Könül
Qaranlıq sinəmdən elə basırdı ki, tərpənməyə taqətim qalmamışdı. Olub keçənləri nə qədər düşünmək olar? Xatirələr elə bil adamın canına qənim kəsilib. Bu gün yaman ağır oldu. Səbirsizliklə gecəni gözləyirdim. Heç şam yeməyimi də yeyə bilmədim, xəlvətcə zibil qabına tökdüm.
…Mən qorxaq adam deyiləm. Axı, bəzi şeyləri deməkdən, eləməkdən çəkinmək heç də qorxaqlıq deyil. Əvvəllər hekayələr yazardım, gördüklərimi, eşitdiklərimi, müşahidə elədiklərimi bədii dilnən çatdırırdım. Ancaq bər-bəzəyi lazımınca verə bilmədiyindən çəkindim ki, mənfi qəhrəmanlarım bu hekayələri oxuyan kimi özlərini tanıyacaqlar. İş burasındadır ki, qəhrəmanlarımın hamısı yaxın-uzaq dost-tanış olurdu. İndi özünüz fikirləşin, kimə lazım idi artıq qanqaralıq? Nə isə, yandırdım bütün hekayələrimi. Hə, ara-bir şeir də yazırdım, ancaq yalnız mənə məxsus hisslərdən başqalarının xəbər tutmasından çəkindim. Doğrusu, hamı məni iradəcə möhkəm, qətiyyətli adam kimi tanıyırdı, birdən-birə zəif görünməkdən çəkindim. Şeirin də daşını atdım. Elmlə məşğul olmağa başlayanda çox qorxurdum ki, birdən bacarmaram, yarı yolda qalaram, biabır olaram. Əslində, elmi bir o qədər də sevmirdim, ruhsuz görünürdü mənə. Gecəmi gündüzümə qatdım, oldum riyaziyyat elmləri doktoru. Sonra professor, akademik. Sağ olsun yaxşı yoldaşlar. Mənim öz yerimi bilməyim, hərdən onlar üçün də xidmət göstərməyim xoşlarına gəlirdi, ona görə də mənə lazım olduğu qədər yol açırdılar. Nəinki özümə, üstəlik oğul-uşağıma da bir gün ağladılar.
Yox, mən qorxaq deyiləm. Sadəcə, nə edəcəyimi bilmirdim. Birdən yazdıqlarım kiminsə xoşuna gəlməz? Birdən söylədiklərim adıma-sanıma xələl gətirər? Birdən sözlərim səhv yozular? Yox, bu qorxaqlıq deyildi, sadəcə ehtiyat idi. Nə olsun ki, ürəyimdəkiləri demirdim, bu mənim şəxsi işim idi. Amma nədənsə, bu lənətəgəlmiş çəkingənlik yavaş-yavaş qorxuya çevrilirdi. Qorxudan hamı üçün yazıb, danışırdım, ancaq ürəyimdəkilər elə ürəyimdə qalırdı, yazılmamış, deyilməmiş. Hərdən mənə elə gəlirdi ki, içimdəki qorxu deyil, yazılmamış sözlərimdi əsib-çoşurlar. Mərtəbəm artdıqca qorxum da çoxalırdı, içimin titrəyişlər də az qala zəlzələyə çevrilirdi.
Nəhayət, öz ürəyimə qulaq asdım. Danışa biləcəyim bir yer tapdım və o dəqiqə düşünmədən, çəkinmədən bura gəldim. Əslində bura gəlmək istəyimi heç kim bilmədi. Qorxdum ki, bilsələr, qoymazlar. Anlayanda ki, dünyada yeganə sakit və çəkinmədən sözümü deyəcəyim yer buradır, kimsəyə bir şey demədən bura gəlmək üçün çalışıb vuruşmağa başladım və nail oldum. Elə də çətin olmadı. Onsuz da, əvvəllər çoxları deyirdi ki, mənim əsl yerim elə buradır.
