- Müsahibə

Quranda “Azərbaycan” sözü və Bakı neftinə işarə…

Müsahibimiz Dünya Azərbaycanlı Alimlər Birliyinin həmtəsisçisi və həmsədri, Misirdə Azərbaycan Diasporunun sədri, 2025-ci ildə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi tərəfindən birinci dərəcəli “Elm və fənlər” ordeni ilə təltif edilən tanınmış azərbaycanlı alim Seymur Nəsirovdur.

-Seymur müəllim, Astaranın Şuvi kəndindən Misirin Əl-Əzhər Universitetinə uzanan həyat yolunuza qısa ekskurs etmək maraqlı olardı…

– Hələ ibtidai siniflərdə oxuyarkən orta məktəbdə bizə xalq mahnıları, gözəl şeirlər öyrədirdilər və özfəaliyyət dərnəyində həmin mahnıları gözəl səslə ifa edərdik. Səsimi o qədər bəyənmişdilər ki, o vaxtlar “plastinka” dediyimiz daşıyıcılara mənim səsimi yazmışdılar. Böyük tənəffüslərdə və səhərlər həmin plastinkaları qoyurdular, mənim ifa etdiyimi mahnıları bütün məktəbə yayırdılar. Hətta Astara rayonu üzrə keçirilən özfəaliyyət dərnəklərinin müsabiqəsində də birinci yerə layiq görülmüşdüm. Orta məktəbdə hər zaman dərslərimə diqqət yetirməyə çalışırdım. Hələ Sovet dönəmində dərslərimdəki uğurlarıma görə bir neçə tərifnamə də almışam. Yavaş-yavaş gələcək planlarımı qurmağa başlamışdım; həm müğənni olmaq istəyirdim, həm də elektrogitara çalmağı çox sevirdim. Özümü gələcəkdə həm bir müğənni, həm də bir gitarist kimi görmək istəyirdim. Buna görə də kənd mərkəzindəki elektrogitara dərnəklərinə qatılmağa başladım. Gitar dərslərindəki iştirakım və bu sahədə irəliləməyim atamın xoşuna gəlmədi. Bir gün atam məni yanına çağırıb dedi: “Oğul, mənim babalarım hamısı böyük alimlər, şeyxlər olublar. Bizim nəslimizdə heç vaxt müğənni olmayıb. Atam da mənə vəsiyyət edib ki, bu kommunist və sosialist dövlət quruluşu uzun müddət davam etməyəcək. Fürsət tapan kimi övladlarınıza Quranı öyrədin ki, babalarımızın yolunu davam etdirsinlər”.

İcazənizlə, burada bir haşiyəyə çıxıb sizə önəmli bir məlumat da verim… Mənim atamın babası Şeyx Şüeyb Xəlifə Nəsir oğlu olub. Bizim “Nəsirov” soyadımız da məhz ulu babamız Nəsirin adından gəlir. Şeyx Şüeyb öz dövrünün çox böyük və nüfuzlu din xadimlərindən, şeyxlərindən biri olub. Şeyx Şüeyb 1920-ci illərdə Azərbaycanın cənubunda, xüsusilə Astarada sovet işğalına qarşı baş qaldıran xalq üsyanının rəhbəri olub. Mən son illərdə Gürcüstan, Azərbaycan, Leninqrad və İstanbul arxivlərində babamla bağlı araşdırmalar apararkən çoxlu sayda arxiv sənədlərinə və rəsmi hesabatlara (raportlara) rast gəldim. Bu sənədlər məndə hazırda mövcuddur və yaxın günlərdə babamın fəaliyyəti haqqında geniş bir kitab yazmağı planlaşdırıram. Arxiv sənədlərində bir məqam çox diqqətçəkəndir: o vaxt işğalçılar babama məktub yazaraq təslim olmasını tələb edirlər. Şeyx Şüeybin onlara yazdığı cavab məktubu isə çox kəskin və qətiyyətlidir. O, məktubunda işğalçıların torpaqlarımızdan dərhal rədd olub getməsini tələb edərək, bu torpaqları heç vaxt onlara təslim etməyəcəyini bildirir. Şeyx Şüeyb özünün 500 nəfərlik müridi (tələbələri və tərəfdarları) ilə birlikdə əvvəlcə Astaranı işğaldan azad edir, daha sonra isə Lənkəran istiqamətinə yollanır. Arxiv sənədlərində qeyd olunur ki, 1921-ci ilin 21-22 fevral tarixlərində Astara ilə Lənkəran sərhədində baş verən döyüşlərdə üsyanın rəhbəri Şeyx Şüeyb qətlə yetirilir. Yalnız bundan sonra işğalçılar Azərbaycanın cənub bölgəsini tamamilə nəzarətə götürə bilirlər. Bu tarixi faktlar mənim üçün həm bir ailə mirası, həm də tariximizin şərəfli səhifələrindən biridir. Böyük babamla bağlı arxivlərdə çox sayda sənəd olsa da, ailəmiz bu dövrdə ağır sınaqlardan keçmişdir. Babamın yeddi qardaşının hamısı faciəvi şəkildə qətlə yetirilmiş, həyat yoldaşı isə bu hadisələrdən cəmi yeddi gün sonra vəfat etmişdir. Hətta babamın bacısının da aclıqdan dünyasını dəyişdiyi bildirilir.

