Məsəl var, deyirlər: ” kəndirin kəsilsin.” — bu, qarğış kimi qəbul edilir. Amma niyə? Dar ağacından asılanın, qolları kəndirlə bağlananın kəndiri kəsilsə nə olar!? Qoy yaşasın, azad olsun, nə paxıllıqdır.
Amma yox, kəndir deyən kimi Yusifi quyudan çıxaran kəndir, fələyin insanla taleyini bağlayan kəndiri yada düşür. Ona görə də qoy heç kəsin kəndiri kəsilməsin.
Kəndir — pambıq və ya digər bitki liflərindən burmaq yolu ilə düzələn ip. Müxtəlif qalınlıqda olur. Çuval iynəsinə saplanıb çuvalın, məfrəşin, xurcun və heybənin yanlarını bitişdirmək üçün istifadə olunandan, dana bağlanana, at örüklənənə, arabaya yük sarınana qədər hərəsi bir qalınlıqda.
Kəndirin əcdadı isə heyvan mənşəli olub.
Heyvanların — qoyunun yunundan, keçi, hətta at quyruğunun qılından insanlar bağlamaq, birləşdirmək ehtiyaçlarını ödəmək üçün müxtəlif növ əşyalar düzəldiblər. Bu zaman burmaq, hörmək, toxumaq kimi vasitələrdən istifadə edirdilər. İp haqqında danışmışıq. Bir neçə qat ip iki bölüm edilir, hər bölümü ayrıca burulur, sonra ikisini yanaşı tutub bir tərəfi buraxılır. Bölümlər “açılmaq” üçün geri burulanda bir-birinə dolanır, daha açılmağa “ehtiyacı”olmur. Bu, çox uzun ola bilmir: 1,5 – 2 m həddində olur, dana-buzov bağlamaq üçün istifadə edilir. Bəzən bölümün biri ağ, biri qara ipdən olur, buna da “ala çatı” deyirlər. “İlan vuran ala çatıdan qorxar” deyəndə həmin çatı nəzərdə titulur.
Sicim — üç bölüm ipdən qadın saçı kimi hörülür, çox vaxt rəngli iplərdən istifadə edilir. Möhkəmlik üçün hökmən keçi qılından da istifadə olunur. Hər bölümün (bölümün içində 8-10 ip olur.) qalınlığı insanın şəhadət barmağı həddində olur. Sicimin uzunluğu və elastikliyi onun işlək olmasının səbəbidir, çox sahələrdə işlənir: arabaya ot sarımaq, köç arabasını bərkitmək, dəvəyə, ata, eşşəyə yük vurmaq, şələ yığmaq və s.
Bəzi bölgələrdə deyirlər: “boyuna sicim ölçüm.”
Deməli, insanın boyuna qəbir yeri ölçmək üçün də işlədilib.
Rəşmə/irəşmə — sicimdən ilkin fərqi dörd bölüm ipdən hörülməsidir. İp dörd bölüm olduğuna görə sicim kimi yumru olmur, yastı, yəni bir gədər enli olur. Rəşmədə elastiklik az olur, onu bağlamağı asanlaşdırmaq üçün başlananda bir ucunu ilğək kimi hörürlər ki, lazım olanda bir şeyə bağlamaq üçün rəşməni o ilgəkdən keçirsinlər. O ilgək bir növ doğanaq rolunu oynayır. Rəşmə bitənə yaxın ipləri qarışdırıb iki bölür və hər bölümü üç yerə ayıraraq sicim kimi hörürlər ki, bağlamaq asan olsun. Rəşmədən atı, dəvəni, bir sözlə, iribuynuzluları örükləmək üçün daha çox istifadə edirlər. Çünki yastı olduğu üçün burulmur, təhlükəsiz olur. Rəşmə alaçıqların qurulmasında da əvəzsiz vasitədir, dörd bölümlə toxunduğuna görə sürüşmür, boşalmır. Rəşmə bir çox məqamlarda sicimi də əvəz edir.
P.S. iki söz işlətdik: hörük, örük. Bəzən sözlər eyni məna kimi işlədilir. Amma bu məqbul deyil. Hörük — saç, divar və s.üçün işlənə bilər, “hörmək” sözündəndir.
Örük — “örüş” (otlaq yeri) sözündəndir, heyvanın örüşdə hərəkətini məhdudlaşdırır.
Bəzi dialektlərimizdə adamın boyuna irəşmə ölçürlər.
Örkən — daha çox əl hanasında toxunur. İnsanın dörd yanaşı barmağı enində, kilim qalınlığında olur. Elə kilim üslubunda toxunur. Bir ucuna əvvəllər rəşmə kimi ilgək, sonralar “doğanaq” adlanan halqa dəmir birləşdirilirdi. Ən çox heyvanların çullanması, yüklərin sarınması, məişət ehtiyacları zamanı istifadə olunub. “Filankəsin örkəninin üstünə odun yığmaq olmaz,” yəni etibarsızdır, deyimi də oradan yaranıb.
Biz ağac nehrəni çatmadan asmaq üçün də örkəndən istifadə edərdik. Örkən şifahi xalq ədəniyyatımızda da geniş istifadə olunub. Hazırda “örkənə yatırtmaq” ifadəsi də işlənir, yəni təsir altına salmaq.
Daim örkəni doğanaqdan keçirmək içkanınız olsun!
Oxunub: 32