- Köşə

Gülyaz ƏLİYEVA. Cənnətimiz

Qadının həyatı bir musiqiyə bənzəyir:  bəzən İ.S.Baxın əsərləri kimidir;  klassik, ağır, lirik, bəzən P.İ.Çaykovskinin , V.A.Motsartın sonatinolarını, pyeslərini xatırladır – şən, ritmik, bəzən L.V.Bethovinin sonataları kimidir: təlatümlü, inqilabi, hər şeyi yıxıb -dağıtmaq istəyir, bəzən də  Çerninin etüdlərinə bənzəyir; axıcı, rəvan …

Nə olur-olsun, dinləyicisinin əhvalından, istəyindən asılıdır bu musiqini anlamaq, onu çalanın iç dünyasını əks etdirir, özündə ehtiva edir bu musiqi…

Oraya Azərbaycan musiqisini də əlavə etsək, bir az Q. Qarayevin “İldırımlı yollarla “, bir az A. Məlikovun “Məhəbbət əfsanəsi” baletindən, bir az Ü. Hacıbəyovun “Koroğlu”, F. Əmirovun “Sevil “operasından, da qatqısı olsa, bu həyat bir az da qəlizləşər. Ruhunun azadlığı üçün çarpışır qadın daim. Hər işdə bir qadın əli, zərifliyi, incəliyi olsa, dünya gözəlləşər. Qadını azad cəmiyyət ən ideal cəmiyyətdir. Bütün peşələrdə özünü sınamış, təsdiq etmiş qadın ən yaxşı siyasi xadim, ən yaxşı lider ola bildiyini də sübut edə bilər.

Yalnız hər növ qayğılardan azad olduğu təqdirdə qadın azad ideyalarla bütün varlığı ilə özünü ictimai işlərə, siyasətə və liderliyə həsr edə bilər və bu sahədə çox bacarıqlı olar.  O  buna qadirdir!

Amma qadın ən xırda bir məişət problemini həll etməyə bütün ictimai işlərini qurban verə bilər. “Qonum -qonşu nə deyər “…tək bu ifadəyə bütün ictimai arzularının üstündən xətt çəkə bilər Azərbaycan qadını…

Azərbaycan qadını…Oddan keçdi, yanmadı, sudan adladı, batmadı. Vətən üçün oğlunun tabutunu çiyinlərinə aldı, baş tacı həyat yoldaşının tabutunun ağırlığına verdi çiyinlərini.  Sınmadı, qırılmadı, əyilmədi. Mərddir, mübarizdir Azərbaycan qadını. Övladlarını da elə böyütdü. Polad kimi möhkəmdir amalı, əqidəsi yolunda. Ona görə Polad kimi oğullar verə bilir Azərbaycana.

İşgüzardır, zəhmətkeşdir, zərifdir, incədir, qürurludur, gözəldir Azərbaycan qadını…

O, gündüzləri dimdik ayaqda, heç bir hissini-həyəcanını, ağrısını, kədərini biruzə verməz, gecələri onu əzən, alçaldan bir baxışdan, bir acı sözdən  gizlincə göz yaşı axıdar yastığına. Övladına bildirməz çəkdiklərini, ismətindən başqa hər şeyi övladına qurban verər. Yalnız onun səadətini düşünər Azərbaycan qadını.

Adın şırəflidir sənin, ey qadln,

Dahilər anası çağrılır adın.

 Hər kəs cənnəti arayır, axtarır . O haradadır,- deyə düşünür. Bu dünyadamı, ya o dünyadamı? O yerdə ki, anaya, qadına hörmət var, elə ora cənnətdir. O cənnəti bizə yaradanların qədrin bilək, hörmət edək.