Hindistanın Müstəqilliyinin 75-ci ildönümünün qeyd edilməsi çərçivəsində Hindistanın Azərbaycandakı səfirliyi 2021-ci ilin Onlayn Qlobal Poster və Rəsm Müsabiqəsinin iştirakçılarını təbrik edib.
AZƏRTAC xəbər verir ki, müsabiqə Hindistanın Mədəni Əlaqələr Şurası tərəfindən “Mənim təsəvvürümdə Hindistan” mövzusunda təşkil olunub.
Məktəb şagirdlərinin, Azərbaycan Rəssamlar Assosiasiyasının üzvlərinin və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə azərbaycanlı rəssam və tələbələrin müsabiqəyə onlayn formada təqdim olunmuş 70 rəsm əsəri və posterlərinin əksəriyyəti nümayiş etdirilib.
Tədbirdə çıxış edən səfir Vanlalvavna Bavitlunq Hindistanın müstəqilliyinin 75 illiyinin qeyd olunması ilə bağlı “Azadi Ka Amrit Mahotsav” adı altında təşkil olunan tədbirləri xüsusi vurğulayıb və belə tədbirlərin iki ölkənin xalqlarını bir-birinə daha da yaxınlaşdıracağını bildirib. Mərasimdə tanınmış sənətkar Günay Zebiç də çıxış edib. Azərbaycanlı musiqiçi İlxas Məmmədov isə raqa musiqisini ifa edib.
Müsabiqə barədə ətraflı məlumatı https://www.iccr.gov.in/Iccr4Art/index.php saytından əldə etmək olar. Qeydiyyat oktyabrın 31-də başa çatacaq.