- Ədəbiyyat

Vasif SADIQLI. Qarğıdalı satan qızın dastanı

Azərbaycan elində bir yetim uşaq vardı,
“Azneft”in keçidində hər gün popkorn satardı.

Qazanardı bu işdən çörək pulu, su pulu,
Anası üçün dərman, qardaşa hulu pulu..

Hər gün bu yerdən keçir dəstə-dəstə adamlar,
Pullular, imkanlılar, şeflər, mamlımatanlar.

Qızcığaz çox müztərib onları seyr edərdi,
Dəmadəm qibtə edər, köksünü ötürərdi.

Sonra xatırlayardı zavallı qardaşını,
Ovucunun içiylə silərdi göz yaşını.

Bir gün yenə qızcığaz tutmuş idi yerini
Zalım fələk puç etdi bütün ümidlərini.

Birdən-birə bir ahıl dibdat göründü gözə,
O, qızın qənşərində durub başladı sözə:

“İnsanlıqdır vəsilə mənim həyəcanıma,
Varlığınız ləkədir Azəribaycanıma.

Belə getsə, Merkellər, Buşlar ölkəmə gəlməz,
Zülm əlindən qurtulan quşlar ölkəmə gəlməz.

Get-gedə azalacaq turistlərin sayısı,
Bakıya yox, Maldivə gedəcək rus ayısı,

Nüfuzdan salırsınız ölkəmizi sərasər,
İndi zəng eləyəcəm, gəlsin polis bəradər.

Ölkəmə çal-çağırlı, nikbin efir yaraşır,
“Jara”, “Avroviziya” , “Formula 1” yaraşır.

Yurduma final üçün “Avroliqa” gələcək
“No religion too…” deyən Ledi Qaqa gələcək.

Ömrü layiqli yaşa, torpaqlarda sürünmə,
Bu popkorn cihazınla bir də burda görünmə.

Üfunət mənbəyidir sənin popkorn cihazın,
Əhvalını pozursan Mişoppanın, Naznazın…”

Deputat gah bəmləyir, gah da zilə qalxırdı,
Tənəli sözlər ilə qızcığazı yaxırdı.

Qızcığaz sakit durub ədəb ilə dinlədi
Dibdat nöqtə qoyunca ona belə söylədi:

“Ey dövlətli, imkanlı, zövqü səfalı dibdat,
Qarışqa təfəkkürlü, sərçə qafalı dibdat.

Gərək söyləməyəydin bu tənəli sözləri,
Yaxşı deyiblər: “Olmaz toxun acdan xəbəri”.

Mənim dərdim əppək, su, loxma, xirqə dərdidir,
Səninki “Formula 1”, Ledi Qaqa dərdidir.

Mən bu yerdə kefimdən-filandan dayanmıram,
Ruzi üçün gec yatır, yeddidə oyanıram.

Sizin övladlarınız Dubayda kef çəkəndə
Mən qəpik toplayıram bu soyuq yelçəkəndə

Sənin “Avroliqa”na, Buşuna lənət olsun,
Gəlib, yeyib, rədd olan quşuna lənət olsun.

Deputat məzlumların dadrəsi olmalı,
Məclisi-xamuşanda xalqın səsi olmalı.

Amma biz boğulanda gözümüzün yaşında,
Siz sağlıqlar deyirsiz sərçeşmələr başında”.

Ahıl dibdat utandı o qızın bu sözündən,
Orda durmayıb getdi, yaş axıdıb gözündən.

Yamanca rüsvay oldu söylədiyim bu dibdat,
Belə bivec kəslərə göstərməyin etimad.

19 may 2019