- Dil

Aygün ƏZİZ. Koreya xalq deyimləri, atalar sözləri, zərb-məsəllər, müdrik fikirlər

DİL, NİTQ, YADDAŞ

  1. Unu çox ələ, ancaq söhbəti kəsə elə.
  2. Söhbət şahmat oyunu kimidir: uğurlu başlamaq çox vacibdir.
  3. Hörük saç ayrımından, söhbətsə arqumentlərdən başlayır.
  4. Söhbətin mənası deyilən sözlərdən asılıdır.
  5. Yaxın adamla söhbəti nala-mıxa vurmadan başla.
  6. Yaxın adamlar divar arxasından danışmırlar.
  7. Mahir natiqin nitqi çay kimi axır.
  8. Qonağı söhbətlə doydura bilməzsən.
  9. Yaxşı danışıqla borc ödəmək olar.
  10. Şirin soya verilən yerə get, şirin söhbətlə baş aldadılan yerə yox.
  11. Rəvan nitq dalğa kimidir.
  12. Dodaqlarının demək istədiyi sözü yox, ürəyində düşündüklərini söylə.
  13. Dağılmış düyünü yığa bilərsən, ancaq deyilmiş sözü qaytara bilməzsən.
  14. Dilin ayağı yoxdur, amma min li[1] yol gedə bilər.
  15. Dilin sümüyü yoxdur, ancaq insanları xurd-xəşil edir.
  16. Dilində bal, ürəyində xəncər.
  17. Dil balta üstündədir.
  18. Dilini dişlərinin arasında saxlamağı bacar.
  19. Mülayim danışığın sonu əksər hallarda xahişlə bitir.
  20. Yuxu o qədər maraqlı olmur, yuxunu danışmaq maraqlı olur.
  21. Məsləhəti dinləmək həmişə xoş olmur, amma ona əməl etmək həmişə fayda gətirir.
  22. Tutuquşu kimi çərənləmə.
  23. Yuxu görməmiş danışma.
  24. Naqqalın söhbətində həqiqət olmaz.
  25. Özü haqqında qeybətə qulaq asmaq xəstəlik, qulaq asmamaq məlhəmdir.
  26. Çoxunun dediyi şeyə inanmamaq çətindir.
  27. Çərənçinin ağzına buruntaq lazımdır.
  28. Qəbirdə belə lüzumsuz sözlər danışma.
  29. Boş söhbətlər uşağın da yuxusunu qaçırdar.
  30. Söz-söhbət çox olan evdə soya turş dadar.
  31. Çərənçidən ağıllı fikir eşitməzsən.
  32. Gəvəzəni özünlə heç balığa gedəndə də aparma.
  33. Boş-boş söhbətlər pis musiqi kimidir.
  34. Ağzıdağınıqlıq dəmiri də əridər.
  35. Yol yoxdursa, getmə, mənasız sözlər danışma.
  36. Çaya üzəndə bələd olursan, insana danışanda.
  37. Hətta anamız belə qəlbimizə tam dərindən bələd deyil.
  38. İtin nədən şikayət etdiyini bilə bilməzsən.
  39. Söz sözü gətirər.
  40. Gündüz quşlar, gecələr siçanlar qulaq asırlar.[2]
  41. Düyü qırığı ilə ağıl artmaz.
  42. Nohur görən ördək kimi çığırır.
  43. Elə cikkildəyir ki, elə bil sərçə yeyib.
  44. Səhər sağsağanı kimi cikkildəyir.
  45. Qeybətcilin söhbəti Sabok[3] çayının sularına bənzəyir.
  46. Özünü tərifləməyi qəbirə saxla.[4]
  47. Axmağın yazdığı qeydlər ağıllının yaddaşından güclü olur.
  48. Nəyisə yadda saxlamaq üçün bulud üstündə yazmazlar.[5]
  49. İt sahibini bir ildən sonra da görsə tanıyacaq.

[1] “Li” Koreyada uzunluq vahididir, 400 m-ə bərabərdir.

[2] Yəni həmişə ehtiyatlı olmaq lazımdır, kimsə söhbətinizi dinləyə bilər.

[3] Asiyada suyu bulanıq, çirkli olan çaydır. Qeybətcilin söz-söhbətlərinin ikrahdoğuran, etibarsız, insana zərər verə biləcəyi mənasında işlənir.

[4] Yəni özünü heç vaxt tərifləmə.

[5] Yəni yaddan çıxmaması üçün yazılı qeydlər aparılmalıdır.