- Köşə

Aida QASIMOVA. Mənsur ənəlhəq söylədi

Həllac Mənsurun adı Azərbaycan oxucusuna Nəsimi və Xətai şeirində mütəmadi olaraq rast gəldiyimiz məcazi bir obraz kimi tanışdır: “Mənsur ənəlhəq söylədi, həqdir sözü, həq söylədi” (Nəsimi); “Şimdi Mənsurəm, məni bir darə göndərmək gərək” (Xətai).

Yalnız ərəb deyil, fars və türk ədəbiyyatlarına da təsir baxımdan Huseyn ibn Mənsur əl-Həllac (875-922)  sufizm tarixində müstəsna yeri olan şəxsiyyətlərdəndir. Çoxsaylı mürid və ardıcılları olmasına baxmayaraq, onun bəzi ideyaları nəinki ortodoks İslam üləmasını, hətta mötədil sufiləri belə narazı salmışdır. Həllac Mənsur sərməst sufizmin (sukr) ideoloqu idi. Təsəvvüfdə ruhi sərməstlik tərəfdarları (Həllac və Bəyazid Bistami) əsas diqqəti fəna halına, ekstaz yaşantılarına, ilahi eşqi sərməst halda duymağa yönəltdikləri halda, ayıqlıq (sahv) tərəfdarlarını (Cuneyd əl-Bağdadi və onun tərəfdarları) sufizmin ayin tərəfləri, metodları, sufi əxlaqı düşündürür, onlar ilahi sevgini ayıq başla yaşamağa üstünlük verirdilər (A. Knış). Məlumdur ki, sufinin sirr saxlaması, susması (samt) fəna halındakı yaşantılarını açmaması bir şərt idi. Sərməst sufilər çox zaman bu şərti pozur, ekstaz halındakı yaşantılarını (şatahat) dilə gətirirdilər. Bu səbəbdən onlar ortodoks sufilərin tənəsinə tuş gəlirdi.

Əbu Muğis əl-Hüseyn ibn Mənsur əl-Həllac 875-ci ildə fars əyaləti olan Turda, Bayda adlanan yerdə dünyaya gəlmişdir. Onun nəslinin Məhəmməd peyğəmbərin səhabəsindən birinə gedib çıxdığı söylənilir, amma Xətib əl-Bağdadi atasının məcusi olmasını bildirir. O, Mənsur Həllac və ya Həllac Mənsur kimi məşhurdur. Həllac ləqəbinin ona atasının yun didən olmasına görə verilməsi söylənilir. Sonradan sufilər bu adı “sirləri didib çözən” kimi yozmuşlar. Belə ki, Həllac insanlarla danışarkən, onların qəlbində saxladığı gizli sirləri açıb deyirmiş (Xətib əl-Bağdadı). Həllac cavan vaxtından dini təsir altda olur, artıq on iki yaşında Quran hafizi kimi tanınırdı. Dini biliklərini və ərəb dilini daha da mükəmməl etmək üçün Tustərə gələn Həllac burada sufi dairələri ilə yaxınlaşır və məşhur sufi ideoloqu Səhl ət-Tustərinin tələbəsi olur. Daha sonra, Bəsrəyə və Bağdada səfər edir. Bəsrəyə gələrkən onun on səkkiz yaşı var idi. Burada o, Əmr əl-Məkkidən dərs alır. Rəvayət edilir ki, o, Əmr əl-Məkkinin kitablarını oğurlamış, Əmr də ona bəd-dua etmiş, “Ya Rəbbim, onun əllərini və ayaqlarını doğra,” – demişdir.  Qeyd edək ki, bəzən təzkirələrdə edam edilənlərin hansı isə bir qarğışa tuş gəlməsini bildirən bu cür xəbərlər yer alır. (Nəsimi barədə də öxşar rəvayət səslənir.) Əmr əl-Məkkinin dilindən digər bir rəvayətdə deyilir: “Bir dəfə Məkkə küçələrinin birində oturub Quran oxuyurdum. Məni dinləyən Həllac dedi: “Mən özüm də bu cür bir Quran yazıb oxuya bilərəm”. Bundan sonra mən Həllacdan üz döndərdim.” ( Xətib əl-Bağdadı).