Gələndən sonra anladım ki, burada da qorxu hökm sürür, ancaq mənim qorxularımın yanında bu fiziki qorxular heç nədir. Hər halda mən halımdan razıyam. Ən çox ona sevinirəm ki, burada özümə çox yaxın bir həmfikir tapmışam, imkan düşən kimi oturub dərdləşirik. İlk vaxtlar o da mənim kimi yaman çəkingən idi, başını qaldırıb üzümə baxmırdı, amma yavaş-yavaş dil tapdıq. Bir şey pisdir ki, yazıq laldır. Məni eşitsə də, cavabı gözləri ilə verir. İndi biz bir çox dilli-ağızlı adamlardan daha yaxşı anlaşırıq. Gülməlidir, amma alim dostlarımdan o yaxşı anlayır məni.
Gözümü dolandırıb dinşədim. Səs-səmir yox idi. Hər yerim keyləşmişdi, taxta parçasına dönmüşdüm. Yerimin içində ayaq barmaqlarımı tərpətdim. Dişimi sıxıb yerimdə çevrildim. Bir də dönmək istəyəndə tappıltı ilə çarpayıdan yerə düşdüm. Qorxudan səsimi içimə elə çəkdim ki, sinəm acışdı. Düşdüyüm yerdə qımıldanmırdım ki, səs olar. Deyəsən, heç kim oyanmamışdı. Ayağa qalxmadan iməkləyə-iməkləyə qapıya tərəf süründüm. Ay Allah, bircə qapı cırıldamayaydı. Qapıya çatıb dodaqlarımı bərk-bərk dişləyib onu azacıq araladım və ilan kimi aradan sivişib dəhlizə keçdim. Ayağa qalxmadan dəhliz boyu beləcə getdim. Yadıma düşdü ki, yuxularımda həmişə belə iməkləyə-iməkləyə qaçıram. Heç yuxunun yeridi?! Hardan yadıma düşdü?!
İndi əsas məsələ dostum oturan otağa çatmaq idi. Bu mənim ilk gecə gəzintim deyildi. Hər gecə belə edirdim. Səhərə kimi orda oturardım, heç kimin xəbəri olmazdı. Yox, əslində mən heç kimdən qorxmuram, amma istəmirəm kimsə bilsin ki, mənim yuxu problemim var və gecə kimi səssiz dura bilmədiyimdən, özümə qulaq yoldaşı axtarıram.
Ehtiyatlı olmaq lazımdır. Xəbər tutsalar, əllərindən gələni edəcəkdilər ki, mane olsunlar. Məni yatırtmaq üçün min bir üsul tapacaqlar. Təbii ki, bu yaşımda çətin kimsə mənə lay-lay deyə.
Nəhayət, dostumun qapısına çatdım. Dayanıb dərindən nəfəs aldım. Qapısı aralı idi. Divardan tutub yavaşca dikəldim və qapının arasından üsulluca içəri keçdim və boynumu çiyinlərimin arasına qısıb o oturan güncə qaçdım. Uşaqlığım yadıma düşdü və astaca güldüm.
Nə yaxşı ki, bu otaq varmış, o varmış, heç olmasa ürəyimi boşalda bilirəm. Qaranlıqda üzünü aydın seçə bilməsəm də, oyaq olduğunu gördüm. Məni görəndə o da uşaq kimi sevindi. O, həmişə məni görəndə saf bir körpə təbəssümü ilə qarşılayır. Mən ötən günlərimdən, artıq doğmalaşdığım rəqəmlər aləmindən danışanda elə ürəkdən sevinir, üzümə elə fərəhlə, həvəslə baxır ki, elə bil o xoş günləri mənimlə bərabər yaşayıb, o mükafatların ləzzətini duyub. Ümumiyyətlə, mən öz uğurlarımdan danışmağı xoşlamıram. Bəlkə, birinin ömründə heç uğuru olmayıb? Bir də həmişə nədənsə mənə elə gəlib ki, o uğurlar mənim deyil, onlar barəsində ucadan danışsam, sahibi tapılıb əlimdən alacaq. Əvvəllər ona da çəkinə-çəkinə danışırdım, o da təşvişlə qulaq asırdı. İkimiz də ətrafa boylanırdıq ki, eşidən olmasın, ancaq indi alışmışıq, hər şey barəsində rahatca danışırıq. Danışırıq deyəndə, mən danışıram, o da dinməz-söyləməz qulaq asır, gözləri, üz cizgiləri ilə cavab verir.
