- Mədəniyyət

Çingiz Fərzəliyevin XIII əsr miniatürlərinə həsr edilmiş kitabının təqdimatı olub

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan Milli İncəsənət Muzeyi də iştirak edir.

Muzeydən bildirilib ki, yarmarkada muzey “Azərbaycan rəngkarlığı. Antologiya”, “Azərbaycan Dövlət İncəsənət Muzeyi”, “Azərbaycan el sənəti”, “Natürmort haqqında hər şey”, “Portret haqqında hər şey”, “Mənzərə haqqında hər şey”, XX əsr Azərbaycanın təsviri sənətində tanınan 45 görkəmli incəsənət xadiminin yaradıcılığını əks etdirən “Sərvət” silsiləsindən 36 kitab və eləcə də “Əsrlərin qovşağında”, “Budo ruhu- Yaponiya döyüş sənətinin tarixi”, “Azərbaycan incəsənəti minilliklər boyu”, “Rus Avanqardı – XX əsr incəsənətinin fenomeni”, “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyadan”, “Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından”, “Alman incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından”, “Zamanın pillələri ilə” kimi muzeydə keçirilən çoxsaylı sərgilərin kataloqları ilə təmsil olunmaqdadır.

Habelə yarmarkanın açılış günü Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevin hazırladığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Türkiyədə yüksək poliqrafik səviyyədə buraxdığı, XIII əsr Azərbaycan rəssamı Əbdülmömin Məhəmməd əl-Xoyinin çəkdiyi miniatürlərlə bəzənmiş “Vərqa və Gülşa” kitabının da təqdimatı keçirilib.

Təqdimatın açılışında çıxış edən Çingiz Fərzəliyev deyib: “Dünyanın ən mötəbər kitabxana və muzeylərində qorunan mədəni dəyərlərimiz ilə tanış olmaq imkanı, təəssüf ki, hər birimizə nəsib olmur. Bu zaman nəşr olunan kitab və albomlar köməyimizə çatır. Türkiyənin Topqapı Sarayı Muzeyində qorunan Azərbaycan miniatür məktəbinin nümayəndəsi Əbdülmömin Məhəmməd əl-Xoyinin “Vərqa və Gülşa” əlyazmasına çəkdiyi 71 miniatürün tam cəmləşdiyi və ilk dəfə kompleks şəklində nəşr edildiyi bu fundamental kitab xalqımız üçün böyük töhfədir. Yaxın və Orta Şərq incəsənətinin ən qədim miniatürlərinə həsr edilən bu nəşr sayəsində XIII əsr Azərbaycan təsviri sənəti və onun sonrakı inkişafı haqqında dolğun təsəvvür əldə etməyə imkanı yaranır. Bu kitab mənim tərəfindən XXI əsrdə XIII əsrə baxışdır”.

Təqdimatda, həmçinin Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxışında bildirib ki, Əbdülmömin Məhəmməd əl-Xoyinin yadigarı olan bu əsərlər yalnız gözəl sənət nümunələri kimi qiymətli deyil, həm də böyük yolu açan, miniatürçülüyün sabahkı yüksəlişlərinə təkan verən, bu sənətin baharını gətirən ilk qaranquşlardan biri olaraq son dərəcə əhəmiyyətlidir. (azertag)