- Köşə

Sorağı Berlindən gələn Gədəbəy

                                            (Xatirələrdən bir hissə)

“Qədim insan yaşayış məskənlərindən biridir” – Bunu Azərbaycanın əksər bölgələrindən danışanda deyirlər. Çünki yurdumuzun tarixi qədimdir.

Rayonun tarixi haqqında əvvəllər yaşlı nəslin yaddaşına əsaslanırdım, sonralar bu məlumatları vikipediyadan oxumaq asanlaşdı. Anamdan eşitdiklərimi müxtəlif mənbələrdən yazılı şəkildə öyrəndim.

Mis çayının sahilində yerləşən yurdum.

Şahdağ silsiləsinin şimal ətəyindən axan Mis çayının yaxınlığındakı Mağara dağının ətəyindən XIX əsrdən mis filizi çıxarılır.

“Arxeoloji qazıntının nəticələri Almaniyanın “Folker Şpis” elmi nəşriyyatı tərəfindən “Qalakənd” adlı elmi əsər şəklində Berlində çap edilmişdir. Əsər Berlin Dövlət muzeyində saxlanılır”. Bildiniz ki, söhbət Gədəbəy rayonundan gedir.

Haqqındakı məlumatlardan biri də ərazidə olan tarixi mədəniyyət abidələrinin eramizdan əvvəl XIV-VIII əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmasıdır.

Rayona yaxın olan Arıxdam kəndinə (anamın ata evinə) gedəndə anam mənə uzaqda görünən qədim körpünü göstərib tarixi haqqında danışmışdı. Körpü indi də durur. Qalakənd kəndində su elektrik stansiyası tikildiyini də demişdi. İlini sonralar öyrənəcəkdim – 1883-cü ildə tikilibmiş. Uzunluğu 28 km olan dəmir yolunun Zaqafqaziyada ilk dəfə burda çəkildiyini eşitmişdim. Bir də deyirdilər ki, yerli sahibkarlar tərəfindən 1855-1856-cı illərdə tikilən misəritmə zavodunu Siemens qardaşları 1865-ci ildə təzədən qurmuşlar.

“Burada XIX əsrin ikinci yarısında inşa edilmiş xəstəxana, xüsusi memarlığı ilə seçilən evlər və digər tikililər indiyədək qalır”. O biri məlumatları yazmağa keçməmiş həmin xəstəxanada anamla bir həftə qaldığımızı qeyd edim. Anam xəstəxana divarlarına baxıb: “bura almanların at tövləsi olub” deyəndə təəccüblənmişdim. Bilmirəm, sonralar necə olub ki, bura xəstəxana kimi istifadəyə verilib.

Mətni rəsmi məlumatlarla yükləmək istəmirəm. İnternet üzərindən hər şeyi öyrənmək asan ikən buna lüzum yoxdur. Amma adıyla bağlı mübahisələr olduğu üçün bir məlumatı yazmağın məqamı çatdığını düşünürəm.

“Gədəbəy adı ilə bağlı onlarla rəvayət mövcuddur. Alban tarixçisi Muxtar Qoş “Albaniya xronikası” əsərində (1206-cı il) Gədəbəy əyalətinin adını “Getabey” kimi işlədib. Ehtimal edirlər ki, “Gettabey” sözü sonradan deformasiyaya uğrayaraq Gədəbəyə çevrilib. Qədim türkcədə “böyük, qüdrətli adam” mənasında işlədilib. Coğrafi relyefinə görə bura döyüşkən türk tayfalarının yerləşdiyi ərazi olub. Gədəbəy sözü də buna müvafiq olaraq bədii ədəbiyyatda müraciət olunan şəxs, igid oğlan mənalarını verir. Gədəbəy toponimi qədim türk dilində gədə – keşikçi və bək – təpə sözlərindən ibarətdir və “gözətçi təpəsi” deməkdir. Bu ehtimal həqiqətə daha yaxındır. Tarixi mənbəlrədə adı ilk dəfə XII əsrdə çəkilən Gədəbəy qalasının xarabalıqları rayonun Təpəlik sayılan yuxarı hissəsindədir. Başqa bir ehtimala görə isə, Dədəbəy sözü deformasiyaya uğrayaraq Gədəbəy olub. Orta əsrlərdə bu torpaqların bir hissəsi Atabəy, Şəkərbəy, Gədəbəy – ata və oğulları arasında bölüşdürülüb. Gədəbəy, Atabəyin oğlu olub. Ərazidə indi də Atabəy və Şəkərbəy adlı kəndlər var”.