Astaca keçib qarşısında oturdum:
– Axşamın xeyir. Bağışla, gecikmişəm. Bu günüm yaman ağır oldu. Televizorda institutumuzu göstərirdilər. Yenə kimə isə mükafat verdilər, kimi isə təriflədilər, təbrik etdilər. Bilirsən… – deyə sözümün dalını uzatdım, – yenə heç kim ürəyindəkiləri demədi. Mən bilirəm axı, ürəkləri dilləri deyəni demir. Bəlkə də, ürəkləri boşdur, ona görə hər şey boğazdan yuxarı danışırlar.
Ağzımı tutub pıqqıldadım:
– O kresloda mən də oturub sağa sola təşəkkürlər paylamışam… – elə bil boğazım tikildi, səsim qırıldı, – üzüm gülə-gülə də qorxmuşam ki, ürəyimdəkiləri bilsələr, mənə əl çalmazlar, məni o kreslodan qovarlar. Mən onların ürəyincə danışırdım, onlar da mənə əl çalırdı. Bilirsən… – yadıma düşən fikirdən dirçəldim, – məndən də qorxan var idi. Nə qədər eləyirdim, qorxmasınlar məndən, olmurdu. Amma, öz aramızdı, onların qorxusu məni dünyada ən çox qorxudan şey idi. Mən qorxaq adamlardan qorxuram. Qorxu onların əsl sifətini gizlədirdi. Yox, elə bilmə mən qorxaq olmuşam. Sadəcə, ehtiyat edirdim.
Susub qaranlığı dinşədim. Sanki qaranlığın nəfəsində də qorxu var idi. Axı qaranlıq da işıqdan qorxur. Bu qorxu dolu fısıltını eşitməmək üçün səsimi qaldırdım:
– Bu gün onları telefizorda görəndə elə əsəbiləşdim ki, düşündüm, heç nədən çəkinmədən açacam sandığı, tökəcəm pambığı. Olmadı. Mənə heç qulaq asan da olmadı. Ömrümdə ilk dəfə idi ki, hər şeyə göz yumub heç nədən çəkinmədən hər şeyi düz gözlərinin içinə deyirdim. Hər şeyi dedim. Amma yenə heç kim həqiqətə qulaq asmaq istəmədi. Özlərini vurdular qanmazlığa. Guya Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına qoyan mənəm. Elə bil böyük hünər iş görüblər. Bura bax, – qaranlıqda onun üzünü seçməyə çalışdım, – bu həqiqəti heç kim qəbul eləmək, qəbul eləməkləri cəhənnəm, heç dinləmək istəmirsə, onun nəyi həqiqətdir?
İçimdəki zəlzələ yenə başlamışdı. Birdən gözüm onun gözlərinə sataşdı, ağlayırdı.
– Niyə ağlayırsan? Ay yazıq, gözlərindən acı tökülür, sənə nə olub? Alnına nə olub? – irəli əyilib diqqətlə sol qaşının üstünə baxdım. Zopa izi idi.
– Kim eləyib bunu? Yoxsa bu gün sən də mənim nitqimə qulaq asmağa gəlmişdin? Qalmaqala sən də düşdün?
Gözlərinin bəbəyi qorxudan elə bərəldi ki, az qaldı hədəqədən çıxa. Həyəcanla ağzını səssizcə açıb yumdu.
– Yaxşı, yaxşı. Sakitləş. Eybi yox. İndi dünya əli başından cəld işləyənindir. Bu gün ha çalışdım o qanmazlara söz anladam, olmadı. Gördüm ki, əllərindəki zopanı hərlətməkdən başqa heç nə bilmirlər. Nə edək, əli zopa tanıyanın şüuru da bircə zopa səsini dərk edir. Bəsdir, ağlama.