Cuneyd əl-Bağdadi  və Əmr əl-Məkki kimi məşhur sufilərlə ünsiyyət yaradan Həllac sonradan ilahi sirləri dilə gətirdiyi üçün hər iki sufi şeyxi tərəfindən tənqid edilir. Qeyd edək ki, o, sufi xirqəsini Əmr əl-Məkkidən almışdı. Sonradan Həllac xirqəni çıxarıb əsgər geyiminə bənzəyən qəba geyinir və bununla da mötədil sufilikdən ayrıldığını ifadə edir. Bu cür geyim onun həm də sufizmi dar dairədən çıxarıb xalq arasında yaymaq məqsədinə xidmət edirdi.  Qeyd edək ki, qəbaya üstünlük verilməsi Nəsimi şeirində də əks olunub:

Şö’leyi-həq doğurmağa, cübbə, qəba gərək müdam,
Zülmət içində görünən şəms ilə bu qəmər nədir?

Ümumiyyətlə, mənbələrdə Həllacın geyiminə xüsusi diqqət yetirilir: O bəzən xristian rahibləri kimi geyinir, bəzən də adi paltarda gəzirdi. Başına yun örtük salırdı. (Əxbər əl-Həllac).

Həllacın mənəvi yüksəlişində onun həcc ziyarətləri mühüm rol oynayır. Bu ziyarətlərin birində o, bir il Kəbə məscidinin həyətində bir daşın üzərində oturub meditasiyalara qapılır. Rəvayət edilir ki, daş onun bədəninin yağından rəngini belə dəyişibmiş. Həllac ikinci həcc ziyarətinə gedərkən onu yüzlərlə müridi müşayiət edirdi. Həllacın populyarlaşmasını bəyənməyən Məkkə üləması onu yalançılıqda, cin-şəyatinlə əlaqədə ittiham edir. Həcc ziyarətlərindən sonra Türküstan və Hindistana səfər edən Həllac qayıdarkən yamaqlı əba geyinib hindlilər kimi qurşaq bağlayır. Onun Hindistana məhz sehrkarlıq öyrənmək üçün getdiyini söyləyənlər də var (Xətib əl-Bağdadı). Həllac, 902-ci ildə üçüncü həcc ziyarətini edərkən artıq xirqə deyil, yamaqlı əba geyinmişdi. Bu onun ortodoks sufizmdən tamamilə uzaqlaşıb xalq sufizmi yolunu tutmasına və radikallığına dəlalət edirdi.

Həllac pəhrizkarlıq (cu) və susmaq (samt) yolu tutur, özünü Allaha qovuşmaq yolunda bir çox məhrumiyyətlərə məruz qoyur və, nəhayət, İlahi varlıqla ruhi bir yaxınlıq halını hiss edir. Qeyd etdiyimiz kimi, sufi şeyxləri, adətən, mistik yaşantılarını gizli saxlayırdılar. Həllac bu qaydanı (samtı) pozub ilahi vəhdətdən irəli gələn duyğularını insanlarla bölüşməyə başlayır. Həticədə, mötədil sufilər ondan üz döndərsə də, Həllac bu yolla özünə bir çox mürid toplayır. Xalq onun ilahi eşq və vəcdəgəlmə ilə bağlı çıxışlarına həvəslə qulaq asırdı. Həllac hər bir kəsi qəlbinin səsini dinləməyə, Allahı öz qəlbində axtarmağa səsləyirdi (A. Knış).