Ümumilikdə, həmin dövrdə ailəmiz çox böyük müsibətlərlə üz-üzə qalmışdır. Bütün bu hadisələr baş verərkən mənim babam (atamın atası) cəmi altı yaşında, körpə bir uşaq idi. O, özündən on yaş böyük olan qardaşı ilə birlikdə kimsəsiz qalaraq, olduqca çətin şəraitdə yetim kimi böyüməli olmuşdur. Gənclik illərində babam İkinci Dünya Müharibəsinə çağırılmış və orada cərimə batalyonunda (“ştrafbat”) xidmət etmişdir. Müharibə zamanı ağır yaralandığı üçün hərbi xidmətə yararsız hesab edilmiş və bundan sonra doğma kəndinə geri qayıtmışdır. Bütün bu qeyd etdiklərim rəsmi arxiv sənədləri ilə tam şəkildə təsdiqlənmiş faktlardır. Atamın nəsihətindən sonra Azərbaycanda Quran hərflərini öyrənməyə başladım. Qurani-Kərimdən “Fatihə” surəsini və bir neçə digər surə və ayələri öyrəndikdən sonra onları gözəl səslə qiraət etməyə başladım. Bu, kəndimizdə hər kəsin diqqətini çəkdi və qohumlarım hələ də o günləri yaxşı xatırlayırlar. Həmin vaxtlar hər kəsə deyirdim ki, mən mütləq İslam Universitetinə daxil olacağam. Əsas məqsədim o idi ki, ali təhsilimi bitirdikdən sonra ərəb ölkələrinə gedim, bu elmi daha dərindən öyrənim və geri dönüb ulu babalarımın yolunu layiqincə davam etdirim. Elə oldu ki, mən orta məktəbi bitirən ərəfədə Bakıda İslam Universiteti açıldı və mən ora qəbul oldum. Bakı İslam Universitetində bir il təhsil aldıqdan sonra gözlənilməz bir fürsət yarandı. Misirdən təhsilimizi orada davam etdirmək üçün dəvət gəldi. Beləliklə, universitet tərəfindən Misirə göndərildim. Mənim Misirə gəlişimin və elmi fəaliyyətimin əsas yolu qısaca olaraq bu cür başladı.

-Magistraturadakı dissertasiyanızın mövzusu Azərbaycanda ərəb dili və ədəbiyyatının öyrənilmə tarixidir. Bu tarix nə vaxtdan başlayır?