Gözləri yavaş-yavaş sakitləşdi, yaşı qurudu. O, hər axşam ağlayırdı. Bizim tanışlığımız da onun ağlamağından başlamışdı. Nə etsin, dili-ağzı yox, gözü görür, qulağı da eşidir. Di gəl, sendir gördüyün bu çirkinlikləri, görüm necə sendirirsən. Heç olmasa, arada bir bağıra, ürəyini boşalda, amma yox, elə güc verir gözlərinə. Mən özüm ağlayan adam deyiləm, heç bacarmıram da, zəif görünməkdən çəkinirəm. Tanışlığımız günü mən evdən xəbər gözləyirdim. Heç kim gəlmədi, yalnız bir bağlama və bir məktub gəldi. Hər ikisini atdım zibil qutusuna. Nə yazıldığını bilirdim. Hərdən mənə elə gəlirdi ki, yəqin, bir məktub yazıb surətini çıxarıblar. Hər ay birini göndərirlər. Əvvəllər gələn olurdu. Ancaq gözlərində ürəklərini görə bilmirdim, söz deyirdim, əks sədası gəlmirdi. Elə bil ürəkləri bataqlığa dönmüşdü, hər şeyi udurdu, heç nə qaytarmırdı. Mən də qovdum hamısını. İndi bircə bağlama göndərirlər, mən də atıram zibil qutusuna. Həmin gün hirsimdən çatlayırdım. Boş otaqlardan birində oturub dırnaqlarımı gəmirirdim. Birdən onu gördüm. Küncdə oturub mənə baxırdı. Elə doğma, tanış sifəti var idi ki. Ona baxdığımı görəndə, bir himə bənd imiş kimi ağlamağa başladı. Bir xeyli o sakitcə ağladı, mən də ona tamaşa elədim. Sonra nə dedimsə, balıq kimi ağzını açıb yumdu. Başa düşdüm ki, laldır.
Onun gözlərindəki qorxu məni həmişə əsəbiləşdirirdi. Mənim qorxaqlardan zəhləm gedir. Əslində, bu dünyada qorxmayan məxluq yoxdur, ancaq bu bədbəxtin qorxusu fərqli idi. İlk vaxtlar az qalırdım onun bu qorxaq, zəlil sifətini daşla əzim. Yox, mən onun qədər qorxaq deyiləm. Özü dinib danışmasa da, o yazıq gözləri hər şeyi deyirdi. Bu gün elə bil gözlərindəki qorxu birə beş artmışdı.
Boğazım yenə düyünləndi, özümü saxlaya bilmədim:
– Ay dəli, nədən qorxursan? Dediklərini onsuz da eşidən yoxdu. İstifadə elə də! Vəzifədən çıxaracaqlar səni? Qohum-əqraban üz döndərəcək səndən? Dediklərini, yazdıqlarını elmi şuraya qoyub biabır edəcəklər səni? Diplomunu əlindən alacaqlar, mükafatını kəsəcəklər? Ay bədbəxt, qışqır, söy, boşalt ürəyini nə qədər istəyirsən. Səni heç kim eşitmir ey! Qorxma, heç kim səni elədiyin-eləmədiyin işlərdə günahlandırmayacaq. Sən danışa bilmirsən, qorxma, heç kim sənin sözlərini öz bildiyi kimi yozub səni gah satqın, gah milli qəhrəman eləməyəcək.
Əsəbi-əsəbi qalxıb yerimdə gəzişdim. Ürəyim o qədər dolmuşdu, ağlıma da gəlmirdi ki, onun xətrinə dəyə bilərəm. Eybi yox, qoy xətrinə dəysin, əvəzində onu için-için yeyən bu murdar qorxudan həmişəlik qurtulacaq. Mən ona bu işdə mütləq kömək eləməliydim! Yaxın bir dost, bu yolları artıq keçmiş bir alim, akademik kimi! Mən ona nümunə olmalıydım. Üzünə baxmırdım ki, zavallı görkəmi içimi sızlatmasın.
– Sən bilirsən, kimə oxşayırsan? Yiyəsi aparıb uçuq bir xarabada bağlayıb aradan çıxmış qoca bir köpəyə. Ay bədbəxt, atıblar ey səni, qoyub gediblər! Onlara daha lazım deyilsən! Nəyi, kimi gözləyirsən? Nədən qorxursan?