“Filan bölgənin adamları pisdir”, “filan rayondan olanlarla sözüm tumaz” və s. kimi ifadələr işlətmirəm. Ya Bakı, ya Şəki, ya Sabirabad ya Gədəbəy fərq etməz, Vətən Vətəndir, amma Vətənin elə ərazisi var ki, ora Azərbaycanın özü kimi hamımız üçün müqəddəsdir. Onu bizimlə bərabər düşmən də sevir. Bizimçün Qarabağ ona görə əzizdir ki, düşmən onu bağrımızdan qoparmağa çalışır. Bu səbəbdən onun üstündə əsirik. Amma qalan bölgələri əsla unutmamalıyıq. 1992-ci ildə Gədəbəydə də döyüşlər gedib. Neçə-neçə şəhidin, sağ qalanların, qazilərin sayəsində Baş kənd adlanan kənd ermənilərdən təmizlənib. Bura da digər ərazilər kimi əvvəllər Azərbaycana məxsus olub. Ermənilər bu bölgəyə ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülmüşdürlər. Allah o qudurğanlara bizim ürəyimizlə rəhm, rusun əlilə də torpaq peşkəş edib. Nə isə, olanlar olub. Bundan belə olması üçün möhkəm dayanmalıyıq. Bağrımıza daş bağlayaq ki, bir də ağlasalar, canımız yanmasın.

Vətən anlayışı mənimçün məhdud olmadığından indiyədək Gədəbəydən ayrıca mətn yazmamışam. Amma yaş artıqca sanki xatiərələr yalvarır ki, o yerləri sözə gətir, ordakı saf adamlardan yaz. Lap elə hiyləgərindən də.

Gədəbəy haqqında məlumat “Kiçik Qafqaz dağlarında dəniz səviyyəsindən yüksəklidə…” kimi başlayır. Mənsə, bildiyim kimi yazacam: Bakıdan uzaqlaşıb avtobusla 7-8 saatlıq uzun yol gedirik. Hacıqabulu, Göyçayı, Gəncəni, Şəmkiri (hamısını qeyd etmirəm) keçib Gədəbəyə çatırıq. Həmin yol boyunca düşünməyə, yazmağa xeyli vaxtım olur. Yasamal adlanan dağ yolu təhlükəlidir, dar ensiz yolla bağlı insanların yaddaşında acı xatirələr olduğundan oranı salamat çıxanda adam az qalır ya nəzir-niyaz paylasın, ya da qurban kəssin. Bu acı xatirəni unudulmağa qoymayan maşın qırığı hələ də Yasamalda dərənin dibindədir. Deyirlər, bir maşın tələbə burda qəzaya düşüb, ona görə hamı ordan ötəndə kədərlənir.

Yasamaldan sonra Çənlibel adlanan kənddən keçirik, uzaqdan Atabəy adlanan tanımadığım kənd görünür. Maarif və Slavyanka kəndlərinə çatanda isə rayona yetişməyə az qaldığına sevinirəm. Buranı ötəndə nənəmgilin kəndinə dönülən yol görünür. Xatirələr burdan başlayır deyəcəkdim yadıma düşdü ki, Gəncədə də xeyli xatirə qoyub keçdik. Gədəbəydə xatirə leysanına düşürəm. Kiçik Qaramurada çatıb təpənin başında tibb məntəqəsini görəndə xəstələndiyim yadıma düşür. Nənəm çayı keçəndə məni kürəyinə alırdı. Güclü qadın idi. Ona oxşamadım.

Nağlar kəndi… qəbirstanlıq. Əzizlərimin uyuduğu torpaq. Evə getməyim gəlmir. Atamı, qardaşımı orda qoyub getməyə xəcalət çəkirəm. Qəbirstanlıqdan uzaqlaşanda göl yeri. Adını ilk dəfə atamdan eşidib suyundan qorxduğum göl. Orda bulaq vardı. Evimizdə su kranı olsa da, həmin bulağın suyunu sevirdik. Hərdən su aparmağa gəlirdim. Zəif axırdı. Onda səbirli idim, qabım dolanacan gözləyirdim. Yorulmurdum. Səfalı yerdir, hər tərəf yaşıllıqdır. Dumduru bulağın şırıltısı ruh oxşayırdı. Evdən çıxıb bulağa gələnəcən xeyli tanışla rastlaşırdıq.

Qonşuluqda yaşayan Həmayə xala tibb bacısı idi. Xəstələnən onun evinə gedirdi. Hamıya yardım edirdi. Sobanın üstündə iynəsi qaynayar, dərmanın iyi ətrafa yayılardı. Özünü sevsək də, dərman qoxusundan qorxardıq. Sevdiyimiz xala əlində iynə olanda gözümüzə qəddar görünürdü. Nənəm mənə iynə vurdurmağa aparanda ürəyimdə qınayırdım ki, bu da Həmayə xala kimi qəddardır.