-Məşhur coğrafiyaşünas alim İbn əl-Fəqih əl-Həmədaninin “Kitab əl-Buldan” əsərində qeyd etdiyi kimi, Azərbaycanın İslam fəthindən sonra bu torpaqlara Misir və Şamdan müxtəlif qəbilələr köçmüşdür. Bu köçlər Azərbaycanda ərəb ədəbiyyatının yayılmasına və xalqımızın bu ədəbiyyata olan marağının hələ o dövrlərdən formalaşmasına zəmin yaratmışdır. Mənim magistratura və doktorantura pillələrindəki əsas hədəfim hər zaman ərəb mənbələrində Azərbaycanı araşdırmaq olmuşdur. 2002-ci ildə Əl-Əzhər Universitetinin İslamşünaslıq və Ərəbşünaslıq fakültəsini bitirdikdən sonra təhsilimi Misir Fətva Evində (Dar al-Ifta) davam etdirdim. Qeyd edim ki, 2006-cı ildə keçmiş SSRİ ölkələri arasında ilk fətva icazəsi almaq məhz mənə qismət olmuşdur. Eyni zamanda, bitirdiyim fakültənin iki ixtisaslı olması sayəsində Açıq Amerika Universitetində ərəb dili və ədəbiyyatı üzrə də fəaliyyətimi davam etdirdim. Buradakı əsas məqsədim vətənimizi təbliğ etmək və Azərbaycanla bağlı olan tarixi həqiqətləri üzə çıxarmaq idi. Ərəb dili bölməsində olduğum üçün araşdırmalarımı bu istiqamətə yönəltdim. Azərbaycanla bağlı apardığım uzunmüddətli tədqiqatlar nəticəsində ərəb dili və ədəbiyyatına, xüsusən də şeir sənətinə böyük töhfələr vermiş, lakin az tanınan Azərbaycan alimlərini üzə çıxarmağa və onları dərindən araşdırmağa başladım. Bu tədqiqatlar mənim elmi fəaliyyətimin ən önəmli istiqamətlərindən birini təşkil edir. Biz Misirə ilk gəldiyimiz vaxtlarda misirlilərin Azərbaycan haqqında məlumatı çox az idi. Onların ölkəmizin harada yerləşdiyini və ya adını bilməsinə çox nadir hallarda rast gəlinirdi. Bu vəziyyət məni çox narahat edirdi, çünki digər xalqların nümayəndələri öz ölkələrini dünyaca məşhur alimlərinin adları ilə tanıda bilirdilər. Məsələn, özbəklər İmam Buxarini misal çəkirdilər və bütün Misir onu tanıyırdı.

Milli şəxsiyyətlərimizin təbliği ehtiyacı

Mən Azərbaycanı tanıtmaq üçün Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlərimizin adlarını çəkəndə görürdüm ki, təəssüf ki, burada onları tanımırlar. O zaman anladım ki, vətənimizi təbliğ etməyin ən effektiv və qalıcı yolu elmi yoldur. Bu səbəbdən də ilk illərdən bütün vaxtımı və enerjimi elmə, ərəb mənbələrini araşdırmağa sərf etməyə başladım. Ərəb dilini mükəmməlləşdirdikdən sonra tarixi mənbələrə daha dərindən müraciət etməyə başladım. Araşdırmalarım nəticəsində Azərbaycanla bağlı o qədər zəngin məlumatlar topladım ki, bu materiallar nəinki magistratura və ya doktorantura işi üçün, hətta müstəqil ensiklopediyalar hazırlamaq üçün kifayət edərdi. Bu zəngin məlumat bazasına sahib olduqdan sonra Azərbaycanın dahi şəxsiyyətlərini və böyük alimlərini bir-bir qeyd edərək, onları ərəb dünyasına tanıtmağa başladım. Məhz bu elmi yol vasitəsilə vətənimizin təbliğatını yeni bir səviyyəyə qaldırmağı özümə hədəf seçdim.

-Yeri gəlmişkən, Qurani-Kərimdə “Azərbaycan” sözünün və Bakı neftinin yer aldığını elmi əsaslarla sübut etdiyniz barədə məlumata rast gəldik. Söhbət hansı surə və ayələrdən gedir?