Həllacın ibadət tərzi barədə bir sıra xəbərlər səslənir. Müasirlərindən biri Həllacın  evinə gedərkən onu qəribə bir vəziyyətdə ibadət edərkən görmüşdür: O, başı üstə dayanıb dua edirdi. Bu zaman onun gözləri qızarıb od kimi şölə saçırdı (Əxbər əl-Həllac).

Həllacı bəzən şiə, bəzən də sünni-hənbəli məzhəbli sayırlar. Onun Əhməd ibn Hənbəlin qəbri üzərində  ibadət etdiyi söylənilir (Əxbər əl-Həllac). Bəzən arvadı tərəfindən qərməti liderlərindən biri ilə qohumluğunu əsas götürüb, onu qərmətilikdə və şiəliyə meylli zənci üsyanına dəstək verməkdə ittiham edirdilər. Bəlkə də bu ittiham, irəlidə görəcəyimiz kimi, Həllacın bəzi şeirlərində qərmətiliyin kökündə dayanan ismaili ideyalarının əks olunmasından doğurdu. Ümumiyyətlə, Həllaca münasibət heç vaxt birmənalı olmayıb. Bəziləri onu kəramət sahibi övliya saydığı halda, digərləri onun şarlatan, sehrbaz və yalançı olduğunu iddia edirdi. Xətib əl-Bağdadi yazır ki, bəziləri onu sehrkar və dəli, bəziləri isə duaları müstəcəb olan kəramət sahibi hesab edirdi. Ortodoks sufilərdən Cuneyd əl-Bağdadı onu sehrbazlıqda ittiham etmişdir. Bununla belə, “Əxbər əl-Həllac”da yer alan aşağıdakı parçadan göründüyü kimi, Həllacın tərəfdarları da olmuşdur:

“Əhməd ibn Yunus belə rəvayət edirdi: Bir dəfə Bağdadda bir ziyafətdə idim. Cuneyd Həllac barədə pis danışmağa başladı, onu sehrbazlıqda, oyunbazlıqda və gözbağlıcada təqsirləndirdi. Məclisdə bir çox hörmətli şeyxlər oturmuşdu, amma Cuneydə olan hörmətdən heç kim onun sözlərinə qarşı çıxmadı. Bu zaman ibn Xəfif dedi: “Ey şeyx, vallah, uzunçuluq etdin. Müstəcəb dua, sirli hadisələrdən xəbər vermək gözbağlıca, şarlatanlıq və sehrkarlıq deyil axı.” Bir qrup adam ibn Xəfifin sözünü təsdiqlədi”.

Həllacın kafirlikdə ittihamında hulul, yəni Allahın insan varlığında məzhəri (inkarnasiya) ideyası əsas götürülmüş, onun “ənəlhəqq” deməsi Allahlıq iddiası kimi başa düşülmüşdür. Fəna halında ilahi yaxınlıqdan doğan və dildə ekstaz yaşantısı kimi səslənən, üləmanın kafirlik, allahlıq iddiası hesab etdiyi bu ifadə Həllac tərəfdarı olan sufilər tərəfindən müxtəlif yozumlara məruz qalmışdır. Bəziləri bu ifadəni “yalnız Allah var, mən yoxam,” bəziləri “mən Allahın sirriyəm” kimi  yozmuşdur. Həllaca haqq qazandıranlara görə, Tur dağında Allah Təala Musaya “İnni ənəllah” (Mən Allaham) demişdir. Bu zaman danışan ağac deyil, Allah idi. Bir ağac Allahın məzhəri ola bilirsə, nədən yaradılışın tacı olan İnsan ola bilməsin?” (K. Ernst). Xəbərlərdən birində deyilir ki, Həllac bir nəfərə öz kitabını bağışlamış, kitabın üzərinə “min ər-Rəhman va r-Rəhim” (Mərhəmətli və Rəhmli olandan) yazmışdır. Sonradan bu onun əleyhinə bir ittiham kimi səslənmiş, “sən əvvəl peyğəmbərlik iddiasında idin, indi isə rububiyyət (Allahlıq) iddiası edirsən!”-demişlər. Bu zaman Həllac belə cavab vermişdir: “Mən rububiyyət iddiası etmirəm. bu bizdə ayn əl-cəmi (vəhdətin özünü) ifadə edir; Allahdan başqa Yazan varmı? Mən Ona bir alət olaraq doğulmuşam.” (Xətib əl-Bağdadi).

