Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yeni tədris ilinin başlanması və andiçmə mərasimi ilə əlaqədar bədii proqram keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayan tədbirdə şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Aparıcılar Könül Muxtarova və Ayaz Məmmədov Ali Hərbi Məktəbin şəxsi heyətini salamlayıb, yeni tədris ilinin başlanması münasibətilə təbrik ediblər. Onlar, həmçinin hazırda dünyanın ən müasir ordusu sayılan Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadətin, qazandığı Zəfərin qürur mənbəyimiz olduğunu vurğulayıblar. Azərbaycanın Müzəffər Ordusu üçün peşəkar kadr kimi hazırlanan kursantlara dərslərində uğurlar arzulayıblar.
Sonra populyar müğənni Aysel Əlizadə kursantlar qarşısında rəngarəng konsert proqramı ilə çıxış edib.
Vətənpərvərlik ruhlu şeirlərlə, rəngarəng mahnılar və rəqs nömrələri ilə zəngin konsert proqramına populyar sənətçilər qatılaraq sevilən mahnıları ilə, beynəlxalq mükafatlar laureatı “Səma” rəqs ansamblı isə zərif və incə rəqsləri ilə izləyiciləri sevindirib.