Zəhra Allahverdiyeva,
Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nizami adına Ədəbiyyat İnstitutu,
Nizamişünaslıq şöbəsi. zahra.allahverdiyeva@mail.ru
Sivil xalqlar bəşər tarixində öz zəkası, gücü, cəsurluğu və ləyaqəti ilə tanınır. 30 illik müharibədə düşmən üzərində qazandığımız zəfər bizim güclü bir xalq, qalib bir ölkə olduğumuzu bir daha sübut etdi. Tariximizin yazılmamış, yaxud əks qüvvələr tərəfindən təhrif olunmuş səhifələrini yenidən yazmaq, həqiqəti olduğu kimi üzə çıxarmaq bu gün hər bir qələm sahibinin borcudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 noyabr 2025-ci ildə AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışında tariximizin öyrənilməsinin milli strateji əhəmiyyətindən bəhs edərkən haqlı olaraq söylədiyi kimi, “Azərbaycan xalqının çoxəsrlik zəngin bir tarixi vardır. Bizim dövlətçiliyimizin tarixi qədimdir. Biz öz tariximizi tədqiq və təbliğ etməliyik” (İlham Əliyev. AMEA-nın 80 illik yubileyindəki çıxışı. https://president.az/az/articles/view/70689/videos/82).
Mənbələrdə Xəzər dənizi haqqında olan məlumatlar diqqəti cəlb edir. Xəzər dənizi haqqında hələ bizim eramızdan 5 əsr əvvəl yunan tarixçisi Herodot məlumat vermişdir. Xəzər dənizinin cənub-qərb hissəsində, eləcə də şərq hissəsində Araz çayı hövzəsində yaşayan və heyvandarlıqla məşğul olan türk-massagetlər, yəni baş saklar barəsində Herodot yazırdı: “Araz çayı İstra (Dunay – Z.A.) çayından böyükdür. Araz çayının qolu açıq düzənliklə Xəzər dənizinə axıb tökülür. Xəzər dənizinin hövzəsi qapalıdır və heç bir başqa dənizlə əlaqəsi yoxdur. Xəzər dənizi – bu tamamailə xüsusi növü olan dənizdir. Onun uzunluğu, kürəkli gəmi ilə üzməklə, 15 günlük məsafə, eni isə ən geniş yerdə 8 günlük yoldur. Qərbdə Qafqaz sıra dağlarının ən uca zirvəsilə sərhəddir” (Геродот. Книга Первая. Клио. История. В девяти томах, c.151).
Əzəmətli Xəzər xaqanlığının gücü və şöhrəti haqqında qeyd olunan məlumatlar içərisində XII əsrin məşhur tarixçi və coğrafiyaçısı İbn əl-Bəlxinin verdiyi məlumat maraqlıdır. O yazırdı: “…Sasani şahı I Xosrov Ənuşirəvan (531-579) öz taxtının sağında, solunda və arxasında 3 qızıl taxt qoydurmuşdu. Taxtlardan biri Çin (Türküstan), ikincisi Bizans, üçüncüsü isə Xəzər imperatoru üçün qoyulmuşdu ki, onlar gələndə həmin taxtlarda əyləşsinlər. Başqa heç kimin o taxtlarda oturmağa ixtiyarı yox idi” (Голден Питер. Достижения и перспективы хазарских исследований. В сборнике “Хазары. Евреи и славяне”. Том 16).
Məşhur Azərbaycan coğrafiyaçısı, səyyahı və alimi Hacı Zeynalabdin Şirvani 1822-ci ildə yazdığı “Riyazüs-səyahət” (“Səyahət bağçaları”) əsərində Xəzər dənizi haqqında məlumatını bu sözlərlə başlayır:
مخفی نماند که خزر پسر یافث بن نوح است در هنگام سیاحت و تفرج مملکت از شمالی آن دریا عبور نموده به کنار رود اتک رسیده در تعمیر و آبادی آن مکان سعی موفور بجای آورده شهر خوب و عمارات مرغوب طرح انداخته باسم خویش مسمی نمود چون قبل از آن در آن دیار عمارات و آبادانی نبود لهذا آن دریا را بدان شخص یا بدان ولایت که خزر آباد کرده بود بازخوانده بعد از عمارت ملک خزر ولایت جرجان و جیلان آباد گردید و آن را بحر جرجان و جیلان نیز گفتهاند بطلیموس حکیم آن بحر را ارقانیا گفته و عوام بحر قلزمش گویند این خطاست و نمیدانند زیرا که بحر قلزم طرف مشرق یمن و مغرب مصر و بربر و متصل به دریای محیط است .
