- Mədəniyyət

Azərbaycanlı gənc: “Oskar”ı Gürcüstana gətirmək istəyirəm”

Gürcüstanlı gənc, “Era Teatrı”nın bədii rəhbərinin müavini Elnur Vəlizadə “Geri dönüş” adlı qısametrajlı film çəkir. Türkiyənin “Yeşilay” təşkilatının dəstəyi ilə “Era Film” şirkətinin istehsal etdiyi ekran əsəri dramatik janrdadır və ailə-məişət problemləri, cəmiyyətdə mövcud olan zərərli vərdişlərin insanların həyatına təsirlərindən bəhs edir.

“Report”un Gürcüstan bürosunun əməkdaşları azərbaycanlı gənc aktyor, ssenarist və rejissorla çəkiliş meydançasında görüşüb, filmlə bağlı söhbət edib.

E.Vəlizadə Bolnisi rayonunun İmirhəsən kəndində doğulub. Orta təhsilini Bakıda, ali təhsilini isə Gürcüstanın Texniki Universitetində alıb. Soydaşımız iki ilə yaxındır teatr və film sahəsində fəaliyyət göstərir: “Bu sahəyə həqiqətən də qəlbdən bağlıyam və gələcəkdə özümü yalnız bu sahədə görürəm. Təəssüf edirəm ki, incəsənət istiqaməti üzrə ali təhsil almaq fürsətim olmayıb. Lakin inanıram ki, diqqətə layiq işlər ərsəyə gətirə biləcəyəm”.

Bir neçə aydır məhdud imkanlar daxilində davam edən çəkilişlərə təxminən 20 nəfər aktyor və texniki heyət üzvləri cəlb olunub. Soydaşımız komandasının işindən razılıq ifadə edib: “Ekran əsərində həvəskar və təcrübəli gənc aktyor və aktrisalar da rol alıb. Onlar işlərinin öhdəsindən kifayət qədər yaxşı gəlirlər”.

Gənc rejissor öncə filmi gürcü dilində çəkməyi planlaşdırsa da, bu, müəyyən səbəblərdən baş tutmayıb və ekran əsəri Azərbaycan dilində lentə alınır. Film tamaşaçılara gürcü dilində alt yazılarla təqdim olunacaq.

“Geri dönüş”ün hazırlanması artıq yekun mərhələdədir və premyerası yaxın zamanlarda gözlənilir.