Ədəb-ərkanı ilə seçilən, sözünün yerini-yolunu bilən ağbirçək vardı. Əri uzaq səfərə gedəndə ya mənlə, ya da bacımla qalırdı. O bizə öyüd-nəsihət verəndə səbirlə dinləyirdik. Başqa bir qadınsa uşaqların yanında hansı pis söz olsa, danışırdı. O danışanda anam bizə gözü ilə işarə verirdi. Bilirdik, xala qəbahətli sözlər işlədir, ordan uzaqlaşırdıq.

Mina xalanın bu dövrdə yeri çox görünür. Bir saatın içində quşqonmayan yerlərdən keçib kənddə baş verənləri bütün elə yayırdı. Elə opetativ idi ki, indi döşünə döyüb “mənəm-mənəm” deyən jurnalistlərin heç biri xəbəri onu kimi sürətlə çatdıra bilməz. Hadisəni dinləyənlərdə maraq oyada-oyada danışırdı. İndikilər kimi “Şok! Şok!” demirdi, hansı fikiri əvvəldə, hansını onun ardınca deyəcəyini, söhbəti nə vaxt yarıda kəsib (ardı gələn sayımızda ifadəsini xatırladan məqam) getmək üçün ayağa qalxmağı qəşəng bilirdi. Belə olanda diqqəti büsbütün özünə yönəldirdi. Qadınlar əl çəkməyib, sonra nə oldu deyə soruşurdular. Dili yüyrək idi, “izləyici” toplamağı bacarırdı. Kəndi xəbərlə təmin edirdi. Dəqiqləşdirməmiş məlumat yaymağı olsa da, heç kəs incimirdi. Bilirdilər ki, yanlış anladığından belədir. Bizim ailə xəbər sarıdan həmişə korluq  çəkib. Nənəm “xalxın” nənələri kimi operativ deyildi. Anam da camaatın anası kimi qadınlarla baş-başa verib qeybət etmirdi. Hamı öz qızını tərifləyib, qonşununkunu pisləyəndə anam qonşu qızının suçunu da az qala bizim boynumuza qoymağa çalışırdı. Atam da çertyojların içində itib-batırdı. Bunları niyə danışıram? Deyirəm, o vaxt anam imkan vermədi qonşumun “jurnalist məktəbini” keçəm. İndi hər hansı bir saytın aparıcı siması olardım. Nə bildim, belə zaman gələcək. Qadının bir pis cəhəti vardı, qonorar-zad istəmirdi. Könüllü işləyirdi. Tərs kimi bircə bu xüsusiyyətini mənimsəmişəm. Yazdıqlarımı, aldığım müsahibələri heç kəs tapşırmır. Sanballı adamların maraqlı fikirlərini xalqa təmənnasız çatdırıram.

Kəndimizin adını ilk dəfə öyrənəndə Əli İsmayılın kim olduğunu soruşdum. Nənəm dedi inqilabçı olub. Keşmişdə kəndimizə Alnabat deyirdik, Şura hökuməti dəyişib Əli İsmayıl elədi. Əvvəlki adı daha çox xoşuma gələn kəndimizi on bir il (məktəbi bitirənədək) istəmədiyim şəkildə yazdım. Şəxs adı maraqlı görünmürdü, qədim adsa nəsə söyləyirdi.

Nənəm sağ olsaydı, Türkiyədən Azərbaycana gələndə qəzaya düşən Binəli Yıldırımın qarasınca deyinəcəkdi: “Arıq nə gəzir qoruqda, vurub qıçını sındırırlar”. Köhnə nəsil siyasəti xoşlamırdı. Hətta faciə sayırdı. “Hökumətlə hökumətlik eləmək olmur”  deyirdi. Onlarda bu fikir Şura hökuməti qurulduğu illərdə baş verən hadisələrin təsirindən yaranmışdı. Nənəm eşitdiklərindən arabir danışırdı. Kəndimizdə çox adamlar bu quruluşun güdazına gedib. O əhvalatları dəqiqliklə öyrənib yazmadığıma peşmanam. Folkloru mükəmməl bilirdi. Qaçaqlardan, kolxoz qurulanda baş verənlərdən ibarət sanballı kitab yazmaq olardı. Özü şahid olmadıqlarını valideynlərindən eşitmişdi. Ölüm-itim görmüşdü. Ona görə də siyasi çəkişmələri lənətləyirdi. Erməniyə, rusa qarğayırdı. “Dünyanın öyünü yıxan rusla ingilisdir. İmkan versələr, xalqlar dinc yaşayar, türk millətləri türk olduqları üçün günahkar sayılmazlar ” deyirdi.