Əslində isə Həllacın həbsi və edamı yalnız dini deyil, həm də siyasi xarakter daşıyırdı. Həcc ziyarətlərində Həllacı yüzlərlə mürid müşayiət edir, adamlar Bağdad bazar və məscidlərində həvəslə onun çıxışlarını dinləməyə yığışırdılar. Bu səbəbdən Həllac hakimiyyət üçün real təhlükə sayılırdı. Təsadüfi deyil ki, “Sübhani! Sübhani!”  deyib ekstaz duyğularını ifadə edən, amma sakit bir zahid həyatı keçirən Bəyazid Bistami Həllac kimi təqib edilməmişdir. Eləcə də “Risələt əl-ğufran” əsərində və “Luzumiyyat” divanında İslamın və Quranın bir çox müddəalarına istehza edən, amma tərkidünya həyat sürən filosof şair Əbu l-Əla əl-Məərri heç bir təqibə məruz qalmamışdır. Çünki onlar hakimiyyət üçün təhlükə yaratmırdılar. Həllac isə birbaşa xalqla əlaqədə olub ətrafına tərəfdarlar yığırdı, adı xilafət əleyhinə olan  hərəkat və üsyanlarla əlaqələndirilirdi.
Həllac barədə ittihamlarda onun İslam ayinlərini lazımınca yerinə yetirməməsi də göstərilir. Deyilənə görə, dəfələrlə həcc ziyarətinə getdikdən sonra o, Bağdadda öz həyətində Kəbəyə bənzəyən kiçik bir məbəd qurub orada ibadət edirmiş. O deyirdi ki, həccə getmək imkanı olmayanlar öz evlərində bu ayini yerinə yetirsinlər, sonra da otuz yetimi doyuzdurub geyindirsinlər və bu yetimlərin hər birinə yeddi dirhəm versinlər.  Həllacın bu sözləri düşmənlərinin əlinə onu qərmətilikdə ittiham etməyə bəhanə verdi; qərmətilər də həcc ayininə qarşı çıxmışdılar, hətta onlar Qara daşı bir bütpərəstlik nümunəsi kimi çirkaba belə atmışdılar. Bu səbəbdən Həllacı Bağdadın mərkəzində bidətçi kimi dirəyə bağlayıb yaxasından “qərməti” yazılmış lövhə asır, onu dörd gün bu vəziyyətdə saxlayırlar (A. Knış).

Beləliklə, siyasi iddiaları olan Həllac hulul ittihamı ilə 908-ci ildə həbs edilir və uzun müddət həbsdə qaldıqdan sonra 922-ci ildə vəhşicəsinə edam edilir. Onun uzunmüddətli həbsi barədə bəzi xəbərlər söylənilirdi. Tərəfdarlarından olan ibn Xəfif deyirdi ki, Həllaca həbsxanada ayrıca bir ev ayrılmış, xidmətinə nökər belə verilmişdi. Hər gün ona hər cür nemətlə dolu bir süfrə açılırdı. Həllacın yaşadığı bu evi oğru və quldurların saxlandığı həbsxanadan bir qapı ayırırdı. O hər gün bu qapıdan keçib ümumi həbsxanaya gedir, yolunu azmış adamları dinə, tövbəyə dəvət edirdi.

Nə qədər qəribə olsa da, həbsdə olan Həllacın müdafiəsinə sufilər deyil, ortodks sünniliyi təmsil edən hənbəli üləması qalxır. Hənbəlilər, çox güman ki, Həllacın sosial bərabərlik çağırışlarını, zalım və rüşvətxor məmurları lənətləməsini bəyənirdilər. Həllacın iki dəfə məhkəmədən günahsız çıxmasında, məhkəmə prosesinin 14 il çəkməsində də hənbəlilərin səyi olub.

