- Dil, Manşet

Sima CƏFƏROVA. İki cür yazılanı da var, üç cür yazılanı da…

Toponimlər mənsub olduğu ərazidə yaşaməş və ya yaşayan xalqın tarixi, dili, etnogenizi təfəkkürü, məşğuliyyəti haqqında dəyərli məlumatın daşıyıcısıdır. Bu səbəbdən də onomistik vahidlər sırasında zənginliyi ilə fərqlənir. Dünya dilçiliyində toponimlərin bir dil vahidi kimi üslubi xüsusiyyətləri, onların nitq prosesində rolu və əhəmiyyəti öyrənilir. Uzun əsrlər boyu müxtəlif sistemli dillərdə xalqın formalaşmasının hər mərhələsində iştirak edən toponimlər bir tədqiqat obyektinə çevrilib.

Lakin bu gün diqqətimizdəki toponimlərin tarixi-ictimai və nitq faktoru kimi araşdırılması deyil, onun müasir inkişaf prosesində yazılış və tələffüz məqamlarıdır. Məhz bu yazılış və tələffüz məqamlarında dilimizin özünəməxsus xüsusiyyətlərinin qorunması, alınma toponimlərin öz quruluş və məna effektini qoruyub  saxlaması diqqətdə olmalıdır. Forma və məna effekti saxlanmasa, İnternet səhifələrinə həmin toponim yadlaşır. Əgər dilimizə olduğu kimi köçürsək, nitqimizə yadlaşır. Bu məsələnin həlli yolunu axtarmaq bu gün dilçi alimlərimizin diqqətində, gündəlik düşüncəsində olmalıdır. Dünyada mövcud olan 6700 dilin yalnız beş faizi – üç yüz otuz beşi fəal istifadədədir. Bu dillərin hər birindən olmasa da, xeyli sayından gündəlik həyatımıza məlumatlar, xəbərlər daxil olmaqdadır, təbii ki, həmin dildə olan toponimlərlə birgə. Məhz bu səbəbdən də internet səhifələrində, saytlarda istər-istəməz fikir və ifadəetmə ayrılığı hökm sürməkdədir. Bəs bu toponimləri dilimizin yazı və tələffüz qaydalarına necə uyğunlaşdırmalı? Bu gün dilsevərləri maraqlandıran əsas amillərdən biri də budur, aidiyyatı qurumları bu, ciddi düşündürməlidir. Aşağıdakı mənzərəyə diqqət etsək, məsələnin acınacaqlı olduğunu görərik.

Ərzincan, Ərzurum / Erzincan, Erzurum

Erzincanda (Türkiyə) baş verən 7,9 bal gücündə zəlzələ 40 min insanın həyatına son qoyub”. yeniavaz.com

Qafqazinfo “Milliyet”ə istinadən xəbər verir ki, bir çox vilayətdə 65 yaşdan yuxarı vətəndaşların şəhərdə hərəkəti məhdudlaşdırılıb. Ankara, Kastamonu, Kütahya, Eskişehir, Erzincan, Ordu və Bursa şəhərlərində də qaydaların qüvvəyə minməsi ilə 65 yaşdan yuxarı vətəndaşlara məhdudiyyət qoyulan şəhərlərin sayı 20-yə yüksəlib”.

“Türkiyənin Ərzincan şəhərində Beynəlxalq Türk Dünyası Simpoziumu keçirilir”, AZƏRTAC

“Qatar İrmak, Kayseri, Sivas, Divriği, Erzincan, Ərzurum stansiyalarını keçməklə Qarsa səmt alıb”. AZƏRTAC

“Ağır xəstə sayı ən çox artan vilayətlər isə İstanbul, Ankara, Konya, Erzurum və Yozgatdır” Bizimyol.info.

“On altı yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sentyabrın 21-dən 25-dək Bakıda, 26-dan 30-dək isə Türkiyənin Erzurum şəhərində təlim-məşq toplanışı olacaq”. AZƏRTAC

Qəhrəmanmaraş / Kahramanmaraş

“FHN-in ikinci mobil səyyar hospitalı Kahramanmaraşa yola salınır”. AZƏRTAC
“Türkiyənin Adana, Diyarbəkir, Mardin, Trabzon, Ordu, Dənizli, Qəhrəmanmaraş, Şanlıurfa ve Tekirdağ olmaqla daha doqquz şəhərində giriş-çıxış qadağası ləğv edilib”. AZƏRTAC
“Dünyanın ən ləzzətli dondurmalarından biri olaraq göstərilən və keçi südündən hazırlanan Türkiyəyə məxsus Qəhrəmanmaraş (Maraş) dondurması yalnız dadı və bənzərsiz sıx quruluşu ilə deyil, həm də qidalandırıcı olması ilə diqqət çəkir” “Azərbaycan” qəzeti,
(Əslində bu cümlədə Türkiyəninmi, yoxsa dondurmanınmı keçi südündən hazırlandığını da ayird etmək olmur.)
“Azərbaycan Ordusunun təcrübəli tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir”. “Azərbaycan” qəzeti

