- Ədəbiyyat

Uzun  sevda  yolu

Sən məndən burda başqa sevgi gözləmə,
                                                             əzizim, məni bağışla.
                                                                                        Döyüşün, səngərin sevgisi bambaşqa…

Rəfail Tağızadə 

Bizi torpağa bağlayan cazibə qüvvəsidirmi? Xeyr. Ruhu, hissi, arzuları olmayanlara aid olan fiziki qüvvəylə yerə düşənlərə insan deyilməz. İnsanın ruhu hansı ağırlıqdadırsa, torpaq onu o qədər özünə çəkər. Sevgi, qeyrət, hünər çox ağır yüklərdir və bu yükü daşıyanlar qəhrəmandırlar. Bəli, daşımaq sözü daş kimi ağır məsdərdir.

Vətən torpağı – Tanrının insana bağışladığı məkan hamımıza əzizdir. Göy qübbəsinin altındakı dayağımız – bizə duruş, qürur verən, diriliyimizin də, əbədiliyimizin də səbəbi və nəticəsi doğulduğumuz, yaşadığımız torpaqdır.

Öz torpağında səngər qazmaq
özünə qəbir qazmaq kimidir.
O başdan bu başa  uzun bir qəbir qazdıq –
səngər adında.
Əvvəl qürurumuzu,
sonra güllələr sönəndən
ilk atəş səsinədək
özümüzü basdırdıq
qazdığımız qəbirdə.

Vətən uğrunda döyüş həm cəbhəyə göndərilənlərin, həm də sevə-sevə gedənlərin meydanıdır. Bu meydanda kişilər (savaş kişi sənətidir) müqəddəs torpağı hünərlə qoruyur, hətta şəhidliyi  ilahi mükafat bilirlər. Onların idrakını yalnız o mövqedə dayananlar, o günləri görənlər tam dərk edər.

Düşməni axtaran,
öldürdüyünü sayan
tətiyin qaraltdığı,
bərkitdiyi barmaqlar
saç sığallaya bilməz.
Sönmüş gözləri sığayar.
Əllərim, barmaqlarım ağlayar.

Döyüşçü üstəgəl şair hissiyyatı. Qorxusuzluq, yüksək humanizm, şəhid yoldaşını özü ilə götürmək, yaralını çiyninə almaq, əsir düşməkdənsə son gülləsini sinəsinə sıxmaq və s. kimi bizim çox çətinliklə anladığımız  hisslər var.

Pafossuz, şüarsız Vətənə sevgi pıçıldamaq şairin təvəzökar səmimiyyətidir: “Sən burda məndən başqa sevgi gözləmə” kişi etirafıdır. Əlbəttə, səngərdə yazılan şeir təbəssümdən, şirinlikdən uzaqdır, acılarla, təəssüflərlə doludur. Ancaq onu yaşadan, ümidlərini sönməyə qoymayan bir sevgi var. Şair-döyüşçü məktubların, şeirlərin istisinə qızınır:

Məni bağışla.
Döyüşün, səngərin sevgisi bambaşqa.
Burda bizim xatirələr an-an,
səninki il-il.
Mən burda ölümü də sevirəm,
sən yaşamağı.
Səni qucaqlayan qollar
indi yaralı əsgərləri qucaqlayır…
… Qucağımdan qan damır,
əllərim qan içində…

Müharibədə gördüyünü, düşündüyünü yaza bilənlərin – qanlı tarixin canlı şahidlərinin  xalq üçün, ədəbiyyatımız üçün fədakarlığı tarixə yazılacaqdır: “Şair və camaat anlayışı yoxdur. Şair və el, şair və yurd, şair və yol, şair və mürşid anlayışları var” (Safruh).

Hər gecə səngərin o tayından
məni çağırırlar.
Bu sənə xəyanət deyil, əzizim.
Bu ilk sevgidi.
Yaddan çıxmaz, unudulmaz,
Vətən sevgisi.

Vətən torpağının yaralarını sağaltmağa çalışan, birinci Qarabağ müharibəsinin qazisi, bəşəriyyətin mənəvi ideallarına sahib olmaq üçün yaşayan, döyüşən, yaradan ziyalı şair Rəfail Tağızadənin 2018-ci ilin əvvəlində yazdığı “Burda məndən sevgi gözləmə” şeiri kaş ki, bütün sülhsevər xalqların dilinə çevriləydi…

***

Şair, publisist, keçmiş zabit Rəfail Tağızadə uzun ayrılqdan sonra 2021-ci ilin baharında doğma obasına (elsiz, evsiz obasına)  qayıtdı. Orada gördükləri bərbad, ağır olsa da yazılmalı, ürək boşalmalıdır: “Ağdam – varlığın yoxluq səhnəsi”, “Yoxluqda var olan şəhər”, “Sahibsizlik dərdi”, “Bizi bizə qaytaran yollar”…  Bunlar möhtəşəm dönüşü var gücü ilə ifadə etmək istəyən, gah sevinən, gah kövrələn yazarın təzadlı hisslərindən bəhs edən yazılardır. Gələcəkdə qayıdış publisistikasının, ovqatının dəyişəcəyinə, Vətənin yaralarının sağaldığını, torpağın çiçəkləndiyini görən Rəfail Tağızadənin yeni əsərlərini  oxuyacağımıza inanırıq. “İnsan özünə doğru gedir, özünə çatmalıdır, çatacaqdır. Özünə çatmaq, insana çatmaqdır” (Safruh).