«Xəzərin Nuhun oğlu Yafəsin oğlu olduğu gizli deyildir. Ölkəsində səyahətləri və istirahəti zamanı o, həmin dənizin şimal hissəsini keçərək Ətik çayının (İtil – Volqa – Bolqa çayının qədim adı, Bulqar – Ətik ərazisi – Z.A.) sahilinə çatdı. O, həmin yeri qurmaq və inkişaf etdirmək üçün böyük səy göstərdi. O, yaxşı bir şəhər tikdi, gözəl binalar layihələndirdi və ona öz adını verdi, çünki bundan əvvəl həmin ərazidə heç bir bina və ya inkişaf yox idi. Buna görə də həmin dənizə Xəzərin tikdiyi şəxsin və ya əyalətin adı verildi. Xəzər padşahlığının qurulmasından sonra Curcan (Gürgan – Z.A.) və Cilan (Gilan – Z.A.) əyalətləri salındı və o, həmçinin Curcan və Cilan dənizi adlandı. Müdrik Ptolemey bu dənizi Arkaniya, adi insanlar isə Qırmızı dəniz adlandırdılar. Lakin bu, səhvdir və onlar bilmirlər, çünki Qırmızı dəniz Yəmənin şərqində və Misirin qərbində yerləşir və barbardır və Aralıq dənizi ilə bağlıdır» (Hacı Zeynalabdin Şirvani. “Riyazüs-səyahət” (fars dilində), s.68).
Əlimizdə təhrif olunmamış çox az saylı mənbə vardır ki, bu mənbələr Xəzər sözünün Oğuz xaqanın şərəfinə adlandığını təsdiq edir və bu bəzi tədqiqatçıların da diqqətini cəlb etmişdir. Türk etnogenezi ətrafında uzun illər araşdırmalar aparan görkəmli tatar türkoloqu Mirfateh Zəkiyev yazırdı: “Тюркский этнос по называнию «Азер» часто назывался и этнонимом Хазар, который, по мнению одних, является лишь фонетическим вариантом слова Азер” / “Azər” türk etnosu tez-tez Xəzər etnonimi ilə adlandırılmışdır ki, bəzi fikirlərə görə, “Azər” sözü, sadəcə, fonetik (dəyişilmiş) variantdır”. (Закиев М. О древних тюркоязычных ареалах на Кавказе.)
Nizami Gəncəvi öz “Xəmsə”sində “Xəzər dənizi” sözünü bir neçə yerdə işlətmişdir. “Dərya-ye Xəzran” (Xəzərlərin dənizi) formasında “Xosrov və Şirin” və “İskəndərnamə” əsərində bəhs etmişdir. Lakin təsadüfən Nizami Gəncəvi əsərinin qədim əlyazma əsasında üzü köçürülmüş bir nüsxədə bu ifadənin “dərya-ye Ğuzan (ğuzların (Oğuzların) dənizi” şəklində olduğunu müəyyən etdik. Görünür, şairin əsərlərinin üzünü köçürən katiblər sonradan bu sözü öz dövrlərinə uyğunlaşdıraraq artıq orta əsrlərdə işlənilən formaya – “Xəzər” şəklinə salmışlar. Əslində isə Nizami Gəncəvinin həmin beyti birbaşa Xəzər dənizinin Oğuz türklərinin adını daşıdığını bildirir. “İskəndərnamə” poemasında İskəndər Bərdə ərazisindən çıxdıqdan sonra Əlbruz dağı və Xəzər dənizinə yürüş etmək niyyətində olduğunu belə söyləyir:
نخستین مرامش در این کوچگاه
به البرز خواهم برون برد راه
وزان کوح فرخ درآیم به دشت
ز صحرا به دریا کنم بازگشت
تماشای دریای غُزان کنم
ز جرعه بر او گوهر افشان کنم
Bu yerlərdə yürüşün ilk məramı
Yolumu Əlburzdan salmaqdır.
Və o bəxtiyar dağdan çölə keçim,
Səhradan dənizə qayıdım.
Ğuzların dənizinə tamaşa edim,
Cürədən ona gövhər səpim. (Tərc.Z.A.)
Göründüyü kimi, Nizami Gəncəvi “dərya-ye Ğuzan” (Ğuzların dənizi) ifadəsilə Xəzər dənizinin Oğuzun adına bağlı ilkin formasını ifadə etmişdir və burada üslub və vəzn möhtəşəm şəkildə bir-birini tamamlayır.