Həllacın həbsdə olduğu müddətdə bir çox insana, o cümlədən, gənc xəlifə əl-Muqtədirə şəfa verməsi bildirilir. Əl-Muqtədirin anası Həllaca bir övliya kimi baxdığından, uzun müddət onun edamının qarşısını ala bilir. (Onların münasibəti rus çarı II Nikolayın xanımı Aleksandra Fyodrovnanın Rasputinlə olan münasibətini xatırladır.) Amma sonda yenə də mürtəce vəzirlər və üləma qalib gəlib xəlifəyə edam hökmünə imza atdırırlar.
Sufi ədəbiyyatında və “Əxbər əl-Həllac” əsərində Həllacın ölümü barədə bir sıra rəvayətlər söylənilir. Ölümü Allaha qovuşmağın bir yolu bilən Həllacın edama aparılarkən rəqs etdiyi deyilir. Onun faciəli edamı, bu zaman söylədiyi sözlər İsa əl-Məsihin çarmıxa çəkilməsini xatırladır. “Əxbər əl-Həllac”da söylənilir ki, o, çarmıxa çəkiləcəyi ağacı görərkən o qədər gülmüşdür ki, gözləri belə yaşarmışdır. Sonra adamlar arasında dostu və ideya yoldaşı Şiblini görmüş, ondan səccadəsini istəmiş, edam qabağı namaz qılmış, əl-Fatihədən sonra “Hər bir kəs ölümü dadacaqdır” (Əl İmran 185) ayəsini oxumuşdur. Sonra isə demişdir:

“(Rəbbim!) Bura yığışanlar sənin dininin təəsübünü çəkərək məni öldürməyə,  bununla sənə yaxınlaşmağa gəlmişlər. Onların günahından keç! Əgər mənə agah etdiklərini onlara agah etsəydin, onlar bunu etməzdilər. Əgər onlardan gizli tutduğunu məndən də gizli tutsaydın, mən bu cür cəfa çəkməzdim”. (Əxbər əl-Həllac).

Həllaca əvvəl qamçı zərbələri endirilir, sonra ayaqları kəsilir. Bütün bunlara mətanətlə dözən Həllac “getdiyim yerdə mənə ayaq lazım olmayacaq, mən orada Haqqa qovuşacam,” – deyir. Sonra qanından götürüb üzünə çəkir ki, bənizi solğun olmasın. Həllacın qollarını da kəsib çarmıxa çəkir, səhərisi günü boynunu vurur, cəsədini yandırıb külünü Dəclə çayına tökürlər. Bununla da üləma Həllacın tarixdə Haqq aşiqi, əzabkeş kimi iz qoymasına “nail olur”.

Bir sufi mütəfəkkiri kimi Həllacın dünyagörüşü olduqca mürəkkəbdir. Onun ideyalarında neoplatonizminin, pifaqorçuluğun, zərdüştliyin, xristianlığın və ismaililiyin izləri görünür. Allahın insan varlığında məzhəri, insanla Allahın vəhdəti  ideyası – hulul və ittihad  Həllac düşüncəsinin ana xəttini təşkil edir. “Ənəlhəqq” deyən, bununla özünün fəna halında Allahla vəhdətini iddia edən, öz fikirləri ilə ibn Ərəbinin vəhdət əl-vücüd nəzəriyyəsini qabaqlayan Həllacı həm də  transsendentalizm (tənzih) tərəfdarı kimi görürük. Həllac Allahın dərkedilməzliyini və bənzərsizliyini (tənzih) xüsusi vurğulayır və Onun elmini yalnız Özünün bildiyini göstərir:

“Allah insan qəlbinə sığmaz. Baxışlar onu görə bilməz. Onun heç bir məkanda  məskəni yoxdur. Onu təsəvvür etmək mümkün deyil.  Onu xəyalda canlandırmaq olmur. O “keyfə” (necə?) sualının fövqündədir. Onun şərh  və izahla təsvirini vermək olmur”. (Əxbər əl-Həllac).
“Əxbər əl-Həllac”da  yer alan bəzi xəbərlərdə Həllacı həm də aşkar məlaməti sufilik tərəfdarı kimi görürük. Onun fikirləri, görünür, məlamətiyyə düşüncəsinin formalaşmasına da təsir göstərib.

