- Cəmiyyət

Rusiya səfiri PUA-larla bağlı insidentlərə görə Moldova XİN-ə çağırılıb

Rusiya səfiri Oleq Ozerov Moldovanın hava məkanının PUA tərəfindən pozulmasına görə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report” xəbər verir ki, bu barədə Moldova mediası XİN-in bəyanatına istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Moldova XİN sentyabrın 30-da üç pilotsuz uçuş aparatı tərəfindən ölkənin hava məkanının pozulmasını pisləyib.

XİN-dən bildirilib ki, bu PUA-lardan ikisi Moldova ərazisinə düşərək partlayıb, ən ciddi insident Orhey rayonunun Braneşti kəndi yaxınlığında baş verib. Burada reaktiv mühərriklə təchiz edilmiş “Geran” tipli pilotsuz uçuş aparatı ağaclara çırpılıb və yolun tam yaxınlığında partlayıb.