Xəmir yoğurub, yuxa yayanda bacım təklif edirdi ki, gəl, biz də nənədən öyrənək. Razılaşmırdım. Xoşum yox idi. Fikirləşirdim ki, xəmirə sərf etdiyim vaxtı yazı üçün ayıraram. Bacımsa həvəslə öyrənirdi. Nənəm dayanıb səbirlə gözləyirdi, bacım yayırdı. Öyrənmədim, hələ də bu işi bacarmıram.

Kiçik çilləylə böyük çillənin nə vaxt gəldiyini, bitdiyini hər dəfə söyləsə də, yadımda saxlamırdım.

Bizi yaylağa aparırdı. Gecə yağış yağanda çadıra düşdükcə elə gözəl ahəng yaranırdı, damlaları saymaq istəyirdim, alınmırdı. Yağışın da həlimi, qəzəblisi var. Həlim yağış yağanda otların, çiçəklərin üzü gülür, islandıqca gözəlləşirlər. Elə ki, göy nərə çəkir, nəfəsi xırıldayır, gözlərindən sarı işıq çıxır, yağış da özündən çıxıb dağların başını yuyub dibindən daşlarını qabağına qatıb kəndədək gətirir. Qanıqaraçılıq olmasın, sel bəzən əzrayıla da dönür. O qədər insan aparıb ki. Hələ şimşək… onun bir yanı da cərəyandır.

Ona görə hər şeyin mülayimini, hər kəsin üzüyolalığını sevirik. Mülayim küləyi də isti aylarda xoşüzlə qarşılayırıq. Onun da həyasızı olur. Əl atıb saçyoldu çıxarır, qarşısına keçəni üzə çırpır.

İnsanlar da belədir, həlimxasiyyətlisindən ayrıla, həyasızından can qurtara bilmirik.

Qarşınıza həmişə yaxşı insanlar çıxsın, yağışın damlaları sayda xoş günlər qismətiniz olsun. Gərək xoş günlər də adamı eqoistləşdirib təkəbbürlü etməsin. Nə isə, əsas odur hər havada öz havamızda qala bilək. Nədənsə başqasının çaldığı havaya oynamağı sevirik. Havalanmayaq! Hava alaq.

“Havalanmayaq” yazanda bayaqdan unutduğum söz yaddaşıma qayıtdı.

Xatirələrə ara verib havalı adamların nəzərinə bir məqamı çatdırmaq istəyirəm.

Gədəbəydə 2000 il əvvəl də qızıl yataqları olub. 1849-cu ildə “Mextor qardaşları”, ardınca “Alman Siemens qardaşları” burda mədən işlərini davam etdiriblər. İşin dayanmasına səbəb 1917-ci ildə baş vermiş Rusiya inqilabı olub. Aradakı durğunluq illərindən sonra  1997-ci ildə Azərbaycanın xarici şirkətlərlə saziş imzaladığını, 2008-ci ildən bəri qızıl, mis, sink istehsalı üçün zavod qurulduğunu, 2009-cu ildən qızıl əldə edildiyini mətbuatdan öyrənmisiniz. Gədəbəyin torpağının faydalı elementlərlə zəngin olduğundan xəbərdarsınız. Bəs niyə bölgənin adı çəkiləndə kartofu vurğulayırısınız? Bunu elə tonla deyirsiniz, sanki kartofçuluqla məşğul olmaq pis işdir. Kartofu yemək məqamı gələndə isə gədəbəylilər sizə uduzurlar.

Bu diyarı erməni işğal edib otuz il ərzində xarabalığa çevirməyib deyə uçub-dağılan tarixi abidələri ilə maraqlanan yoxdur. (Yayda Koroğlu qalasının bərpa işlərinə ehtiyacı olduğunu yazmışdım.) Rayonun tarixi də, təbiət də zəngindir. Turizm üçün də əlverişlidir. Araşdırın, daha çox maraqlı məlumat alacaqsınız. Alimləri, incəsənət xadimləri də çoxdur.

İtirib dalınca ağlamağa öyrəşmişik. Əlimizdə olanda qədrini bilmirik. Unutmayaq ki, Gədəbəy də Ermənistanla həmsərhəddir.

“Bu barlı, bəhrəli Azərbaycanın

Bir kiçik parçası Gədəbəydədir”.

Gədəbəy də Azərbaycandır!