- Köşə

Tolstoy ifşa edir (Birinci yazı)

Firidun Ağazadə

 

Qarabağda bugünkü “sülhməramlılar” hoqqasından gözümüz su içmir. Rus “sülhməramlıları”nın tələsik Qarabağa yeridilməsi fonunda baş verənlər narahatlıq doğurur. Bir az əvvəl rusiyalı politoloq Qriqori Trofimçuk “Ermənistanda Pentaqonun maliyyəsi ilə hələ də öz fəaliyyətini davam etdirən gizli biolaboratoriya”dan danışıb, onu bütün bölgə üçün təhlükə, “Qarabağ üçün gec partlayan bomba” adlandırıb. Baş verənlər göstərir ki, başımızdan qəza əskik deyil. Bir vaxt Çeçenistan hadisələri ilə bağlı qələmə aldığım yazıda da bu “qəza”lardan biri haqqında danışmışdım.

Rus qoşunlarının Çeçenistana yeridilməsi bu ölkə üçün rüsvayçı faktdır. Bunu bütün dünya təsdiq edir. Amma adam neçə dəfə rüsvay olar – Çexoslovakiyada, Polşada, Macarıstanda, Əfqanıstanda, Pribaltikada, Tbilisidə, Bakıda, harada, harada… Bu rus xasiyyətində nə haramzadalıq varsa, tarix boyu dəfə-dəfə rüsvayçılığa məhkum olub, amma rüsvayçılığın sonu görünmür. Yüz əlli il bundan əvvəl olmuş hadisələr daha qəddar şəkildə bu gün təkrar edilir. Və bu rus imperiya xarakterini bir başqası yox, rus yazıçısı Lev Tolstoy “Hacı Murad” povestində belə ifşa edir:

“…1852-ci ilin yanvar (tarixin acı və məşum təkrarı) ayında Çeçenistana basqın edildi…  Basqın edən hissə dörd batalyon piyada, iki yüz kazak və səkkiz topdan ibarət idi…

…Kazaklar dəstəsi yüyürə-yüyürə kəndə girdi. Yerli əhalidən heç kəs gözə dəymirdi. Soldatlara taxılı, ot tayalarının, evləri yandırmaq əmri verilmişdi. Çox keçmədi ki, aulu acı tüstü bürüdü. Soldatlar ora-bura soxularaq əllərinə keçən avadanlığı bayıra tökür, dağlıların özləri ilə apara bilmədikləri toyuq-cücəni qovub tutur, güllə ilə vururdular. Zabitlər isə tüstü tutmayan yerdə oturub səhər yeməyi yeyir və araq içirdilər. Çavuş taxtanın üstündə onlara bir neçə şan bal gətirdi…

Basqın zamanı dağıdılan aul Hacı Muradın gecə qaldığı aul idi.

Hacı Muradın gecələdiyi evin sahibi Sado rusların aula yaxınlaşdığını eşidincə ailəsini yığışdırıb dağa aparmışdı. Yenidən aula qayıdarkən o öz daxmasını dağılmış gördü; dam uçurulmuş, qapı-pəncərə, dəhliz yandırılmış, otaqların içərisi soldatlar tərəfindən murdar hala salınmışdı. Sadonun oğlunun, həmin gecə Hacı Murada elə vəcdlə baxan o qaragözlü qəşəng uşağın meyitini üstünə yapıncı çəkilmiş atın belində məscidin qabağına gətirmişdilər. Soldatlar onu süngü ilə kürəyindən vurub öldürmüşdülər. O vaxt Hacı Murad gələrkən onun qulluğunda duran abırlı, möhtərəm qadın indi başı açıq, saçları dağınıq halda dayanıb oğlunun cənazəsi üzərində üz-gözünü cırır, şivən qoparırdı. Sado bel götürüb qonşuları ilə birlikdə oğluna qəbir qazmağa getmişdi. Onun qoca atası isə daxmanın uçuq divarı yanında oturub sönük gözlərini əllərinə  dikərək bıçaqla çubuq yonurdu. O, arıxanadan təzəcə qayıtmışdı. Arıxananın yanındakı iki xırda ot tayası yandırılmış, qocanın öz əli ilə becərdiyi ərik, gilənar ağacları sınmış və ütülmüşdü. Hamısından betəri isə bu idi ki, arı pətəklərinin hamısı yanıb tələf olmuşdu. Bütün evlərdən və məscid meydanından arvadların şivəni eşidilirdi.  Oraya Sadonun oğlundan başqa iki nəfərin də meyitini gətirmişdilər. Xırda uşaqlar da analarına qoşulub ağlaşır, qışqırışırdılar. Yeməyə bir şey tapmayan ac mal-qara həyətlərdə böyürüşürdü. Həmişə aulun küçələrində oynaşan, səs-küy salan iri uşaqlar indi dayanıb qorxa-qorxa böyüklərə baxırdılar.

Bulağın gözünü, görünür, soldatlar qəsdən murdarlamışdılar ki, əhali su götürə bilməsin. Məscidi də batırmışdılar, indi molla öz mütəllimləri ilə birlikdə oranı təmizləməklə məşğuldu.

Meydana toplaşan ağsaqqallar çöməltmə oturub öz vəziyyətləri barədə məsləhətləşirdilər. Ruslara olan nifrətindən heç kim danışmırdı. Bu an böyükdən-kiçiyə bütün çeçenlərin qəlbini dolduran hiss nifrətdən daha güclüydü. Yox, bu nifrət deyildi, bu, rus köpəklərini insan hesab etməmək düşüncəsindən doğan hədsiz bir ikrah hissi idi.

Aul camaatının qarşısında iki yol vardı: ya gərək burada qalaydılar, min zəhmət hesabına illər boyu tikib düzəltdikləri və indi düşmənin bu qədər            asanlıqla və mənasızcasına viran etdiyi ev-eşiklərini yenidən olmazın zəhmət və əziyyətlə qaydaya salıb hər dəqiqə rusların yeni basqınlarını gözləyəydilər, ya da ki, dini qanunları xilafına, qəlblərində ruslara qarşı olan nifrət və ikrah hissi xilafına olaraq onlara tabe olaydılar.

Ağsaqqallar dua etdilər və bir səslə belə qərara gəldilər ki, Şamilim yanına adam göndərib ondan kömək istəsinlər. Bundan sonra dərhal adamlar öz bərbad güzəranlarını sahmana salmağa başladılar”.

Bu əsər zaman-zaman davam edən rus mürtəce siyasətini bədii ədəbiyyatda əks etdirən aynadır. Həm də bir başqası yox, böyük rus yazıçısı Lev Tolstoy yazmış.