Bizə uşaqlıqdan öyrədilən bir qayda var: “Böyüyə hörmət et”. Bu sadə görünsə də, içində yüzilliklərlə formalaşmış sosial-mədəni kodlar, dini və əxlaqi çərçivələr, hətta siyasi məqsədlər gizlənir. Bu qayda bəzən o qədər kor-koranə yeridilir ki, nəticədə yaşla hörmətin bir-birindən ayırd edilməsi unudulur. Axı, sadəcə yaşlı olmaq bir insanı müdrik və hörmətəlayiq edirmi?
Tarixən “ağsaqqal” anlayışı xalq arasında müdrik, təcrübəli, vicdanlı, ədalətli və yolgöstərən biri kimi qəbul olunub. Qədim türk toplumlarından tutmuş müasir kənd icmalarına qədər ağsaqqallar sosial sabitliyin qoruyucusu sayılıb. Amma bu anlayış zamanla dəyişdi.
Bu gün isə biz “ağsaqqal” statusunu yaşla eyniləşdiririk. Bu status artıq insanın davranışlarına, əxlaqına deyil, təkcə doğum tarixçəsinə əsaslanır. Əgər biri yaşlıdırsa, demək ki, susmalısan, dinləməlisən, tənqid etməməlisən. Amma bu doğru yanaşmadırmı?
Uşaqlara “böyüyə hörmət et” demək, əslində çox incə bir mesaj daşıyır: “Sual vermə, sorğulama, itaət et.” Bu isə tənqidi düşüncənin formalaşmasının qarşısını alır. Hörmət artıq seçim yox, öhdəlik kimi sırınır. Əgər bir uşağa “o yaşlıdır, onun sözünü yerə salma” deyilibsə, bu uşaq sonradan yalan danışan, zorakı, qəddar, qadınları aşağılayan bir “ağsaqqal”a da kor-koranə hörmət etməyə öyrəşəcək. Və bu artıq tərbiyə deyil, zehni köləlikdir.
Cəmiyyətlərdə yaşlıların tənqid olunmaması nəticəsində bir çox hallarda onların etdiyi kobudluq, təhqir, hətta zorakılıq normal sayılır. Xüsusilə ailə içində vəzifə, yaş və cins üstünlüyü ilə özünü toxunulmaz sayan bəzi yaşlı kişilər, “mən ağsaqqalam” maskası altında qadınlara, gənclərə, uşaqlara psixoloji və ya fiziki zorakılıq edirlər. Və bu zaman ailənin cavabı olur: “Axı o böyüyümüzdür, sus!”
Əgər ağsaqqallıq yalnız fiziki yaşla ölçülürsə, onda əxlaqsız bir qocaya göstərilən hörmət, vicdanlı bir gəncin susdurulmasına gətirib çıxarır.
Yaş insanın təcrübəsini artırsa da, bu təcrübənin keyfiyyəti və dəyərlərlə yoğrulması şərtdir. Tarixdə və bu günümüzdə 25 yaşında böyük vizion və ədalət sahibi insanlar var. Eyni zamanda 70 yaşında hələ də eqosunun, qorxularının və cəhalətinin əsiri olanlar da.
Əgər bir insan 70 il boyunca yalnız özü üçün yaşamışsa, heç kimin həyatına müsbət təsir etməmişsə, başqalarını əzməklə irəli getmişsə – bu şəxsin cəmiyyətə, ailəyə, nəslə nə kimi mənəvi mirası var? Onun yaşı ona ağsaqqallıq vermir. Onun ömür yolu dəyərlərdən yox, ehtimallardan ibarətdir.
Bugünkü gənclik artıq daha çox sual verir. Kimin “hörmətəlayiq” olduğunu yalnız yaşla deyil, davranış, ədalət və insanlıqla qiymətləndirir. Bu, hörmətsizlik deyil – bu, fərqləndirmədir.
Müasir dövrdə hörmət artıq daha çox qazanılmalı bir şeyə çevrilib. O, vəzifə ilə, yaşla, soyadla deyil, dəyərlə qazanılır. Gənclərin böyüklərə tənqidi yanaşması, onları aşağılamaq deyil – doğruların üstündə israr etmək istəyidir. Çünki artıq insanlar sadəcə “nə dedin?” demir, “niyə dedin?” deyə soruşur.
Heç bir yaş, vəzifə, cins, ailə bağları insana sonsuz hörmət toxunulmazlığı qazandırmır. Hörmət bir haqqdır, amma bu haqqın qazanılması üçün içi dolu bir şəxsiyyət gərəkdir.
Əgər bir insan gənc ikən zülm etmiş, yalan danışmış, başqalarının haqqını tapdamış və indi sadəcə yaşlandığı üçün “hörmət” istəyirsə – bu, vicdanın deyil, qorxunun yaratdığı bir susqunluqdur.
Cəmiyyətlər o zaman azad olar ki, orada hörmət seçim, qorxu yox, inam üzərindən qurulsun.
Əsl ağsaqqal olmaq – yaşlanmaq yox, yıxmadan yol göstərməkdir.
Bəzən ən böyük müdriklik yaşda deyil, vicdanın səsində gizlidir.
Cümşüdlü Mənsurə Dilavər