Orta əsr mənbələrində Həllacın onlarla əsərinin  adı çəkilir.  Onun zəmanəmizədək gəlib çatan ədəbi-fəlsəfi irsi divanından, qüdsi hədislərə bənzəyən “şatahat” adlanan deyimlərdən və “Tavasin”  əsərindən ibarətdir. Həllacın bir sıra deyimləri sonrakı müstik düşüncə tarixində dərin iz buraxmışdır: “Hər bir şeyin elmi Qurandadır. Quranın elmi surələrin əvvəlindəki (muqatta) hərflərdədir. Muqatta hərflərin elmi əlif-ləmdədir. Əlif-ləmin elmi əlifdə, əlifin elmi isə nöqtədədir”. Bu ifadə sonradan həm hürufilikdə, həm də nöqtəvilikdə əsas postulatlardan birinə çevrilmişdir.
Həllacın “Tavasin”i on bir fəsildən ibarət kiçik bir əsərdir. Ola bilsin ki, Həllac əsəri həbsdə olarkən qələmə almışdır. Əsərin adı  “ən-Nəml” surəsinin əvvəlindəki ta və sin muqatta hərflərindən alınıb. “Tavasin”də Həllac təliminin əsas müddəaları təfsilata varılmadan, qısa cümlələrlə əks olunub. Həcmcə kiçik olsa da əsərdə sufi düşüncəsinə xas Nur-i Muhamməd, İblisə münasibət və onun reabilitasiyası, insanın İlahi varlığa qovuşması, ən əsası isə “ənəlhəqq” konsepsiyası və s. məsələlər yer alır.

Əsərin birinci fəsli “Ta sin sirac” adlanır. Burada Həllac Məhəmməd peyğəmbərin ilahi kosmoqonik mahiyyətinin, Nur-i Muhamməd konsepsiyasının izahını verir.  İslamda Allah Təalanın ilk olaraq Qələmi yaratdığı  bildirilir. Həllaca görə, Məhəmmədin adı Qələmdən belə əvvəl mövcud olub. Qeyd edək ki, Həllacın bəzi fikirləri sonradan hürufilikdə daha da inkişaf etdirilmişdir. Əsərdə dönə-dönə Quranın “ən-Nur” və “ən-Nəcm” surələrindən iqtibaslar verilir. Nur surəsi “Nur-i Muhamməd” ideyasına uyğundur. Nəcm surəsi isə İnsanın ilahi varlıqla birbaşa ünsiyyətinin nümunəsidir. Bəzən bu ünsiyyətin Merac zamanı reallaşdığı rəvayət edilir. “Tavasin”də Məhəmməd peyğəmbərin Tanrı dərgahına yaxınlaşması, Ondan “iki yay uzunluğunda”  (qabə qövseyn) bir məsafədə olması, onun xilqətdə əvvəl olması kimi məsələlərə diqqət yetirilir: “Haqq onunladır. Həqiqət onunladır. İlahi vüsalda o birincidir. Nübüvvətdə isə axırıncıdır. Həqiqətin batini odur. Mərifətin zahiri odur”.
Tavasin əsərinin mühüm cəhəti burada “ənəlhəqq” deyiminin əks olunmasıdır: “Dedim ki, Onu tanımırsınızsa, Onun izlərini tanıyın. O iz mənəm. Mən Həqqəm (ənəlhəqq), çünki mən Həqqlə əbədi Həqqəm”.

