- Manşet, Mədəniyyət

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Qarabağ” milli geyim kolleksiyası təqdim ediləcək

Türk dünyasının zəngin irsinin beynəlxalq aləmdə təbliği istiqamətində müxtəlif tədbirlər, layihələr həyata keçirən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkil etdiyi tədbirlərdən biri də “Qarabağ” milli geyim kolleksiyasına həsr ediləcək. Oktyabrın 29-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda tanınmış modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın Qarabağ bölgəsinə xas olan geyim nümunələrindən “Qarabağ” milli geyim kolleksiyasının təqdimatı keçiriləcək.

Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, kolleksiyanın tarixi Zəfər günlərində təqdim edilməsində məqsəd Azərbaycanın, ümumilikdə bütün türk dünyasının ayrılmaz parçası olan Qarabağın çoxəsrlik geyim mədəniyyətini daha geniş auditoriya ilə tanış etdirməkdir.

Mərasimdə rəsmilər, Azərbaycanda akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.

Tədbir pandemiya şəraitinə uyğun olaraq keçiriləcək.