Qars / Kars

“Azərbaycanın İstanbul və Qarsdakı baş konsulluqlarında operativ qərargahlar yaradılıb” “Azərbaycan” qəzeti
“Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək Türkiyənin ikinci ixrac qatarı Çinə doğru yola düşüb”, – AZƏRTAC
“BAKI-TBİLİSİ-KARS dəmir yolunun açılışına dair Aİ Bəyanatı” bizimyol.info

Şimali Kipr/ Quzey Kıprıs/ Quzey Kipr/ Kuzey Kıbrıs

“İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib” “Yeni Azərbaycan” qəzeti
“Şimali Kipr Türk Respublikasında da 7 günlük matəm elan olunub”, AZƏRTAC

“Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti YAP nümayəndə heyətini qəbul edib”, “Yeni Azərbaycan” qəzeti

“Quzey Kıbrıs türk mədəniyyətinin yorulmaz araşdırıcısı”, “Xalq Cəbhəsi”.
“Quzey Kıbrıs Türk Cümhuriyyətindən İƏT ölkələrinə ÇAĞIRIŞ”, avropa.info   “Quzey Kiprin 16 voleybolçusu Adıyamanda həlak olub”, musavat.com

“Kuzey Kıbrıs böyük türk dünyasının bir parçasıdır”, bayraqdar.info

Maxaçkala/Mahaçkala/Mahaçqala

“Dubay-Maxaçkala təyyarəsi güclü duman səbəbindən Bakı hava limanına enib”. Report .az
Mahaçqala və Bakı arasında aviareyslər açılır”. yeni azerbaycan.com
“Rusiya Mahaçqala-Bakı aviareysinin açılmasını dəstəkləməyə hazırdır”, AZƏRTAC
“Ömər Maqomedovdan, Mahaçkala, Rusiya”, president.az
“Əzizov Rakif Abbas oğlu – Dağıstan Respublikasının Mahaçqala şəhərinin Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri”, president.az
“Bakı-Mahaçkala”, banker.az
“Bakı və Maxaçkala arasında birbaşa hava əlaqəsi qurula bilər”, banker.az
“Dubay-Maxaçkala reysi ilə uçan təyyarə Bakıya endi”, modern.az

Bizim qeyd. Şəhər Böyük Qafqaz ilə Xəzər dənizinin aralığında yerləşir. Bəzi ehtimallara görə, orta əsrlərin əvvəlində indiki Mahaçqalanın yerində Xəzər xaqanlığının paytaxtı  Səməndər yerləşirdi. Həmçinin qumuq xalqının Tarku şamxallığının mərkəzi olan Tarku kəndi də burada yerləşirdi; hazırda keçmiş Tarkunun ərazisi Mahaçqalanın məhəllələrindən birinin ərazisidir.

Mahaçqala məkan olaraq1844-cü ildə rus hərbi istehkamı kimi salınıb. Şəhərin limanı 1870-ci ildə tikilib. 1898-ci ildə şəhər Bakı və Vladiqafqaz ilə dəmiryol vasitəsi ilə birləşdirilib. 1914-də burada ilk neft zavodu inşa edilib.

1857-ci iləcən Petrovskoye (rus çarı I Pyotrun şərəfinə), 1921-ci iləcən Petrovsk-Port, 1920-1922-ci illər arası isə Şamilqala (Şeyx Şamilin şərəfinə) adlanırdı. İndiki adı, ləqəbi “Maxaç” olan dağıstanlı inqilabçı Məhəmməd Əli Daxadayevin şərəfinə sovet dövründə qoyulub.

Yerli əhali şəhəri Anciqala (“inci qalası”) adlandırır; şəhərin futbol klubu “Anji Mahaçqala” (ФК «Анжи́» Махачкала) da məhz bu adı daşıyır. (Məlumat vikipediyadan götürülüb.) Dargin dilində ГIянжи-Къала -–İnci-Qala adlanır.

Göründüyü kimi, bu gün bir sıra şəhər adlarının yazılışında baş alıb gedən anarxiya Mahaçqaladan da yan keçməyib.