Bir padşah var idi. Kiminsə ondan böyük olması fikrinə dözə bilmirdi. Bir gün o bütün vəzirlərini çağırıb onlara bir sual verdi:
-Hansımız daha böyükük: mən, yoxsa Allah?
Vəzirlər qorxudan əsməyə başladılar. Onlar düşünmək üçün vaxt istədilər. Vəzirlərin hamısı yaşlı idi. Heç biri bu yaşda təqib olunmağı, xoşbəxt həyatı itriməyi istəmirdi. Amma onlar həm də ləyaqətli adam idilər, Allahın qəzəbinə gəlmək istəmirdilər. Onlar çox düşünüb-daşındılar. Axırda ən qoca vəzir təşəbbüsü ələ alıb dedi: “Hər şeyi mənə həvalə edin, sabah mən padşahla danışaram”. Səhəri gün saray əhli toplaşdı və vəzir də gəldi. O, sakit idi. Padşahın qarşısında baş əyib dedi:
– Qibleyi-aləm, sən daha böyüksən.
Padşah bığlarını burub başını bir az da dik tutdu. Qoca vəzir davam elədi:
– Sən istəsən, bizi öz səltənətindən qova bilərsən, amma Allah bunu edə bilməz. Çünki onun səltənəti hər yerdi. Başqa yer yoxdu.