Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin layihəsi çərçivəsində Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin yeni rəssamlıq dərnəyi Tbilisidə fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, dərnəyə azərbaycanlı peşəkar rəssam, Gürcüstan Milli Rəssamlıq Akademiyasının üzvü Elman Qurbanov rəhbərlik edir.
“Alyans” GM-in direktoru Rəna Hüseynova açıqlaması zamanı deyib ki, Elman Qurbanov zəngin yaradıcılıq yolu və pedaqoji fəaliyyəti ilə ictimaiyyətin diqqətini cəlb edir.
“Biz bu cür bacarıqlı, təcrübəli rəssamın mərkəzimizdə gənclərə rəssamlığın sirlərini öyrətməsini istəyirdik. İnanırıq ki, o, bu mərkəzdə gənc nəslin estetik tərbiyəsinə, onların təsviri incəsənətin sirlərinə yiyələnməsinə və milli-mənəvi dəyərlərə hörmət ruhunda böyüməsinə mühüm töhfələr verəcək”, – deyə Rəna Hüseynova vurğulayıb.
R.Hüseynovanın sözlərinə görə, E.Qurbanovun rəhbərliyi ilə keçirilən məşğələlər yerli azərbaycanlı gənclərin istedadının üzə çıxarılmasında, onların yaradıcı potensialının reallaşdırılmasında və peşəkar rəssamlıq istiqamətində formalaşmasında əhəmiyyətli rol oynayır.
E.Qurbanov AZƏRTAC-a açıqlaması zamanı deyib ki, bu sənət növü təkcə ətraf aləmin vizual görünüşünü deyil, eyni zamanda, rəssamın fərdi dünyagörüşünü, dövrün ruhunu və estetik dəyərləri tamaşaçıya çatdırmaqda mühüm rol oynayır: “Bu gün dərnəyimizdə çalışan gənclərdə fitri istedad görürəm. Məni bura gətirən də məhz onların bu bacarığıdır. Mən kənarda qala bilməzdim və “Alyans” GM-in rəhbərliyinin dəvətini qəbul edib dərnəyə rəhbərlik etməyə başladım. Dərnəkdə çalışan uşaqlar rəssamlığa böyük həvəs göstərirlər. Onlar rəssamlıq sənətinin sirlərini həvəslə öyrənirlər. Onlar yaxşı başa düşürlər ki, bu sənətdə əsas ifadə vasitələri kimi rəng (kolorit), işıq-kölgə, xətt, kompozisiya və fakturadan istifadə olunur. Mən bu uşaqların gələcəyinə inanıram”.