Ata yurdu, ana ocağı Ağdam həm var, həm də yoxdu… Özümü orada ağdamlıların yerində fəhm etməyə çalışıram: Yurduna gəlib evini tapmayan adamın yerində olmaq empatiyanın dözülməz məqamıdır:

“Qapısını bağlayıb, açarını bərk-bərk gizlədib saxladığın evin qapısı, həyət darvazası indi bilmirəm harada, hansı ölkədə, kimin həyətindədir. İndi hara gedəcəyimi bilmirəm. Qəhər məni boğur” (“Varlığın yoxluq səhnəsi”, 28.05.2021).

Bu ağrı-acını yazmaq ən doğru təsəllidir. Şeir yazmaq ölçü-biçi, macal istər, hövsələ istər. İndi isə yalnız nə düşünürsənsə, anındaca duyğuların sinxron tərcüməsini yazmağa çox ehtiyac var.

Bu ehtiyacdan Rəfail Tağızadənin publisistik yaradıcılığının qayıdış dövrü başlayır. Düşüncələri təptəzədir, canlı-qanlıdır, ürək yandırandır. “Dövlət bəyin ölüsü də gözəldir” deyib film kimi uşaqlıq izlərini axtardığı Ağdama təskinlik verir.

Ah, bu uzun sevda yolu”nu (ruhun şad olsun, nakam Müşfiq) ifadə etmək üçün bəzən dil də acizdir. Heyrət məqamında kəlmənin də aciz olmayanını seçə bilməlisən. O qədər güc toplamalısan ki, o kəlmədən qorxmayasan:

“Öpdüyüm torpaqdan həsrətin qoxusu ilə bərabər qan qoxusu da gəlir. Şəhidlərin tökülən qanı torpağa qarışıb, torpaq qanla yoğrulub. Bu torpaqda bitən lalələrin qara xalları ləçəkləri boydadı…

Məni mən edən Ağdam!”

Tərtibçisi və redaktoru Rəfail Tağızadə olan, dünyaca məşhur elm adamı, böyük şəxsiyyət Rafiq Əliyevin publisistik düşüncələri və onunla müsahibələr toplanmış “Su kimi sakit və güclü” kitabında  professorun “ziyalı kimdir?” sualına cavabı dolğundur:

“Öz xalqına inam, kiçik və böyük Vətənə fədakarcasına tükənməz məhəbbətə əsaslanan vətənpərvərlik” (“Ziyalılar ölkə, ölkə ziyalılar axtarışında” yazısı).

Vətən oğlunun qayıdış notları o qədər təsirli və məhrəmdir ki, sanki biz də qədəm-qədəm gəzib Ağdamın açılan qucağında ağı deyirik.

Düşmənə nifrəti son həddə çatdıran bu torpaqda dəhşət yaşanıb. Haram məskənlərindən tualet unitazlarını (ifadəyə görə üzr istəyirəm) qucağında Ermənistana daşıyan tayfanın bir dibçək gül qarışıq torpaq apardığına inanmıram. Mənəviyyatsızların buna dərrakəsi çatmaz. Onlar ağaclarımızı kəsib, yenidən bitməsin deyə, kötüklərinə og vuran, illər boyu yaşadıqları evləri yandırıb gedən şərəfsiz sürüdür. Bilirlər ki, bu torpaqlar onların deyil və heç vaxt olmayacaq. Yer adamı yaşadığı təbiəti necə xarabalığa (düşmən yurdu olsa belə) döndərə bilər?!

Üzdən-gözdən iraq, Allahdan uzaq bir canlı kütlə – ermənilər haqqında onların pisliklərini görənlərin dedikləri, yazdıqları dünya xalqlarına tanışdır.  Mən də əlavə etmək istərdim: erməni yer, torpaq adamı ola bilməz. Onlar yəqin ki, bizim planetdən deyillər, ona görə özlərinə Vətən tapa bilmirlər. İlk məskənləri yanıb külə dönmüş, xarabalıq olmuş canlıları abad torpaq götürməz. Təbiətə mənsub olmayanlar mənfi xislətə sahibdir.

Qarabağın varisi qazi-şair Rəfail Tağızadənin indi Ağdamda olan yeganə varidatı torpaqdır. O, tarixin dərslərini görmüş bir əsgər kimi bu torpağı qorumağı gələcək nəsillərə də tövsiyə edir:

“Hər tarix bir dərsdir. Yaşadıqlarımız bizə çox ağrılı həyat dərsi keçdi. Olanlarına sahib çıxmağı, özününkünün qədrini bilməyi, dəyər verməyi, qorumağı, uzaqdan baxmağın acısını, yaşananları bir daha yaşamamağı öyrətdi.  …Torpaq varsa, Vətən var, qalanı düzələr”.

Ah, bu torpaq nələrə, nələrə dözüb…

Bəli, torpaq güclüdür. Onu yerindən qoparıb aparmağa şeytanın da qüvvəsi çatmaz. Deyirlər, dünya dolu torpaqdır, ilan onu yeməyib, yalayıb ki, tükənməsin.

Torpağımızı qorumaq üçün Tanrı və Vətən sevgimiz bizə kömək olsun!

Xocalımız dardan qurtarsın. Özünü Vətən üçün fəda edən şəhidlərin ruhu şaddır, qazilərimizin, əsgər və zabitlərimizin bu gün başı ucadır. Onların sırasında bu torpaqda yaşamağa üzü və sözü olan Rəfail Tağızadə də var və həmişə var olsun!

Tamella  HƏMİDQIZI

Dekabr 2021