-Mənim ərəb mənbələri üzərində apardığım araşdırmalar zamanı qarşıma çıxan ən maraqlı məqamlardan biri Qurani-Kərimdə Azərbaycan adının keçməsidir. Belə ki, “Ğaşiyə” surəsinin 16-cı ayəsində işlədilən “və zərabiyyu məbsusə” ifadəsinin təfsiri buna sübutdur. Ötən əsrdə yaşamış, Tunis müftisi və Zeytunə Universitetinin Şeyxülislamı olmuş böyük alim İbn Aşur özünün məşhur “Təhrir vət-Tenvir” kitabında bu sözü xüsusi şəkildə izah edir.

Linqvistik təhlil

“Zərbiyyə”dən “Azərbaycan”a İbn Aşur qeyd edir ki, “zərabiy” sözü “zərbiyyə” sözünün cəmidir, “zərbiyyə” isə əslində “əzribiyyə” deməkdir. Ərəb dilinin qrammatikasına görə, əcnəbi (ərəb mənşəli olmayan) sözlər cəmlənərkən sözün əvvəlindəki “ə” saiti düşür. Beləliklə, “əzribiyyə” kəlməsi birbaşa “Azərbaycan” mənasına gəlir. Mən digər ərəb mənbələrində də Azərbaycana nisbət olaraq “əzribi”, “əzəri” və “əzərbəycani” kimi ifadələrin işləndiyini dəfələrlə müşahidə etmişəm. Digər bir mühüm məqam isə “Kəhf” surəsinin 86-cı ayəsi ilə bağlıdır. İbn Aşur həmin təfsir kitabında qeyd edir ki, Zülqərneyn günəşin batmasını Bakı şəhəri yaxınlığında, Xəzər dənizi sahillərində görmüşdür. Ayədə keçən “aynin həmiətin” ifadəsi əslində neft quyularının kinayəli adıdır. Bu ifadə dil baxımından “qara palçığa bürünmüş, saf olmayan çeşmələr” deməkdir ki, bu da birbaşa Bakıdakı neft yataqlarını və quyularını təsvir edir. Qurani-Kərimdə Allah-Taala cənnəti vəsf edərkən, insanların onu daha yaxşı təsəvvür edə bilməsi üçün bu dünyada ən çox sevilən və bəyənilən nemətlərə bənzətmələr gətirir. Əslində cənnət nemətləri tamamilə fərqli olsa da, bu üslub insanların dərk etməsini asanlaşdırmaq məqsədi daşıyır.

Cənnət xalçaları

“Zərabiyyu” və Azərbaycan “Zərabiy” (və ya “əzribiyyə”) kəlməsi cənnətdəki xalçaları ifadə edir. Tarix boyu Azərbaycan xalçaları dünyada, xüsusən də ərəb dünyasında “bir nömrəli” və ən keyfiyyətli xalçalar kimi tanınıb. Bu səbəbdən ərəblər bəzən ən yüksək keyfiyyətli xalçalara birbaşa “Azərbaycan” adı veriblər. Bizim kəndimizdə kəlağayıya çox vaxt “Gəncə” deyirlər. Bunun səbəbi isə vaxtilə Gəncədə ipəkçiliyin çox inkişaf etməsi və ən gözəl kəlağayıların məhz oradan gətirilməsidir. Zamanla məhsulun keyfiyyəti və mənşəyi elə bir hala gəlib ki, “Gəncə” deyəndə artıq hər kəs kəlağayını nəzərdə tutur. Xalçaçılıq sənətindəki böyük şöhrəti ərəb mənbələrində və dilində də öz izini qoymuşdur. Ərəblərin ən keyfiyyətli xalçalara Azərbaycan adı verməsi xalqımızın bu sənət növündəki qədim və zəngin irsinin ən bariz sübutlarından biridir.

ardı var

Söhbətləşdi: Vüsalə MƏMMƏDLİ