Qax Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən İsmayıl Dağıstanlı adına Xalq Teatrında Nizami Gəncəvinin 880 illiyi münasibətilə dahi şairin “Xeyir və Şər” poeması səhnələşdirilib.
Azərbaycan Prezidenti tərəfindən elan edilən “Nizami Gəncəvi ili” çərçivəsində səhnələşdirilən tamaşa qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının təbliği məqsədi daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın rejissoru Gülşad Paşayevanın quruluş verdiyi tamaşada Xeyir obrazını aktyor Şəmsəddin Quliyev, Şər obrazını isə İbrahim Paşayev canlandırıblar. Tamaşada rolları, həmçinin Nəvai Əliyev, Əli Yunusov və digər həvəskar aktyorlar ifa ediblər.
Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə nümayəndəliyindən verilən məlumata görə, ilin sonunadək rayonun mədəniyyət müəssisələrində Nizami poemalarından götürülmüş “Nuşirəvan və bayquşların söhbəti”, “Sultan Səncər və qarı”, “Kərpic kəsən kişinin dastanı”, “Şah və xidmətçi”, “İsgəndər və çoban” və digər mənzum hekayələrin səhnələşdirilməsi də nəzərdə tutulub.