Vasif SADIQLI. Dəli Domrulun yersiz sualına Qazan xanın hiddətləndiyi boyu bəyan edər
Məgər xanım, illərdən bilmirəm hansı il, aylardan hansı ay, fəsillərdən hansı yay idi. Qamğan oğlı xan Bayındır həmişə olduğu kimi yerindən uru durmışdı. Şami günlügi yer yüzinə dikdirmişdi. Ala sayvanı gög yüzinə aşanmışdı. Bin yerdə ipək xalıçaları döşənmişdi. Qazan xan isə toqsan başlu ban evlərin qara yerin üzərinə dikdirmişdi. Toqsan yerdə ala qalı-ipək döşəmişdi. Səksən yerdə badyalar qurulmışdı. Altun ayaq sürahilər düzilmişdi. Doquz qara gözlü, xub yüzlü, saçı ardına örilü, köksi qızıl dügməli, əlləri biləgindən qınalı, barmaqları nigarlı məhbub kafır qızları Qalın Oğuz bəglərinə sağraq sürüb içərlərdi.
İçüb-içüb Dəli Domrulun alnına şərabın itisi çıqdı. Yerindən durub Qazan xanın önünə gəldi, baş endirdi, bağır basdı, salam verdi, aydır:
-Ağam Qazan, bir şey soruşa bilərəmmi?
Qazan aydır:
– Soruş, igid.
– Ağam Qazan, mənim səndə nə andım var, bu qənd haqqı (cibindən bir qənd parçası çıxarıb yerə atır), neçə vaxtdı fikir məni götürüb, haşa üzündən, haşa burdakı digər Oğuz bəylərinin sufatından, o vaxtları Əzrailin mənə nerviləndiyini eşitmiş olarsan. Bunun səbəbini hələ də başa düşmürəm. Bəlkə, sən kömək edəsən? Mən ona nə dedim ki? Dedim:
Mərə saqalcığı ağca qoca,
Gözcügəzi çöngə qoca.
Mərə nə heybətlü qocasan, degil mana!
Qadam-bəlam toqınar bu gün sana!
Ağam Qazan, Əzrailin saqqalı ağ deyil? Ağdır. Gözcüyəzi çöngədi / dombadı? Dombadı. Əzrail müqərribun mələklərdəndir? Bəli. Elə isə haqq sözdən inciyə bilərmi? Əlbəttə, yox. Bəs onda niyə nerviləndi? Deyirəm, bəlkə, HEYBƏTLÜ dediyim üçün inciyib. Sizdən soruşub dəqiqləşdirmək istərdim: Yeni orfoepiya normalarında hansı düzdü: HEYBƏTLÜ, yoxsa HEYVƏTDİ? Bir də köhnə normalarda biabırçı səhvlər var idi, onları düzəltdinizmi? Düzəltdinizsə, yeni normaları təsdiq olunmaq üçün Bayındır xana göndəribsinizmi? Bayındır xan təsdiq elədimi? Bunun cavabını degil mana, qara başım qurban olsun, Qazan sana.
Qazan xan Dəli Domrulu tərs-tərs süzüb aydır:
– Sən nə interesni adamsanmış, Domrul? Uruzun sözü olmasın, dəvəcən böyümüsən, köşəkcə ağlın yox, Dəpəcə böyümişsən, darıca beynin yoq, bir də bilmirəm, nəcən böyümüsən, nəcən ağlın yox. Yaşına-tuşuna bax, verdiyin suala bax. Birdən-ikidən görübsənmi Oğuz elində yayın cırhacırında orfoepiayadan sual verələr? Başına sual qəhətdi?
Dəli Domrul bu cavabdan səxt oldu, səhvini başa düşdü, “ay daa” deyib barmağını nə təhər dişlədisə, qanı ətrafa sıçradı. Sonra and içib Qazana söz verdi ki, bir də heç vaxt yayın cırhacırında orfoepiya söhbəti etməyəcək:
-Ağam Qazan, ərş tanığ olsun,
kürsi tanığ olsun,
Yer tanığ olsun,
gög tanığ olsun,
Qadir Tanrı tanığ olsun.., bir də belə etmərəm, – deyübən üzr istədi.
…Anlar dəxi bu dünyaya gəldi, keçdi.
Karvan kibi qondı, köçdi.
Anları dəxi əcəl aldı, yer gizlədi.
Fani dünya yenə qaldı.
Gəlimlü-gedimlü dünya,
Son ucı ölümlü dünya.
Qara ölüm gəldigində keçit versün!
Sağlıq ilə sağıncın, dövlətin Haq artırsun!
Ol ögdiigim yuca Tanrı dost olubanı mədəd irsün!
Yum verəyin, xanım:
Yerlü qara dağların, yıqılmasun!
Kölgəlicə qaba ağacın kəsilməsün!
Qamın aqan görkli suyun qurımasun!
Qanadların ucları qırdmasun!
Çaparkən ağ-boz atın büdrəməsün!
Çalışanda qara polat uz qılıcın gedəlməsün!
Dürtişərkən ala göndərin ufanmasun!
Ağ birçəklü anan yeri behişt olsun!
Ağ saqallu baban yeri uçmağ olsun!
Haq yandıran çırağın yana dursun!
Qadir Tanrı səni namərdə möhtac eyləməsün, xanım, hey!