- Köşə

Vasif SADIQLI. Ya əshabəl-məda! (ey mədə sahibləri)

(“Məclisi-üns”ə ünvanlanan bir irad haqqında bir neçə kəlmə)

“Məclisi-üns”də bir foto paylaşmış və paytaxtın mərkəzindəki bir iaşə obyektinin “Dövlət dili haqqında” Qanunu pozduğunu bildirmişdik. Bu status şairə olduğu deyilən bir nəfəri hiddətləndirib və o, profilində bunları yazıb:

“Bayaq səhifələrdən birində filan restoranın (reklam olmasın deyə adı yazmırıq – “Məclisi-üns”) Nizami küçəsindəki şəklini qoyub, altından guya adı tənqid edirlər. Nə əlaqəsi adın? Brenddi də bu. Sənə görə restoran adını dəyişməlidi? …Xidmət əla, qiymətlər çox yerlə müqayisədə ucuz, yeməklər çooox dadlı, porsiya normal və personal gülərüz. Yeməyi də çox gözlətmirlər. Ölkəyə əcnəbi gələndə deyirsən adını dəyiş?”.

Bu, ziyalı sayılan şəxs təsəvvür (“həzm” sözü də yerinə düşür) edə bilmir ki, dünyada “ucuz, yeməklər çooox dadlı, normal porsiya”dan başqa dərdi olan insanlar da var. Qorxmayın, bu adamların öz prioritetləri uğrunda mübarizəsi heç kəsi öz mədəvi ehtiyaclarını daha uğurla təmin etmək imkanından məhrum etməyəcək. Çünki dünya, eləcə də Azərbaycan praktikasında ictimai iaşə obyektində “Dövlət dili haqqında” Qanunun düzgün tətbiq edilməsinin “yeməklərin aaz dadlı, porsiyanın anormal və personalın ağlarüz” olması və “yeməyi də çox gözlətməsi” ilə nəticələnməsi kimi bir presedent olmayıb.
Gedin köhnə qayda ilə yeyin, için… Siz bu və ya digər restoranda “çox yerlə müqayisədə ucuz qiymətlər, çooox dadlı yeməklər, normal porsiya və gülərüz personal” harmoniyasının vəslinə yetib mədənizi məmnun edəndə biz sizə mane olmamışıq, olmuruq və heç vaxt olmayacağıq. Sizə zəmanət verirəm: Yeyinti prosesində, ondan əvvəl və ya sonra “Məclis”dən kimsə sizə yaxınlaşıb “Ke qran tüa” deməyəcək… Amma, lütfən, siz də bizə mane olmayın və işimizə qarışmayın.

Əlbəttə, təsəvvür edə bilməzsiniz və ehtimal ki, təxəyyülünüz də error verər, amma barı cəhd edin: biz zavallılar da Bakının mərkəzində və periferiyasında, hətta mühafizəkarlığı ilə seçilən ətraf qəsəbələrində; rayonlarımızda – ölkənin hər yerində başqa dillərin meydan sulamasını və ya ədəbi dil normalarının bu və ya digər şəkildə pozulmasını görəndə çox, sizin təbirinizlə desək, çooox narahat oluruq. Pandemiyanın tüğyan etdiyi vaxtlarda, yayın cırhacırında, qışın soyuğunda küçə-küçə düşüb açıq məkandakı reklamların fotoşəklini çəkib, dövlət qurumlarına göndərmişik, göndəririk, göndərəcəyik. Bir neçə il əvvəl paytaxtın əcnəbi dillər tərəfindən işğal olunması ilə bağlı müraciətimiz Bakı Şəhər İcra Hakimiyyətində kollegiya iclası keçirilməsi ilə nəticələnmişdi. Onda yaşadığımız hissləri təsəvvür edə bilməzsiniz. Biz də belə zavallıyıq. Kaş biləydiniz, dövlət dilindən istifadə edilməyən və ya ədəbi dil normalarının pozulduğu lövhələrin bircəciyinin sökülməsini görəndə uşaq kimi necə sevinirik! Utanmaz-utanmaz bunu “Məclis”də də yazırıq. Bəli, biz də beləyik və bunu həqq əl-yəqin anlamaq heç də hər kəsə müyəssər olmaz.

Şair gözəl deyib:

Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor.

Xülasə, biz də belə dəliyik, belə divanəyik və bu hüququ heç kəs əlimizdən ala bilməz.
P.S. “Məclis” əhlinin başqa bir statusunun altında kimsə “bu dərd sizi öldürəcək” tipində nəsə yazmışdı. Ondan da qorxmuruq. Çünki:

Biz xərabət əhliyik, meyxanələrdən çıxmışıq,
Badələr nuş etmişik, peymanələrdən çıxmışıq.

Atəşi-qəmdən nə qorxaq kim, səməndərxislətik,
Şəmlər yandırmışıq, pərvanələrdən çıxmışıq.

Vəssalam, namə tamam.