Sufi rəvayətlərinə görə, bu sözlər Həllacın dilində “Tavasin”dən də əvvəl səslənib: Bir gün Həllac Cuneyd əl-Bağdadinin qapısını döyür. Cuneyd “kimdir?” – deyə soruşduqda Həllac qapı arxasından “Ənəlhəqq,” – deyə cavab verir. Bundan sonra Cuneyd əl-Bağdadi ondan üz döndərir (A. Schimmel).

Tavasin əsərində İblisin reabilitasiyası əsas mövzulardan biridir; Həllac Allahdan başqa heç kimin qarşısında səcdə qılmaq istəməyən İblisə Tanrı aşiqi kimi haqq qazandırır.  Həllac bu məqsədlə “Tavasin”də İblisi Musa peyğəmbərlə “görüşdürür”: “Musa əleyhissəlam Tur dağının ətəyində İblislə görüşdü. Musa dedi: “Ey İblis, sənə Adəmə səcdə qılmağa nə mane oldu?” (İblis dedi): “Mənə mane olan Vahid bir Məbud iddiasıdır. Əgər (Adəmə) səcdə etsəydim, mən də sənin kimi olardım. Sənə bir dəfə “Dağa bax!” əmri gəldi, sən də baxdın. Mənə isə”Adəmə səcdə qıl!” əmri gəldikdə, öz iddiamı əsas tutub səcdə qılmadım”. Musa dedi: “Amma Allahın əmrindən çıxdın”. İblis cavab verdi: “Bu, əmr deyildi, bu, bir sınaq idi”. 

Qeyd edək ki, hürufilər İblisə münasibətdə fərqli mövqe tutmuşlar. Onların fikrincə, İblis Adəmin üzündə Allahın məzhərini görüb ona səcdə etməli idi.

Həllacın poetik irsi ilahi fəna, ekstaz halında söylənilən duyğuların ifadəsi kimi maraq doğurur. Divanını Fransa alimi Massinion 1955-ci ildə Parisdə nəşr etdirib. Massinionun istifadə etdiyi əlyazma nüsxələrindən birinin Şamaxıda tapılması Həllacın Azərbaycanda populyar olmasına dəlalət edir. Bunu hər şeydən öncə Nəsimi yaradıcılığında görmək mümkündür. Nəsiminin bəzi şeirlərini “Hüseyni” təxəllüsü ilə yazması da, ola bilsin ki, onun Həllac ideyalarına bağlılığından doğub. Nəsimi şeiri Həllac ideyalarına nə qədər yaxın olsa da, aşkar bir fərq də nəzərdən qaçmamalıdır; Nəsimidən fərqli olaraq Həllac şeirində Gözəlin təsvirini, xüsusilə Onun üz cizgilərinin vəsfini görmürük. Həllac, sadəcə olaraq, ilahi eşqin tərənnümü ilə kifayətlənir. İnsan bədəninin, xüsusilə Üzün qüdsiyyət kəsb etməsi və çeşidli təsvirləri hürufiliklə bağlıdır.
Həllac şeirində qəlblə bağlı sufi təsəvvürləri, xüsusilə İlahi ad və sifətlərin intuitiv dərkində qəlbin yeri, ariflik məqamının xüsusiyyətləri, mistik sərməstlik və ilahi eşq şərabı kimi mənalar üstünlük təşkil edir. Onun aşağıdakı şeiri xəmriyyə janrındadır. Burada xatırlanan “nədim” (dost, həmbadə) ilahi varlığın mücəssəməsidir. Şeirdə aşiqlə məşuqun vüsalı xəyanətlə nəticələnən ziyafətə bənzədilir. Ola bilsin ki, şair bu şeiri edam ərəfəsində yazıb:

Nədimim heç vaxt məni incitməz.
O, bir qonaq kimi mənə şərab içirtdi.
Badə aramızda dolanarkən cəllad kötüyünü və qılıncı gətirtdi.
Əjdaha ilə yay fəslində şərab içənin sonu belə olar!

