Dövlət Şərq Muzeyində Xalq rəssamı, Azərbaycan heykəltəraşlığında avanqardizm istiqamətinin banisi Fazil Nəcəfovun albomunun təqdimatı və sərgisinin açılışı olub.
Sərginin təşkilatçıları Heydər Əliyev Fondu, RF Mədəniyyət Nazirliyi, Dövlət Şərq Muzeyi və Mərcani Fondudur. Kamera sərgisində rəssamın yaradıcılığının müxtəlif dövrlərinə aid qrafika əsərləri və bürüncdən hazırlanmış heykəllər nümayiş etdirilir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərginin açılış mərasimində çıxış edib. Fazil Nəcəfovu “canlı klassik” adlandıran səfir deyib: “Fazil müəllim 1935-ci ildə anadan olub. Mən ona uzun ömür və yaradıcılıq uğurları arzu edirəm. Rəssam və heykəltəraş haqqında danışmaq asan məsələ deyil. Hər kəs onun işlərinə tamaşa etsə və öz fikrini hasil etsə daha yaxşı olar. Mən bir məqamı xüsusi vurğulamaq istərdim ki, sovet dövründə incəsənətdə avanqardizm üslubunda işləmək asan məsələ deyildi. Lakin Fazil Nəcəfov davam gətirdi və bu gün bizim canlı klassikimizdir”.
Şərq Muzeyinin direktoru Aleksandr Sedov deyib: “Ekspozisiyaya Fazil Nəcəfovun son illərdə yaratdığı əsərlərlə bərabər daha erkən dövrə aid işləri də daxildir. Lakin əsas hadisə “Fazil Nəcəfov. Heykəltəraşlıq. Qrafika” adlı albomun təqdimatıdır. Albom bizim çoxdankı tərəfdaşımız Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilib. Bu sərgi cari ildə Heydər Əliyev Fondu ilə birgə təşkil olunmuş ikinci sərgimizdir. Birinci sərgi Nizami Gəncəviyə həsr edilmişdi. Biz əməkdaşlığı yüksək qiymətləndiririk. Ümidvarıq ki, bu əməkdaşlıq davam edəcək və öz səmərəsini göstərəcək”.
A.Sedov 1918-ci ildə yaradılmış Dövlət Şərq Muzeyinin tarixi barədə də məlumat verib. O deyib: “Bizim muzeyimizin, necə deyərlər, “göbəyi Azərbaycan ilə kəsilib”. Muzeyin bir nömrəli eksponatı 1918-ci ildə buraya daxil olmuş Qarabağ xalçasıdır. İnventar nömrəsi 1 olan xalça Tverskaya küçəsindəki xalça mağazasından gətirilmişdi. 1918-ci ildə mağaza milliləşdiriləndə xalçanı bizim muzeyə veriblər”.
Sərginin kuratoru və “Fazil Nəcəfov. Heykəltəraşlıq. Qrafika” adlı albomunun müəlliflərindən biri olan Mariya Filatovanın sözlərinə görə, heykəltəraş Fazil Nəcəfovun yaradıcılığına həsr edilmiş albom üzərində iş dörd il davam edib. M.Filatova deyib: “Bu albomun üç müəllifi var. Əsas müəllif qeyri-adi ədəbi istedada malik olan Fazil Nəcəfov özüdür. O yazmır, amma o qədər maraqlı və cəlbedici söhbətlər edir ki, hər şey aşkar təsəvvür edilir. Mən də öz növbəmdə onun duyğularını, intonasiyalarını, Bakı ləhcəsini oxucuya çatdırmağa çalışmışam. Daha bir müəllif – jurnalist Nonna Müzəffərovadır. Albom Heydər Əliyev Fondunun və Mərcani Fondunun dəstəyi ilə hazırlanıb”.
Məşhur Azərbaycan heykəltəraşı Fazil Nəcəfovun yaradıcılığına həsr edilmiş bu sanballı nəşrin üzə çıxması çoxdan gözlənilən hadisədir. Bir neçə il ərzində hazırlanmış kitabın yaradılmasında rəssam özü bilavasitə iştirak edib. Kitabdakı mətnlərin – xatirə, düşüncələr, heykəltəraşlıq əsərlərinin canlı, obrazlı təsvirlərinin yarısından çoxunun müəllifi Fazil Nəcəfovdur.
İnamla demək olar ki, Fazil Nəcəfov Azərbaycan təsviri sənətinin klassikidir. Bütün həyatını Abşeron sahillərində keçirmiş Fazil Nəcəfovu “Abşeron məktəbi”nin nümayəndələri sırasına aid edirlər.
Sərgi oktyabrın 20-dək davam edəcək. (azertag)