- Mədəniyyət

Svetlana Aleksieviç “Forbes”in siyahısına görə 50 ən nüfuzlu qadınlardan biridir

Amerikanın “Forbes” jurnalı “50 Over 50” siyahısında Avropa, Yaxın Şərq və Afrika bölgəsində (EMEA) 50 yaşdan yuxarı 50 ən nüfuzlu qadının adlarını açıqlayıb.

AZƏRTAC “Ədəbiyyat ili” saytına istinadla xəbər verir ki, siyahıya daha iki yazıçı – Svetlana Aleksieviç və Bernardine Evaristo daxil edilib.

73 yaşlı yazıçı və jurnalist Svetlana Aleksieviç 2015-ci ildə “Zəmanəmizin iztirabları və məşəqqətləri haqqında polifonik yazılarına görə” Ədəbiyyat üzrə Nobel mükafatını alan ilk belarus və altıncı rusdilli müəllif olub. O, Belarus Yazıçılar Birliyinin üzvü, Beynəlxalq PEN Klubun vitse-prezidenti, Belarus PEN Mərkəzinin sədridir.

62 yaşlı Bernardin Evaristo Nigeriya mənşəli ingilis yazıçısıdır. “Buker Mükafatı” 2019 da daxil olmaqla ondan çox ədəbi mükafatın qalibidir. O, 2004-cü ildə Kral Ədəbiyyat Cəmiyyətinə qəbul olunub. Britaniya İmperiyası ordeninin zabiti, Kral İncəsənət Cəmiyyətinin üzvüdür.