Həllacın dövründə qonaqların xaincəsinə qətli ilə nəticələnən ziyafətlər barədə bəzi xəbərlər yayılmışdı, xüsusilə Abbasilərin barışıq adı altında bəzi əməvi əyanlarını ziyafətə toplayıb qətlə yetirməsi xəbəri tarix kitablarında əks olunduğu kimi, xalq arasında da dolaşırdı. Fars əyalətləri ilə bağlı olan, hətta zərdüştliyə və manixeyçiliyə meylli Həllac Sasani hökmdarı I Bəhramın manixeyçiləri məhz bu tərzdə qətlə yetirməsindən də xəbərdar olmalı idi. Şairin İnsan-Tanrı münasibətlərini bu cür sırf bəşəri hadisələrlə əlaqələndirməsi orijinal təsir bağışlayır. Bu şeirdə çarmıxa çəkilən İsa əl-Məsihin kömək gözlədiyi Rəbbi barədə ümidsiz çağırışlarının da təsirini görmək mümkündür.

Həllacın şeirlərinin bəzi beytləri ərəb dünyasında bulmaca sayılır: “Mənim anam öz atasını dünyaya gətirib”. Və yaxud, “Mənim qızlarım qızım olmaqdan öncə bacılarım idi”. Müasir dövrümüzdə belə insanlar baş sındırır, müxtəlif nigah variantları, qohumluq əlaqələri və s. ilə bu beytlərin mənasını açmağa çalışırlar. Halbuki Həllac özü şeirlərində bildirir ki, burada nə gərdişi-dövran, nə də zinakarlıq nəzərdə tutulmur. Mənim fikrimcə, Həllac burada insan ölərkən ruhun bir bədəndən digərinə keçməsi ilə bağlı metampsixoz (tənasüx) nəzəriyyəsini əks etdirib. Kökü qədim hind və yunan mədəniyyətlərinə bağlanan bu nəzəriyyə manixeyçilikdə geniş yayılmış, sonradan bir sıra bidətçi islam təlimlərində, xüsusilə ismaililikdə özünə yer etmişdir. Bu cür ifadələr Həllacın İsmaili-qərməti tərəfdarları ilə yaxın ola bilmək ehtimalını artırır.

Həllac bəzi şeirlərində aşiqin başı üstə dayanmasını təsvir edir. Bir şeirində  “Əgər yanına gələ bilsəydim, üzü üstə qaçar, və ya başı üstə yeriyərdim,” – deyən şair  olduqca uğurlu və orijinal bir aşiq obrazı yaradılıb. Başqa bir şeirində deyir: “Vallah, əgər ruhum kimə aşiq olduğumu bilsə, o, ayaqları üzərində deyil, başı üstündə dayanardı”. Həllacın həyatından danışarkən onun özünün başı üstə dayanıb ibadət etməsi kimi bir xəbəri qeyd etmişdik. Bu ifadələrin  bir zamanlar Hindistana səfər etmiş şairin yoqaya bənzər şəxsi təcrübəsindənmi, yoxsa şəxsi həyatı barədə xəbərlərin onun şeirlərindəki orijinal ifadələrdənmi qaynaqlanmasını söyləmək çətindir. Hər iki ehtimal  mümkündür.

Sonda qeyd etmək istərdik ki, Həllacın istər öz yaşadığı cəmiyyətə, istərsə də sonrakı nəsillərə təsiri böyük olub. Ola bilsin ki, islamın donuq ehkamları ilə tərbiyələnmiş insanları cəlb edən onun ehtiraslı ilahi məhəbbət şeirləri, düşüncə orijinallığı, gözlənilməz, bəzən çox cəsarətli hərəkət və kəlamları olub. İnsanlar həmişə fərqliliyi dəyərləndirib.

 525.az