- Mədəniyyət

Muğam Mərkəzi Rusiya Muzeyi ilə əməkdaşlıq memorandumu imzalayıb

Beynəlxalq Muğam Mərkəzi ilə Rusiya Milli Musiqi Muzeyi (RNMM) arasında əməkdaşlıq memorandumu imzalanıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, sənəddə iki ölkənin musiqi mirası və ənənələrini geniş tanıtmaq məqsədi öz əksini tapıb.

Mərasimdə RNMM-in baş direktoru Mixail Brezqalov son on il ərzində Muğam Mərkəzi ilə həyata keçirilən müştərək layihələrdən danışıb: “Yaxın dövrdə Moskvada və Bakıda icra edəcəyimiz bir sıra layihələrin olması yaxından əməkdaşlığı nəzərdə tutan bu sənədi imzalamağımızı şərtləndirir”.

BMM-in direktoru Murad Hüseynov da muğam sənətimizin artıq bütün dünyada məşhur olduğunu deyib: “İmzalanan sənəd sayəsində BMM və fəaliyyəti daha geniş tanınacaq. Musiqiçilər arasında mədəni təmasların daha da artmasına şad olarıq. Musiqiçilərin, mədəniyyət ustalarının birgə ünsiyyəti, müştərək tədbirlər keçirməsi yaradıcılıqlarını daha da zənginləşdirir. Ümidvaram ki, bu sənəd BMM-in fəaliyyətini daha geniş tanıdacaq. Rusiyadakı soydaşlarımız, bu ölkənin dinləyiciləri də Azərbaycan milli musiqi sənətinin ənənələrinə daha yaxından bələd ola biləcək”.

İmzalama mərasimindən sonra tanınmış xanəndələrin ifasında muğam konserti başlayıb.