı. O xoşbəxt qadının indi qarşılarında olduğunu bilən yox idi. Kitablarını özü kimi əzizləyirəm. Adı keçən hər yeri, hər şeyi sevirəm. Şəkillərinə baxıram. Onu tapmamış itirdim, qovuşmadan ayrıldım. Ondan cəmiyyətin qınağına qarşı “immunitetli” olmağı öyrəndim. Peyvənd kimi yazılarının çoxlarını cahillik xəstəliyindən xilas edəcəyinə inanıram. Sağ olanda toxuna bilmədiyim sevdiyimə qəbir kimi rahat sarılıram. O elə gələndə gedişini də götürüb gəlmişdi. Onsuz da ümid edəcəyimiz bir şey yox idi. Əgər Yerdəki adamın Göydən yağış damcıları ilə düşməsini xəyal edirsənsə, deməli, çarəsizliyindən xəbərin var və özünə yalanı buna görə söyləyirsən. Ümid də siyasətin bir növüdür Bu da boş vədlərlə xalqı aldatmağa bənzəyir. Varlığıyla da yoxluğuyla da həyatımın dəyişəcəyinə ümid edəsi bir şey yox idi. Amma nəfəsiylə uzaqdan-uzağa qızınırdım. İndi isə yıxılmamaq üçün xatirələrinə söykənirdim. O olmadığı dünya mənə qürbət kimi görünsə də sağlığında da özü qürbət idi mənə. Nə mən gedirdim, nə onun sərhəddi açılırdı…

Haqqında veriliş də hazırladım. Bircə sevgimizdən yaza bilmirəm.

Mənim əvəzimə ondan müsahibə alan həmkarım yarım saatlıq görüşlərini şişirdə-şişirdə xeyli yazdı, qürurlandı. Səlin Uğurlunun dilindən nələri artırdığını dəqiq bilirdim. Onun hər kəlməsinə bələd olduğumdan hansı ifadələrin ona məxsus olmadığını cümlədə tez tutrdum. Bu riyakarlığına görə “Sənə müsahibə vermədi” sözü indi mənə təsir etmirdi. Özünü yalançı kimi sübut etmişdi. Səlin Uğurlu mənə qəlbini vermişdi, bu bizim öz dünyamıza aid idi. Bu sevgiyə qürur mənbəyi kimi baxa bilməzdim. Bu sevgi mənə yaşamaq üçün səbəb idi və mənimlə birgə O da yaşayırdı.

Cəsarətim artmışdı. Qərarımda qəti idim.

Dayımgillə incikliyimiz düşdü. Anam onların tərəfində idi. Mənimlə çox soyuq rəftar edirdi. Halına acıyırdım. Ovundurmağa çalışırdım. Hər dəfə ona yaxınlaşanda elə bilirdi “razıyam” deyəcəm. Amma günlər beləcə ümidsizcəsinə ötürdü. Anam bilmirdi ki, mən də onu kimi indi qoynumda bir yetim saxlayıram. O yetim mənim sevgim idi. Onu hamıdan qoruyacam, özüm böyüdəcəm.

Bundan belə mövqeyimə və yazacağım yazılara görə qınanılacağım gözlənilirdi. Məqsədimi artıq bəyan etmişdim: “Tək yaşayan insanlar xalq üçün daha çox faydalıdırlar. Onların ailəsinin yaşayacaqlarından qorxub ədalətsizliyə tabe olmaq kimi qorxuları olmur. Onlar millət üçün mübarizə aparırlar. Tənha insan yoxdur, insanları sevməyən şəxslər var”. Tənhalığınla daha güclü olursan.

Çətin bir yol başlayıram. Uğrunda çalışdıqlarımın əllərində ölməsəm… hər şey yaxşı olacaq.

13 sentyabr 2020