Gəlib düz qarşısında qayandım. O da ayağa qalxmışdı. Üzündən hirs tökülsə də, gözləri yazıq-yazıq baxırdı. Özümdən asılı olmadan səsimi qardırdım:
– Sənə baxanda həm gic gülmək tutur məni, həm ağlamaq. Ayə, itirməkdən qorxursan? Nəyin var ki, itirəsən? Nə? Düz deyir sənin bu yazıq gözlərin, sən tapmaqlan qorxursan! Tapmamış itirməyə də bir şey olmur! Ha, ha, ha, görürsən, lal olsan da, səni başa düşürəm. Sənin gərək dilin lal yox, qulağın kar olaydı, gözün də kor. Eşitməsən, görməsən, bu dünyadan da bir şey anlamazdın, indi də əzab çəkməzdin, gözlərindən də qorxu yağmazdı. İnanmırsan?
Qəfil otaq işıqlandı. Diksinib geri çevrildim. Qapının ağzında ağ xalatlı adam dayanmışdı. Çəkic dəmir zeştin üstündə var gücü ilə təbil çalırmış kimi kimin isə gur səslə düz beynimi döyəclədi:
– Ey filosof, bəsdir özünə tamaşa elədin, bu günkü bəs eləmədi sənə? Lay-lay vaxtıdır.
Heç nə anlamadım və dönüb qarşımdakına baxdım. O da təşvişlə üzümə baxırdı, elə bil imdad istəyirdi məndən. Yox, mən qoymaram ki, mənim yaxın dostumu kimsə təhqir eləsin, onu qorxutsun. Onsuz da bu yazığın qorxudan dili lal olub. Ağ xalatlıya yaxınlaşıb nəzakətlə soruşdum:
– Siz nə isə dediniz?
– Deyirəm, az filosofluq elə. Özünə lap heyran olubsan, gecə-gündüz bu güzgünün qabağından çəkilmirsən, – yekəpər sarı dişlərini göstərib hırıldadı, – bayaqdan səni axtarırıq, daha demirik kişi burada özünə valeh olub, leksiya deyir.
– Nə, nə güzgü, – deyə kəkələdim, – Siz nə danışırsınız? – çevrilib dostum oturan tərəfə boylandım. Görünmürdü. Asta-asta yaxınlaşıb böyük gül dibçəyinin arxasından ona boylandım. Tanış qorxaq gözlər budaqların arasından təəccübdən bərəlib mənə baxırdı. Ona yaxınlaşdım.
– Sən kimsən?
Ağzını açıb-yumdu, qaşlarının kənarları düşdü, gözlərini zavallı-zavallı döydü.
– Dillən. Sən kimsən? – İçim əsəbdən qaynamağa başlamışdı.
– Kim olduğunu deməyə də qorxursan? Qorxaq köpəyin oğlu! Dillən, de görüm kimsən?
Əlimi atıb yaxasından yapışmaq istədim, əlim şappıltı ilə şüşəyə dəydi. Qışqırmaq istədim, amma yuxudakı adamlar kimi səsim çıxmadı. Pıçıldadım:
– Səni heç Allah da eşitmək istəmir, dillən, heç olmasa Allahdan ölüm istə.
O yenə ağlamağa başlamışdı, amma daha ürəyim yanmırdı ona. Əllərimi yumruq kimi düyünləyib onun üstünə cumdum və var gücümlə onun qorxudan əyilmiş rəzil sifətinə çırpdım.
Böyük bədənnüma güzgünün ortasında iki günəş doğdu, şüaları dörd tərəfə yayıldı. Qaranlığı qorxudan günəş. Özü də ikisi birdən! İkinci yumruqda günəş qızardı, üçüncüdə günəş qırmızı göz yaşı axıtdı. Qorxudan qurtulmaq asan deyil… Dördüncüdə…
Sanitar heç cür onun əllərini tutub saxlaya bilmirdi. Səsə başqaları köməyə gələnə kimi güzgü çiliklənib yerə tökülmüşdü.
09.01.03